Biznesini qur, işlə, gəlir qazan

Bir neçə gün öncə Prezidentİlham ƏliyevVətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD” publik hüquqi şəxsin
yaradılması haqqında fərman imzaladı. "ABAD”
(Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılmasında məqsəd ölkənin
sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta
sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə
sosialyönümlü layihələr həyata keçirməkdir.
Eyni zamanda, "ASAN xidmət” mərkəzlərində
gənclərə yeni biznes imkanları yaradılır. Artıq "ASAN i-LAB” innovasiya
laboratoriyası hazırdır. Qurumun fəaliyyəti barədə fins.az-a Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı
və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov məlumat verib. Onun sözlərinə görə,
"i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı
layihələri cəlb edəcək. Laboratoriya həmin layihələrin reallaşdırılması, hazır
məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara
çıxarılmasına xidmət edən innovasiya rolu oynayacaq. "i-LAB” əsasən,
elektronika, robotika, proqramlaşdırma layihələrinin gerçəkləşdirməyi nəzərdə
tutur.
Kiçik maliyyə dəstəyi ilə
ideyaları biznesə çevirmək imkanı...
F.Cəfərov bildirib ki, "BAŞLA” layihəsi çərçivəsində istənilən sahəyə
aid olan kiçik biznes ideyalarının cəlb edilməsi nəzərdə tutulub. Gənclər kiçik
maliyyə dəstəyi ilə öz ideyalarını biznesə çevirə biləcəklər. Laboratoriyada
hazırlanan qurğular onların işinə yardımçı olacaq. "i-LAB” müasir
texnologiyalar əsasında hazırladığı qurğuları özəl şirkətlərə satmağı da
planlaşdırıb. Gənclər "ASAN xidmət” mərkəzlərində onlara yaradılan şəraitdən
istifadə edərək yeni ideyalarını texnologiyaya çevirə biləcəklər.
Yeni layihələr arasında "Cücələrim inkibatoru” da var. Layihədə köhnə
soyuducuların yenidən istehsala cəlb olunması və onlardan inkubatorların
hazırlanması nəzərdə tutulub. İnkubatorlar üçün soyuducular pulsuz götürüləcək.
Hələlik bu ideya ancaq Bakıda "i-LAB”da həyata keçiriləcək. Yaxın gələcəkdə isə
regionlardakı "ASAN xidmət” mərkəzlərində də bunun genişləndirilməsi, rayon
sakinlərinin məşğulluğunun təmin olunması nəzərdə tutulur. Gənclər
inkubatorlardan əldə etdikləri cücələri sata və ya digər təsərrüfatlarda
saxlayaraq bizneslərini genişləndirə bilərlər.
Daha bir maraqlı layihə isə "i-LAB store”dur. Bu, "i-LAB” çərçivəsində
istehsal edilən innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların
yerləşdiyi vahid portaldır. Gənclər burada İT və İKT sahələrində yeni
ideyalarını yerləşdirəcəklər. Portalda informasiya texnologiyaları məhsullarının
onlayn satışı da həyata keçiriləcək. Hərə öz ideyasını buradan asanlıqla sata
biləcək.
"Biznesini qur, işlə, gəlir
qazan”
Millət vəkili Vahid Əhmədov qəzetimizə
açıqlamasında bildirdi ki, ASAN xidmət brendi sahibkarlıqla məşğul olmaq, öz
biznesini qurmaq istəyənlər üçün şəffaf bir mexanizm təqdim edəcək: "Ölkə
başçısının apardığı siyasət bürokratiyanı, rüşvətxorluğu aradan qaldırmaq məqsədi
daşıyır. ASAN xidmət də bu sahədə keçən dövrdə özünü müsbət istiqamətdə fəaliyyəti
ilə göstərdi. ASAN-a etibar edilən bütün sahələrdə əməliyyatların şəffaf şəklində
icrası həyata keçirildi. Son vaxtlar banklarda yaranmış vəziyyəti, əhalinin maddi
vəziyyətini nəzərə alaraq ABAD mərkəzlərinin yaradılması haqqında sərəncam
imzalandı. Bu, müsbət addımdır. Birincisi, əsas odur ki ASAN-da hər şey şəffafdır.
Fərdi, kiçik və orta sahibkarlar, istər də ailə biznesi qurmaq istəyənlər üçün
yəqin ki müəyyən bir fond yaradılacaq və o fond çərçivəsində insanlara yardım
ediləcək”.
Millət vəkili deyir ki, bu sistem insanların ünvanlı sosial yardım
kimi ələbaxımlılıqdan xilası istiqamətində bir addım olacaq: "Əhaliyə uzun müddət
sosial yardım verirdik. Bu ildən başlayaraq ölkə başçısı Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə 6 milyon ayırdı. Məqsəd odur ki, yavaş-yavaş əhalinin
ələbaxımlılığını aradan qaldırmaq üçün təsərrüfat, iş yeri təşkil edilsin. Dövlətin
əsas məqsədi əhalisinin normal yaşayışını təmin etməkdir. Bunun üçün də müəyyən
addımlar atılır. Biri var ki insanlar ələbaxımlılığa öyrənirlər, uzun müddət
bunu gözləyirlər. ABAD isə imkan yaradır ki, biznesini qur, işlə, gəlir qazan”.
V.Əhmədov hesab edir ki, əhali bu xidmətdən yararlanmağa meyilli
olacaq: "Çünk hazırda əhalinin banklardan maliyyə almaqla bağlı problemləri
var. Amma bu xidmət şəffaf olduğu üçün əhali burada hər hansı problemlə üzləşməyəcək.
Ona görə bu mərkəzin xidmətlərindən yararlanmağa çalışacaqlar”.
Aztəminatlı ailələrə yardım
proqramının yeni mərhələsi...
İqtisadçı alim Vüqar
Bayramov da bildirdi ki, bu
addımları aztəminatlı ailələrə yardım proqramının yeni mərhələsi hesab etmək
olar: "Açıqlamalarımda hər zaman bildirirdim ki, aztəminatlı insanlara
ünvanlanan yarım proqramları keyfiyyətcə yeni mərhələyə qədəm qoymalıdır. Fərdi
sahibkarlığın inkişafı ilə bağlı proqram həyata keçirilməsinə ehtiyac var idi.
ABAD bu kontekstdən fərdi sahibkarlara və ailə biznesinin inkişafına dəstək
olacaq layihədir. Əvvəla, biz ABAD-ın təklif etdiyi xidməti, mövcud fondun təklif
etdiyi güzəştli kreditlərlə müqayisə etsək, birmənalı şəkildə fərqlidir və
üstünlüyə malikdir.
Model olaraq bir vətəndaşı götürək. Onun biznes ideyası var və fərdi
sahibkarlıqla məşğul olmaq, ailə biznesi qurmaq istəyir. Yalnız ideyası var,
pulu, biznes planı, investisiya layihəsi sənədi yoxdur, marketinq işini bilmir,
bazarı öyrənməyib. Digər fondlar, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu vətəndaşa
yalnız kredit təklif edirsə, ABAD məhz həmin ideyanı reallaşdırmaq üçün mühüm
olan bütün vasitələri təqdim edir. ABAD vətəndaşın ideyası üzərində biznes
planın hazırlanmasına yardım edəcək, həmin şəxsə marketinq, menecment və digər
istiqamətlərdə təlimlər keçəcək. Eyni zamanda, layihənin maliyyələşdirilməsi
işini də öz üzərinə götürür. Güzəştli kreditə çıxış imkanı olacaq. Digər tərəfdən,
gələcəkdə qrant formasında da maliyyə ayrılması mümkün olacaq”.
Vətəndaş əlçatanlığı…
İqtisadçının sözlərinə görə, bu xidmətlər ailə biznesi qurmaq istəyənlərin
işini asanlaşdıracaq: "Əgər Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq
üçün girova ehtiyac var idisə, güman olunur ki, ABAD-da bu problem olmayacaq.
ABAD ailə sahibkarlığının dəstəklənməsi, ailə biznesinin qurulması istiqamətində
daha yüngül şərtlərlə və daha aşağı faizlə krediti təqdim edə biləcək. İdeyası
olan, sahibkar kimi fəaliyyət göstərmək, investisiya həyata keçirmək istəyən vətəndaş
bunu reallaşdıra biləcək. Amma eyni zamanda, məhsulun sertifikatlaşdırılması
prosesinə, ixraca ABAD yardım edəcək. Bu o deməkdir ki, ABAD məhsulun istehsalından
bazara çıxarılmasına qədər bir dəyər zənciri formalaşdıracaq. Bu, yerli
istehsalın stimullaşdırmasına imkan verəcək”.
V.Bayramovun sözlərinə görə, bu xidmətlər ailə sahibkarlığının
formalaşdırılması, yerli istehsalın artırılması üçün əhəmiyyətlidir. Amma əhəmiyyətli
məqsədlərdən biri də məşğulluğun təmin edilməsi, aztəminatlı insanların öz gəlirləri
hesabına sosial vəziyyətini yaxşılaşdırmasıdır: "Bu addım məşğulluğun təmin
edilməsinə birmənalı şəkildə dəstək olacaq. Biz digər ölkələrin təcrübəsinə,
xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsinə diqqət etsək
görərik ki, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın payı
olduqca çoxdur. Xüsusilə inkişaf etmiş ölkələrdə əhalinin 70 faizə yaxını kiçik
və orta müəssisələrdə çalışır. Yeni layihə bizdə də məhz həmin məşğulluğun təmin
edilməsinə yardım edəcək”.
İqtisadçı onu da bildirdi ki, ASAN-ın nəzdində olduğu üçün bu xidmətlər
əlçatan olacaq: "Müstəqil ekspert kimi qiymətləndirməm ondan ibarətdir ki vətəndaşların
bu ideyalara, həm təlimə, kreditlərə, həm də yardıma əl çatanlığı olacaq. Ən
azından ona görə ki, bu, ASAN xidmətin yanında yaradılmış bir layihə olacaq.
Bu, xüsusilə də korrupsiya ilə mübarizə, şəffaflıq baxımından çox əhəmiyyətli
bir faktordur. ASAN regionda korrupsiyasız, tam şəffaf sistem qura bilən əsas
modellərdən biridir. Etiraf etmək lazımdır ki, əgər bu, hansısa dövlət
qurumunun yanında formalaşdırılsaydı, əlçatanlıqla bağlı müəyyən şübhələr
olacaqdı. ASAN-ın yanında olması isə vəsaitlərin şəffaf bölgüsünə inam yaradır.
Eləcə də etiraf edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bölüşdürülən
kreditlərdə şəffaflıq dərəcəsi aşağıdır. Bu da nəticə etibarilə kiçik və orta
sahibkarlığın inkişafına müsbət təsirləri azaldır. Amma ABAD-ın şəffaf və korrupsiyadan
uzaq bir mərkəz kimi fəaliyyəti gözlənilir”.
Multimedia
Mərkəzinin direktoru Osman Gündüz də atılan addımı alqışlayıb: "Bütün ölkə boyu ABAD Mərkəzləri yaranacaq.
Mərkəzlər birbaşa ailə biznesinin və kiçik sahibkarlığın inkişafına dəstək verəcək.
Belə demək mümkünsə, dövlət xidmətlərinin əldə edilməsinə yönəlik olan klassik
ASAN-nın daha təkmil, istehsala yönəlik modelinin , ASAN- ABAD-ın
yaradılmasından söhbət gedir. ABAD vasitəsilə müəyyən potensiala malik olan ailə
biznesləri, sahibkarlar seçiləcək və onlara ciddi , sistemli və asan dəstək mexanizmi
yaradılacaq. Dəstək də həm istehsal prosesinin təşkili, həm də konsaltinq və məhsulun
satışına qədər olan prosesi əhatə edəcək”.
O.Gündüzün fikrincə, hazırda, iqtisadi və maliyyə sıxıntıları, devalvasiyalar
dönəmində situasiya elədir ki, həqiqətən də regionlarda işsizlik var: "İnsanlar
bilmirlər ki hansı işin qulpundan yapışsınlar ki, böhranla üzləşməsinlər. Nə
istehsal etsinlər ki, onu asan rəsmiləşdirə, maneəsiz onu daxili və xarici
bazara çıxara bilsinlər. Bu baxımdan düşünürəm ki, ABAD-ın rolu əvəzsiz olacaq.
Bununla belə, Prezidentin fərmanından görünür ki ABAD-ın uğuru digər nazirliklərin,
İqtisadiyyat , Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Kənd Təsərrüfatı
Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu
prosesdəki rolundan da çox asılı olacaq. Amma ASAN-nın təcrübəsi göstərdi ki,
birbaşa Prezident tərəfindən siyasi dəstək olarsa, rüşvət və korrupsiya
yoxdursa, vətəndaş məmnunluğu əsas prinsip olacaqsa, orda mütləq uğur olacaq”.
Aygün
Asimqızı
