AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Boş dayansam, həyat dayanar...

Boş dayansam, həyat dayanar...

Mədəniyyət
17 Aprel 2021, 11:00 766
Oqtay Rəcəbov: "Elə mahnım var ki, onu yuxuda görüb yazmışam”

80 yaş yaradıcı insanın özü qarşısındakı hesabatıdır. Geriyə boylananda gördüyü işlərdir, xalqı üçün yazıb yaratdıqlarıdır. Bu mənada görkəmli bəstəkar, alim və pedaqoq Oqtay Rəcəbovun qürurlanmağa haqqı var. Bəstəkar kimi yaradıcılığında mahnılar, simfoniyalar, librettolar, filmlərə yazılan musiqilər, vokal və instrumental əsərləri Azərbaycan musiqisini təkcə ölkəmizdə deyil, dünyada tanıdıb. Şirin nəğmələri Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova, Flora Kərimova, Yalçın Rzazadə kimi ifaçıların dilində səslənib. "Anam Azərbaycan”, "Nəğmələr”, "Necə unudum səni?”, "Zəfəran”, "Daha nə istəyirsən” və s. mahnıları dillər əzbərinə çevrilib. Yaradıcısı olduğu İncəsənət Gimnaziyasının yetirmələri beynəlxalq miqyasda çoxsaylı uğurlar qazanıblar. İncəsənət Gimnaziyasında işlədiyi dövrdə (1992-2001) ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün opera studiyası və kinostudiya yaradılıb. Orada uşaqlar, məktəblilər opera və operetta janrında olan əsərlərdə aktyor, rejissor və operator kimi çıxış edərək qısametrajlı filmlər çəkilib. O.Rəcəbovun elmi-tədqiqat işləri onun yaradıcılığında xüsusi bir sahəni təşkil edir. 1984-cü ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, professor adına layiq görülüb.
Görkəmli bəstəkar Tofiq Quliyevin məqalələrinin birində «Qafqazın Kabalevskisi» adlandırdığı bəstəkar bu gün də yorulmadan yazıb yaradır.
Aprelin 5-də 80 yaşını qeyd edən bəstəkarın yaradıcılıq eşqi musiqini özünə sənət yolu seçən gənclərə əsil örnəkdir desək, yanılmarıq.

- Oqtay müəllim, 80 ildir ki, həyatın cığırları ilə yol gəlirsiniz - yazıb yaradırsınız. Bəs "elədiklərim bəsdir” deyib dincəlmək haqda düşünmürsünüz?
- 80 yaş zəhmət çəkmək, gecə-gündüz nəsə fikirləşmək, nəsə yaratmaq, gördüyün işlərin hansınasa nail olmaq, hansınasa nail olmamaqdır. Çətin bir yoldur, amma şərəflidir. Özüm də hiss eləməmişəm ki, 80 yaş necə gəlib. Elə bil dünən anadan olmuşam, bu gün də 80 yaşım var. Həm elm, həm bəstəkarlıq sahəsində, həm də pedaqoji sahədə çox zəhmət çəkmişəm. Bütün cığırları çətinliklə də olsa özüm keçmişəm. Heç kəs mənim üçün yol açmayıb. 80 ildə bax, bunlar olub. Elə yazdıqlarım var ki, heç yerdə üzə çıxarmamışam. Amma o şeyləri ki, yazmağı arzulamışam, onları yazmışam. Bəzən elə əsərlər olub ki, yazmışam, amma üzə çıxarmaq istəyəndə "hələ tezdir” demişəm. Düzü, bilmirəm onların zamanı haçan gələcək. 80 az yaş deyil axı. Amma bu, məni qətiyyən həvəsdən salmır.
 
- Siz simfonik əsərlər, kino üçün musiqilər, mahnılar və musiqinin digər janrlarında əsərlər yazıbsınız. Hansı janrda yazmaq daha çətindir?
- Mən Konservatoriyanı simfonik əsərlə bitirdim. Bir gün Emin Sabitoğlu ilə küçədə görüşdük. Mən də təzəcə "Qız, oğlan və şir” filminə musiqi bəstələmişdim. Filmin sifarişini Moskva telekompaniyası vermişdi, özləri də çəkmişdi. Bu mənim ilk filmlərimdən biri idi, amma birincisi deyildi. İlk filmim "Dağ çayı” adlı sənədli ekran əsəri idi. Bu filmdə Mirvari Dilbazinin sözlərinə musiqi yazmışdım. Filmdə Flora Kərimovanın əvəzsiz ifası eşidilir. Bundan sonra 22 filmə musiqi yazmışam. Cizgi filmləri, bədii, sənədli filmlər... Multiplikasiya filmlərinə musiqi yazmaq ən çətinidir. Obrazı tapmaq, ona uyğun musiqi xarakteri yaratmaq asan deyil. Ümumiyyətlə, uşaqlar üçün musiqi yazmaq ən çətinidir. Çünki yazdığın musiqi uşaqların xoşuna gəlməli, maraqlı olmalıdır. Məsələn, necə ki, uşaqlar "Cücələrim” mahnısını bir dəfə eşitməklə sözləri ilə birlikdə oxuyurlar, elə yazmaq lazımdır. Mən elə bilirəm ki multiplikasiya filmlərində buna nail olmuşam. 8 filmin əksəriyyətində Flora Kərimova çox peşəkarlıqla və istedadla oxuyub. Bədii filmlərə musiqi yazmaq, musiqi xarakterləri yaratmaq da asan deyil. Sənədli filmlər isə bunlarla müqayisədə bir qədər asandır. Mən bu mərhələlərin hamısından keçmişəm. Güman edirəm ki, pis də keçməmişəm.

- Rus bəstəkarlarından birinin müsahibəsində belə bir fikirlə rastlaşdım: "Mahnıdan hansısa hissin formalaşmasını gözləmək doğru deyil”. Düzü, bir az çaşıb qalmışam. Peşəkar bəstəkar kimi sizin fikirləriniz maraqlıdır.
- Mən onun fəlsəfəsini başa düşdüm. Görünür o bəstəkar heç nədən zövq ala bilmir. Əksinə, mahnı və musiqinin bütün növləri insanın hiss orqanlarına təsir edir. Onda duyğular, yaşamaq eşqi yaradır. Mənim 500-dən çox mahnım var. Onların da yarıdan çoxu uşaqlar üçündür. Emin Sabitoğludan "Mən hansı janrla məşğul olum?” deyə soruşanda "Sən simfoniya da, uşaqlar üçün əsərlər də yazacaqsan, Amma birinci mahnıdan başla. Çünki bəstəkarı tanıtdıran ilk növbədə onun mahnılarıdır” dedi. Mahnı xalqımızın həyatı, çətin və şad günlərimizin yol yoldaşı, yaşantılarımızın əksidir. Mahnı insanda gözəl hisslər yaradır, inkişaf etdirir, zövqünü formalaşdırır. Gözəl mahnı həyatın özü qədər gözəldir.
 
- Bəzən deyirlər ki, yaxşı mahnı bir göz qırpımında yaranır. 500-dən artıq mahnı yazan bəstəkar kimi bu sirri yəqin çoxdan çözmüşünüz...
- Mənim elə mahnım var ki, onu yuxuda görüb yazmışam. Nüsrət Kəsəmənli ilə dost idik. Bir gün onlara gedəndə Zivər Ağayeva da orada idi. Məni görən kimi bir şeir verib: "Gör, bundan nəsə çıxara bilərsənmi?” dedi. Şeir mənə çox təsir etdi. Amma birdən-birə alınmadı. Uzun vaxt keçdi. Bir gün yuxuda gördüm ki, mahnını Flora Kərimova oxuyur. Yuxudan tez qalxıb yadımda qalan notları köçürdüm, səhəri gün üzərində işlədim. O mahnı çox populyarlaşdı, klip çəkildi, təkcə bizdə deyil, Türkiyədə də oxundu. Deyirlər ki, yaradıcı insanlar Allaha yaxın insanlardır. Onların kosmosla əlaqəsi çox genişdir. Ona görə də onlara gərək diqqət və qayğı olsun.
 
- Sizin bioqrafiyanızda qeyd olunub ki, Pedaqoji Universitetin fizika fakültəsini bitiribsiniz. Musiqi ilə fizika arasında əlaqəni necə tapdınız?
- Səs özü də fizikadır, fiziki hadisədir. Bu mənada oxşar cəhətlər çoxdur. Bizi əhatə edən hər şey fizikadır. İldırım çaxır - səsdir, yağış yağır - səsdir, dəniz dalğalanır - səsdir. Səs özü də musiqidir. Göy gurultusunun, dəniz dalğalarının öz musiqisi var. Bəstəkarın adi adamlardan fərqi budur ki, o səslərin musiqisini ayırd edib yaza bilir. Mən fizika fakültəsində oxuyurdum, paralel olaraq anamın təkidi ilə musiqi ilə məşğul olurdum. Musiqi də mənə yaxın idi. Beləcə fizika ilə musiqi arasında əlaqə tapa bildim. Fizika fakültəsindən sonra aspiranturanı, daha sonra konservatoriyanı bitirdim.

- Yaradıcılığınız boyu ünsiyyətdə olduğunuz, o cümlədən tərəf müqabiliniz olan insanlar – Fikrət Əmirov, Emin Sabitoğlu, Mirvari Dilbazi, Zivər Ağayeva, Aqşin Babayev, Həsən Əbluc, həmçinin. mahnılarınızı oxuyanların çoxu artıq həyatda yoxdurlar. Boşluq çoxmu dərindir?
- Aqşin Babayevlə iki musiqili komediya- "Əlin cibində olsun” və ”Şeytanın yubileyi”ni işləmişəm. Çox istedadlı insan idi. İndi deyirəm ki, kaş sağ olaydı, 3-cü əsəri də onunla işləyəydim. Əlbəttə, boşluq hiss olunur. O insanların yeri görünür...

- İndi hansı əsər üzərində işləyirsiniz?
- Boş dayanmıram. Boş dayansam, elə bilərəm ki, həyat dayanıb. Bilmirəm, nə qədər yaşayacağam. Anamın atası 140 il yaşayıb. O Qubadan idi. Anam tərəf uzunömürlülər idi. Atam isə Şamaxıdan idi. Onların nəsli uzunömürlü deyildi.
 
- Ana tərəfinizin uzunömürlü olmasında musiqinin rolu olubmu?
- Ana babam sazda gözəl çalırdı. Hər yayda anam məni Qubaya göndərərdi. Mən onun çaldığı musiqiləri eşidərdim. Digah kəndi çox istedadlı insanlar yetişdirib. Kənddə gözəl xalq mahnıları oxuyardılar. Səhərdən-axşama qədər orada xalq mahnıları eşitmək mümkün idi. Görünür bütün bunların təsiri olub. İnsanı əhatə edən mühitdən çox şey asılıdır.

Sən yalnız çal, oxuma...

- Pandemiya vaxtı özünüzü necə qoruyursunuz?
- Kim nə deyirsə, ondan fayda götürməyə çalışıram. Ancaq pandemiya dövründə xeyli iş gördüm. Pandemiyaya qədər 7 simfoniyam vardı, indi artıq onların sayı 9-dur. Azərbaycan musiqisinə dair 680 səhifəlik ensiklopediyanı dərc etdirdim. Mədəniyyət və Təhsil nazirlikləri və Bəstəkarlar İttifaqı maliyyə dəstəyi göstərdilər. Hazırda Azərbaycan muğamları
haqqında bir ideyam var, böyük bir monoqrafiya oraya çıxarmaq istəyirəm. Bilirsiniz problem nədədir? O zaman Hacı Zeynalabdin Tağıyev Musiqili Teatrını, milyonçu Mayılov qardaşları Opera Teatrını tikdirdilər. Nədənsə indiki iş adamları bu cür xeyriyyəçi addımlara laqeyddirlər. İndi çətin dövrdür. Hər şeyi dövlətdən ummaq olmaz. Müharibədən sonrakı mərhələni yaşayırıq. Amma varlı insanlar, iş adamları yeni əsərlərin ortaya çıxmasına dəstək ola bilərlər. Arzum budur ki, onlar üzlərini sənətə tərəf çevirsinlər.
 
- Elə bir mahnınız varmı öz ifanızda daha yaxşı səslənsin. Məsələn, bəstəkar Yan Frenkel yazdığı məşhur "Durnalar” mahnısını öz səsi ilə ifaçılardan daha şirin oxuyurdu...
- Sualınıza Flora Kərimovanın bir sözü ilə cavab verim: Bir gün "Necə unudum səni” mahnısını Flora xanımın yanına aparmışdım. Çaldım qulaq asdı. Oxumağa çalışdım – qulaq asdı. 4-5 dəfə təkrar etdikdən sonra: "Oqtay, sən bundan sonra yalnız çal, oxuma” dedi. Müəllimim Fikrət Əmirovun da səsi yox idi. Bir gün yanına uşaq mahnısı aparmışdım. "Fikrət müəllim, bilirsiniz necə eybəcər səsim var?” deyincə "Sən hələ mənim səsimi bilmirsən. Sənin səsin mənim səsimin yanında toya getməlidir” dedi. Ona görə, mən ancaq yazıram, oxumalı olan müğənnilər də oxuyur...

Söhbətləşdi
Təranə Məhərrəmova