• cümə, 29 Mart, 17:20
  • Baku Bakı 14°C

“Biznes mühitinin daha da yaxşılaşdırılması əsas hədəflərimizdən biridir”

20.09.17 10:45 1897
“Biznes mühitinin daha da yaxşılaşdırılması əsas hədəflərimizdən biridir”
"Doing Business” hesabatı üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı 2017-2018-ci illər üzrə Tədbirlər Planı təsdiq edilib. Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib. Ekspert Vüsal Musayev bildirir ki, hazırlanmış Tədbirlər Planını Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamı ilə yaradılmış "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı” Komissiyanın 1 illik fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirmək mümkündür:"Komissiyanin təsdiq etdiyi Tədbirlər Planı da məhz Azərbaycanda biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılması, rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsi istiqamətində hədəfyönümlü addımların atılmasına xidmət etmək məqsədi daşıyır. Bu da öz növbəsində, bu sahə üzrə davamlı dövlət siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilə bilər”. Ekspertin qənaətincə, Tədbirlər Planının tərkib hissəsi olaraq "Doing Business” indeksinin 9 alt indikatoru üzrə islahat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar qanunvericilik indikatorları, praktiki-administrativ tətbiq indikatorları və makro-iqtisadi indikatorları əhatə edir.
Tədbirlər Planı çərçivəsində atılacaq addımlar sırasında, əsasən, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib.
V.Musayev bildirib ki, "Doing Business” hesabatının əvvəlki illər üzrə göstəricilərinə nəzər saldıqda, adıçəkilən istiqamətlər üzrə istər qanunvericilik bazası, istərsə də administrativ tətbiq sahəsində inkişaf etdirilməli məqamların olduğu gözə çarpır: "Misal olaraq, Azərbaycan tikintiyə icazələrin verilməsi sahəsində "Doing Business 2017” reytinqinə əsasən 127-ci yerdə qərarlaşıb. Bunun başlıca səbəbləri kimi baş planın və ya ərazilərin müfəssəl planlarının olmaması, tikintiyə icazə verilməsi prosedurlarında çoxlu sayda ayrı-ayrı qurumların təmsil olunması, elektron müraciət sisteminin olmaması, bir pəncərə sisteminin tətbiq edilməməsi və s. kimi amilləri qeyd etmək mümkündür. Bu kimi çətinliklərin effektiv şəkildə aradan qaldırılması isə tikinti sektoru üzrə təkmilləşdirmələrə nail olunmasında həlledici rol oynayacaq”.
O, oxşar çətinliklərin bu və qeyd edilən digər istiqamətlər üzrə, misal olaraq, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində də mövcud olduğunu deyir. Belə ki, bu sahədə elektrik enerjisi paylama sistemlərinin xəritəsinin yaradılmasında Coğrafi İnformasiya Sisteminin (GİS) tətbiq edilməsi, elektrik enerjisi təchizatında kəsintilərlə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə kəsintilərə görə limitlərin müəyyənləşdirilməsi, kəsintiyə görə istehlakçıya kompensasiyaların, təchizatçıya cərimələrin müəyyən edilməsi məsələləri üzrə müşahidə edilən bir sıra çətinliklərin effektiv tətbiq mexanizmləri vasitəsilə aradan qaldırılması ölkəmizin asanlıqla hazırkı mövqelərdən dünyanın bu indikatorlar üzrə qabaqcıl ölkələri sırasına yüksəlməsi prosesinə öz töhfəsini verəcək.
Ekspert hesab edir ki, Tədbirlər Planı çərçivəsində görüləcək işlərin sadəcə "Doing Business” reytinqi üzrə arzuolunmaz mövqelərdə qərarlaşmış indikatorlar üzrə deyil, eyni zamanda Azərbaycanın davamlı olaraq böyük nailiyyətlər əldə etdiyi indikatorlar (əmlakın qeydiyyatı, vergilərin ödənişi və s.) üzrə də davam etdirilməsi məqsədəmüvafiq addım kimi qiymətləndirilməlidir. Tədbirlər Planı da məhz qeyd edilmiş çətinliklərin aradan qaldırılmasına və əldə etdiyimiz nailiyyətlərin daha da yaxşılaşdırılmasına xidmət etmək məqsədi daşıyır: "Tədbirlər Planının kompleks şəkildə effektiv implementasiyası isə Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarındakı mövqelərinin daha da yüksəldilməsi ilə yanaşı, ölkənin ümumilikdə biznes və investisiya mühitinin daha da inkişaf etdirilməsində, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasında müsbət rol oynaması gözləniləndir”.
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, tədbirlər planı qarşıya qoyulan konkret vəzifələri müəyyənləşdirir: "Buna uyğun olaraq da işçi qrupu yaradılıb. İşçi qrupunun əsas funksiyası məhz "Doing Business” daxil olmaqla beynəlxalq hesabatlarda Azərbaycanın yerinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. O baxımdan deyə bilərəm ki, "Doing Business” Azərbaycan üçün çox vacib hesab olunan məsələlərdən biridir. Nəticə etibarilə "Doing Business” həm ölkə ilə bağlı məlumatın müəyyənləşməsi, həm də ölkəyə investisiyanın cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu həm də ölkə və ölkənin iqtisadiyyatı, onun investisiya imkanları ilə bağlı fikirlərin formalaşması və eləcə də ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından çox vacibdir. Çünki xüsusən post-neft dövründə ölkəyə daha çox sərmayələrin cəlb edilməsinə daha çox ehtiyac var. Bildiyiniz kimi, qeyri-neft sektorunun inkişafı birbaşa olaraq cəlb edilən xarici sərmayənin həddindən asılı olaraq müəyyənləşəcək. Bu baxımdan "Doing Business”-də Azərbaycanın imicinin yaxşılaşdırılması prioritet məsələlərdən biridir və Azərbaycan öz imicinin yaxşılaşdırılmasında maraqlıdır. Güman edirəm ki, tədbirlər planının təsdiq edilməsi Azərbaycanın "Doing Business”-də olan yerinə ciddi təsir göstərə bilər. Düzdür, bu, mərhələli prosesdir. Tədbirlər planı hələ yeni təsdiq olunub və həmin il "Doing Business” hesabatında bizim yerimizin kəskin dəyişəcəyini gözləmək bir qədər düzgün olmaz. Çünki tədbirlər planının həyata keçirilməsi mərhələli şəkildə və hesabatın prinsiplərinə uyğun olaraq aparılır. Burada əsas məqsəd Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına nail olmaqdır. İşçi qrupunun yaradılması, tədbirlər planının təsdiq edilməsi ondan xəbər verir ki, Azərbaycan "Doing Business” daxil olmaqla digər beynəlxalq hesabatlarda da öz mövqeyinin yaxşılaşdırılması istiqamətində daha sistemli fəaliyyət həyata keçirmək niyyətindədir. "Doing Business”-in xüsusi metodologiyası var. İndi həmin metodikaya uyğun olaraq tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Burada qiymətləndirmə əsasdır. Qiymətləndirmə ilə paralel olaraq həm də iş adamları arasında keçirilən sorğular və digər formalarda aparılan yoxlamalar da nəticələrə təsir edir. Hesab edirəm ki, "Doing Business” metodologiyasına uyğun olaraq qiymətləndirmənin həyata keçirilməsi çox vacibdir. Çünki bu istiqamətdə mövcud metodologiyaya uyğun fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Biznes mühitinin daha da yaxşılaşdırılması isə əsas hədəflərimizdən biridir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər