AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Biznesdə əsas hədəf

Biznesdə əsas hədəf

İqtisadiyyat
20 Fevral 2021, 15:00 546
Son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə daha iki dəfə böyümə planı var
 
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi...

Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Burada əsas diqqət ölkə vətəndaşlarına, onların sosial problemlərinə ayrılır. Ancaq bütün bunlar müvafiq maliyyə tələb edir ki, bu da iqtisadi artım olmadan mümkün deyil.
 
Üstəlik, iqtisadi inkişaf yenilikçi və təsirli özəl təşəbbüslərdə görülür. Bu səbəbdən prezident dövlət-özəl tərəfdaşlığın gücləndirilməsinə, yenilikçi özəl sektorun fəaliyyətinin canlandırılmasına və qeyri-neft sektorunun maliyyələşdirilməsində payının artırılmasına çağırır. Özəl sektora xüsusi diqqət yetirilir. Bu səbəbdən özəl sektorun, xüsusən də kiçik və orta sahibkarlığın iqtisadi böyümənin və məşğulluğun əsas mənbəyinə çevrilməsi üçün iş mühitinin yaxşılaşdırılması lazımdır.
Bəs ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır? Kiçik və orta sahibkarlığın inkişafına mane olan amillər hansılardır?
Son bir ildə COVID-19 pandemiyası qlobal iqtisadiyyata böyük ziyan vurdu. Azərbaycanda ciddi itkilərin qarşısını almaq üçün hökumət milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə yardım etdi, vergi güzəştləri və digər mexanizmlər təcili şəkildə işə salındı. Buna baxmayaraq, qlobal iqtisadi tənəzzülün təsiri nəticəsində ölkənin ÜDM səviyyəsi 4,3 faiz azaldı. Bu isə əsasən Azərbaycan tərəfindən OPEC + sazişi çərçivəsində neft hasilatını azaltmaqla bağlı öhdəliklərin götürülməsi ilə əlaqədardır.
 
Keçən il dövlət başçısı adından sahibkarlara 358 milyon manat məbləğində dəstək verildi. Əlavə 115 milyon manat da sahibkarlara güzəştli kredit şəklində verilib. COVID-19 pandemiyasının nəticələrini minimuma endirmək üçün tədbirlər çərçivəsində il ərzində iş adamlarına 169 milyon manat məbləğində zəmanətli kredit verildi. Həmçinin sahibkarlara 33 milyon manat faiz subsidiyası verilməsinə də qərar verildi.
 
Pandemiyanın nəticələrinin aradan qaldırılması, iqtisadi aktivliyin bərpası, kiçik və orta sahibkarlığın aktiv fəaliyyətinə qayıtmaq bu il hökumətin qarşısında duran əsas prioritet sahələrdir. Bu cür irimiqyaslı proqramların qısa müddətdə həyata keçirilməsi iş üslubuna və metodlarına yenidən baxılmasını tələb edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib ki, ilk növbədə iqtisadi fəallığın bərpa edilməsini hədəflənir: "Çalışacağıq ki, postpandemiya dövründə, qısa müddət ərzində, sahibkarlıq subyektlərinin iqtisadi aktivliyi və gəlirlərin ilkin səviyyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar yeni iş yerlərinin yaradılmasına təkan verməlidir”.
 
Özünün sosial media hesabında isə nazir qeyd edib ki, Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılacaq: "Kiçik və Orta Biznesin (KOB) ÜDM-in formalaşmasında əhəmiyyətli mövqeyə malik olması, dövlət satınalmalarında iştirakının təşviqi və biznesə münasibətdə şəffaflıq üçün tədbirlər həyata keçiriləcək”.
Göründüyü kimi, hökumət ÜDM-in formalaşmasında kiçik və orta sahibkarlığın dominant mövqeyini nəzərdə tutur. İqtisadçı ekspertlər hesab edir ki, KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli və bu müəssisələr dövlət sifarişlərində daha çox iştirak etməlidirlər. Haqsız rəqabətə səbəb olan hallar dayandırılmalıdır. Bunun üçün əsaslı islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcəkdir. Bundan əlavə, sahibkarların maliyyə imkanları genişləndirilməlidir. Ticarət təşviqi vasitələri də nəzərdən keçirilir. Yeni özəlləşdirmə proqramının həyata keçirilməsi, birbaşa xarici investisiyaların təşviqi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Dövlət və özəl sektor arasında tərəfdaşlıq çərçivəsində dövlət investisiya proqramları genişləndirilməlidir.
 
Böyük Britaniyanın nüfuzlu "The London Post” qəzeti "Azərbaycan ən yaxşı investisiya məkanıdır” başlığı ilə dərc edilmiş müəllif yazısında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirir ki, son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə daha iki dəfə böyümə hədəfi var:  ""Dünya investisiya hesabatı - 2020”-də  2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən Top-3 keçid ölkəsindən biri kimi qiymətləndirilən Azərbaycan, həm də "Doing Business” hesabatında ən islahatçı 10 ölkədən biridir. Regionda dördüncü sənaye inqilabının ilk mərkəzini yaradan və davamlı inkişaf indeksinə görə lider olan Azərbaycanda əlverişli biznes mühiti, təklif edilən özəlləşdirmə gündəliyi və dövlət-özəl əməkdaşlığı imkanları, həmçinin Qarabağda bərpa prosesi yeni investisiya dalğası yaradacaq. Azərbaycanın müəllifi olduğu yeni regional arxitektura, kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin sərmayə cəlbediciliyini artırıb”.
 
V.Qasımlı məqalənin yekununda bildirib ki, dünyada ÜDM-ə nisbətdə ən az xarici borca və ən çox strateji ehtiyatlara, həmçinin sabit valyuta və aşağı inflyasiyaya malik olan Azərbaycanda xarici sərmayələr üçün təşviqlər və qarantiyalar mövcuddur. 
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında da vurğulayıb ki, Azərbaycanın sərmayə mühiti olduqca münbitdir: "Dünya Bankının hesabatına əsasən, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır və bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb olunması bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”.
 
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, son illər Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsinin azalması, həm də biznes mühitinin yaxşılaşdırılması müşahidə olunur: "Biznes mühitinin yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Eyni zamanda, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı ölkə prezidentinin tapşırıqları var. Dünya Bankının biznes hesabatına görə, Azərbaycan ən yaxşı mövqeyə sahib olan 30, ən çox islahat aparan 10 dövlətdən biridir. Bu isə ondan xəbər verir ki, son illər aparılmış islahatlar Azərbaycanda biznes mühitinə təsir göstərib. Amma təbii ki, biznes mühitinin yaxşılaşdırılması strateji bir yanaşmadır. Burada islahatların ardıcıl olması və müvafiq fəaliyyətlərin davam etməsi vacibdir”.
 
Aygün