• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

Bişkek və Astana arasında qalmaqal

22.09.17 09:00 1259
Bişkek və Astana arasında qalmaqal
Qırğızıstan Xarici İşlər Nazirliyi Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Respublika-Ata Yurd” parlament fraksiyasının rəhbəri Omurbek Babanovla görüşünü ölkənin daxili işlərinə qarışmaq və seçki kampaniyasının pozulması cəhdi kimi qiymətləndirib. Notanı təqdim etmək üçün Qazaxıstanın bu ölkədəki səfiri Rımtay Kiribjanovu XİN-ə dəvət ediblər. Bişkek hesab edir ki, oktyabrın 15-də keçiriləcək seçkilər ərəfəsində belə bir görüşün keçirilməsi yolverilməzdir. Notada qeyd edilir ki, Babanovla görüş ona dəstək verilməsi anlamına gəlir. "Qırğızıstan tərəfi görüşdə verilən bəyanatları və bu görüşün Qazaxıstan tərəfdən geniş işıqlandırılmasını Qırğızıstan xalqının seçiminə təsir göstərmək cəhdi, Qırğızıstanın daxili işlərinə müdaxilə hesab edir”, - nazirlik bildirib.
Bu görüş zamanı Nazarbayev deyib: "Qırğızıstanın müstəqilliyi illərində mən sizin bütün prezidentlərinizlə məhsuldar işləməyə çalışmışam. Biz qırğız xalqının etibar edəcəyi yeni prezidentlə də səmərəli əməkdaşlığı davam etdirəcəyik”. Babanov bunun qarşılığında bildirib ki, o öz ölkəsinin baş naziri olduğu vaxtlarda Nazarbayevdən bütün mümkün olan köməyi görüb.
2011-2012-ci illərdə baş nazir olmuş Babanov Atambayevin dəstəklədiyi namizəd, ötən ay baş nazirlikdən istefa vermiş Sooronbay Jeenbekova əsas rəqib sayılır. Belə bir hal qırğız tarixində ilk dəfə deyil ki, yaşanır. Qırğız müxalifət hərəkatı - "Janl muun”un (yeni nəsil) nümayəndəsi Adil Turdukulov vəziyyəti şərh edərək bildirib ki, 2011-ci ildə "Ata Yurd” partiyasının nümayəndələri də Nazarbayevlə görüşmüşdülər. Həmin vaxt isə sabiq baş nazir Feliks Kulovu Moskvada prezident Dmitri Medvedyev qəbul edirdi. "Maraqlıdır ki, o zaman bu, diqqətdən kənarda qalmışdı. İndi isə yalnız Nazarbayevlə görüşə görə narazılıq ifadə edilir. Bu səbəbdən də ikili standartlar məsələsi ortaya çıxır”, - deyə Turdukulov Rusiya nəşrlərinə müsahibəsində bildirib. Onun qənaətincə, Atambayevin prezidentliyi dövründə Qazaxıstanla Qırğızıstan arasında münasibətlər o qədər pisləşib ki, Nazarbayev Babanovla görüşməli olub. Digər tərəfdən, Qazaxıstan Babanova hələ 2012-ci ildə dəstəyini bildirib. O zaman baş nazir kürsüsündə olan Babanov Astanada baş nazir Kərim Məsimovla görüşmüşdü. Qırğızıstanın "Alibi” nəşrinin məlumatına görə, məhz o zaman Babanova gələcəkdə prezident seçkilərində dəstək göstərilməsi barədə razılıq əldə olunub. Bu faktı rəsmən heç kim təsdiq etmir, lakin təkzib edən də yoxdur.
Bir sıra ekspertlər hesab edirlər ki, bu görüş Babanov üçün "qara piar” rolunu oynayır.
Qırğız siyasi analitiki Denis Berdakov hesab edir ki, Bişkekin qazax prezidentinin qırğız siyasətçisi ilə görüşünə olan reaksiyasına birmənalı qiymət vermək olmur. "Əvvəlcə qırğız tərəfi təəccübünü ifadə etdi və hesab etdi ki, görüş Moskva və Astana arasında razılıq əldə olunmamasının nəticəsidir. Belə ki, bir müddət əvvəl Atambayevin Putinlə görüşü baş tutub və qırğız tərəfi bu görüşdən razı qalıb. Lakin kiçik bir pauzadan sonra Bişkek Astana tərəfindən ona atılan mesaj barədə danışmağa başlayıb”, - deyə o bildirib.
Denis Berdakov Babanovun Nazarbayevlə görüşünün seçkiqabağı kampaniyaya mənfi təsir edəcəyindən narahatdır. "Əgər dünən Babanovun bu addımı xalq arasında "güclü gediş” kimi qiymətləndirilirdisə, bu gün artıq Qırğızıstanın Qazaxıstanın bir əyalətinə çevrildiyi barədə danışmağa, Babanova isə onun qazax vətəndaşı olduğunu xatırlatmağa başlayıblar. Baxmayaraq ki, heç kim onun belə bir vətəndaşlığının olub-olmadığı barədə dəqiq məlumata malik deyil. Bundan əlavə, onun xanımının qazax əsilli olduğunu vurğulanmağa başlayıblar. Hətta onun tərəfdarları barədə tərəddüdlər başlayıb”, - deyə ekspert bildirib.
"Şərq-Qərb Strategiyası” Mərkəzinin baş direktoru Dmitri Orlov Facebook səhifəsində yazıb ki, "kimlər ki özünü piarşik adlandırır, öz peşələrindən elə indi gedə bilərlər. Xüsusən də qara piar üzrə özlərini mütəxəssis adlandıranlar”. Denis Berdakov isə hesab edir ki, bu görüşlə qırğız qanunvericiliyi pozulmayıb və bu da o deməkdir ki, Babanov üçün bu görüşün mənfi nəticələri olmayacaq. "O, Nazarbayevlə ölkə hüdudlarından kənarda görüşüb və bu barədə xəbər qazax KİV-lərində və sosial şəbəkələrdə getdi. Bütün bunlar isə ölkə qanunvericiliyinə zidd deyil. XİN-in narahatlığı ondadır ki, burada seçki kampaniyasına zidd elementlər müşahidə edib. Qanuna zidd nəsə yoxdur, yəni oyun tər-təmiz qaydada gedir”, - deyə Berdakov vurğulayıb. O bildirib ki, prezident kürsüsü uğrunda mübarizə bütün mümkün vasitələrlə aparılır və bu səbəbdən də hər bir namizədin real qələbə qazanmaq şansı var. "Görünən odur ki, ikinci tur mütləq olacaq. Liderlərin şansları başa-baş qiymətləndirilir. Namizədlərdən hər hansı birinin 50 faizlik səsi toplamaq şansı yoxdur. Lakin səsverməyə 25 gün qalıb və vəziyyət ola bilər dəyişsin. Seçkilər həm də onunla maraqlıdır ki, indiyə qədər ölkədə bu formada qütbləşmə qeydə alınmamışdı. Hətta pul belə əsas faktor rolunu oynamır. Baxmayaraq ki, hər iki namizəd lazımi səs toplamaq üçün istənilən qədər pul sərf etməyə hazırdır”, - deyə ekspert vurğulayıb.
Adil Turdukulovun qənaətincə, Nazarbayev və Babanovun görüşünə seçkiqabağı təbliğat kampaniyasının qanunsuz aparılması nöqteyi-nəzərindən baxmaq gərəkdir. Onu da qeyd etmək gərəkdir ki, Nazarbayev qırğız siyasətçini qəbul etməklə bir növ öz postunu tərk edən Almazbek Atambayevin yerini tutacaq şəxsə qarşı demarş edib. "Qırğızıstan XİN-in notası hakimiyyətin namizədi Sooronbay Jeenbekovun düşərgəsində təşviş və həyəcanın başlamasına oxşayır. O, tam şəkildə inzibati resurslara malikdir - lakin bu resursların ona qələbə qazanmaqda nə qədər kömək olacağı açıq qalır”, - deyə ekspert bildirib.
Yeri gəlmişkən, qazax tərəfi notaya cavab verib və Bişkekin bu görüşdən narahatlığının başadüşülən olmadığını bəyan edib. Belə bir praktikanın dünya təcrübəsində də baş verdiyi bildirilib. Xatırladaq ki, 2007-ci ildə prezident seçilmiş Atambayev Qırğızıstan Konstitusiyasına uyğun olaraq ikinci müddət üçün namizədliyini verə bilməz. 15 oktyabr seçkisində iştirak etmək üçün 15 namizəd qeydə alınıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər