• cümə axşamı, 29 may, 11:15
  • Baku Bakı 20°C

“Biri vardı, biri yoxdu...”

13.06.16 11:06 6254
“Biri vardı, biri yoxdu...”

Uşaqlıqdan "Biri vardı, biri yoxdu”yla başlayan, "Göydən üç alma düşdü” sözləri ilə qurtaran nağılları eşidə-eşidə böyümüşük. Bəzən özümüzü nağıl qəhrəmanlarına bənzətmiş, bəzənsə özümüz üçün nağıl qəhrəmanları uydurmuşuq. Nağılların arxasında hansı sehrin durduğunu anlamağa çalışmışıq. Nağıllı dünyanı bəzən gerçək bilmişik. Şifahi xalq ədəbiyyatı nümunələrini, ayrı-ayrı nağıl kitablarını oxumuşuq. Nənələrimizin danışdığı nağılları dunləmişik. Bəzən böyüdükcə də nağıll dünyasından qopmamışıq. Nağıllara inanmasaq da, şirinliyi bizə xoş gəlib.Uşaqlıq dünyamızın nağılları daha yoxdur. Bu günün uşaqları o nağıllarla böyümürlər. Hətta bəzən valideynlər uşaqlar üçün nağılların yazılmamasıından gileylənirlər.

"Müzakirə”mizdə "Nağıl nədir?”, "Müasir nağıllar yazılırmı?” suallarına cavab axtardıq.

Nağıllar öz uşaq oxucusunu tapmırsa...

Uşaq yazarı Gülzar İbrahimova isə müasir nağılların yarandığını hesab edir: «Bizim ölkəmizdə istedadlı yazarlar çoxdur. Hətta biz uşaqlar arasında müsabiqə keçirdik və nəticədə məlum oldu ki, nağıllar həmişə yaranır. Fantaziya həmişə var. İnsanlar inkişaf edir. Hətta hər hadisəni uyğunlaşdırıb müasir nağıllara çevirirlər». Yazar hesab edir ki, həmin nağılların çap paroblemi var: «Yazıçı nağıl yazanda kağızlar onun əlində qalır. Tutaq ki, nağıl yazıldı, yazıçı onu necə çap etdirəcək? Və yaxud kitabı öz vəsaiti hesabına çap etdirdi, satışdan həmin pulu toplaya biləcəkmi? Satıcı yazıçıdan nağılı ala bilirmi? Mədəniyyət və Turizm Nazirliyi həmin çapı öz boynuna tamamilə götürürmü? Əgər yazıçının yazdığı kitab onun evində yığılıb qalırsa, nağılların getməyə yeri yoxdursa, onlar öz uşaq oxucusunu tapmırsa, demək, həmin nağıllar yazı masalarının üstündə qalır. Sadəcə, prosesi yoluna qoyan yoxdur ki, nağıllar ünvanına çatsın. Bu, bizim böyük problemimizdir». Yazar hesab edir ki, bu gün nağıl yazanlar da, nağılı oxumağa həvəskarlar da çoxdur. Eləcə də uşaqların arasında çoxlu nağıl yazanlar var: «Bu gün nağıllar müasir uşaqların zövqünə görə yazılmalıdır. Hər dövrün öz oxucusu var. Bu günün oxucusu fərqlidir. Onları Məlikməmmədlə, Cırtdanla, Qoğalla maraqlandıra bilmərik. Əgər Nizami Gəncəvi o dövrdə «Xeyir və Şər» əsərini yazıbsa, o dövrə uyğun yazıb. Müasir yazarlar da yazdıqları nağılları indiki dövrə uygun yazmalıdırlar».

Sualımızla bağlı fars nəsrində magik realizmin əsasını qoymuş Sadiq Hidayətin "Dirilik suyu” hekayəsini xatırlayan yazar Kənan Hacı hesab edir ki, bu gün doğrudan da bizi özümüzə tanıdan, tariximizi xatırladan və bu günümüzün gerçəklərini ibrətamiz formada oxucuya çatdıran nağıllara ehtiyac var: "Hekayə "Biri vardı, biri yoxdu” ilə başlayır və rəvayət təhkiyəsi ilə sonadək davam etdirilir. Yazıçı bir hekayədə o qədər dərin mətləblərə toxunur ki, böyük də, kiçik də bu mətndən öz payını götürür. Bu hekayədə cəmiyyətə bir mesaj var, yazıçı humanizm və insan azadlığının vacibliyini bu rəvayət vasitəsilə sadə dillə oxucuya çatdırır. Azərbaycan ədəbiyyatında Anarın "Yaxşı padşahın nağılı” kimi gözəl bir hekayəsi var. O vaxt rəhmətlik Nüsrət Kəsəmənli yazırdı ki, "daha nağıllara inanmıram mən”. Yazarın fikrincə, indiki dövrdə nağılların yaranmaması bəlkə də insanların idealizmdən uzaq düşməsiylə bağlıdır: "Amma unuduruq ki, ən böyük həqiqətlər çox vaxt nağıllarda gizlənir. Səməd Behrənginin "Balaca qara balıq” hekayəsini xatırlayaq. Həqiqət axtarışına çıxmış və bu yolda nə qədər çətinliklərlə üzləşmiş balıq başqa balıqların da həyatını təhlükədən qurtarır. İndiki dövrün uşaqları nağıl yox, fərqli estetikanın təsiri altına düşür. Məsələn, mobil telefonlardakı şiddət aşılayan, aqressiya yaradan müxtəlif oyunlar onları daha çox cəlb edir, bu da uşağın psixologiyasını zərərli səmtə yönəldir, beyni inkişafdan saxlayır. Uşaq zehni yox, fiziki gücünü artırmaq haqda düşünür. Amma uşaqların dünyanı dərk etməsi, zehni inkişafı məhz nağıllardan başlayır”. K.Hacının fikrincə, təkcə uşaqların deyil, böyüklərin də çox vaxt nağıla ehtiyacı olur: "Xanım yazarlarımızdan bir neçəsi bu sahədə davamlı çalışırlar. Amma valideynlərin rolu əsasdır, nağılla böyüyən uşaqlarda sağlam təfəkkür formalaşır. Onlarda suallar yaranır və bu sualların axtarışı zehni inkişafı sürətləndirir”.

Nağıllar çox vaxt obrazlara görə sevilir

«Abdin» kitab nəşriyyatının direktoru Rafiq İsmayılovun fikrincə, nağıl yazan olmadığı üçün müasir nağıllar da yaranmır: «Bizim yazarlar da çox vaxt nağıllar yazanda uşaq səviyyəsinə enə, uşaq psixologiyasını tuta bilmirlər. Xaricdə yaranan nağıllardan görürsünüz ki, uşaqlar nələrə meyil edirlər. Bəzi standartlar var ki, müəlliflərə onlardan istifadə etməyi tövsiyə edirəm. Məsələn, müşahidələr göstərir ki, «nənə babadan, baba nənədən» sözlərinin işlənməsi uşaqlara xoş gəlir. Bəzi yazıçılar bunu primitiv hesab edirlər. Onların fikrincə, artıq bu ifadələrin dövrü keçib. Nağıl kompozisiyalarında elə elementlər var ki, onları saxlamaq lazımdır. Planşetdə işləyən müasir uşağa divi, əjdahanı bir qədər başqa cür çatdırmağa ehtiyac var. Onlar üçün müasir divlər, müasir əjdahalar etmək lazımdır”. Naşirin fikrincə, necə ki, Şreki müasirləşdirib və uşaqlara doğmalaşdırıblar, bütün bu texnologiyaları öyrənən və öz yaradıcılığında tətbiq edən müəlliflər çox azdır. Bu baxımdan, uşaqların sevdiyi nağıllar yaranmır: "Söhbət nağıldan gedirsə, mənim fikrimcə, həmin dövr 9-10 yaşında qurtarır və əsasən 1-8 yaş arası götürülür. Bu yaşda olan uşaqlar üçün yazanlar çox azdır”. R.İsmayılovun fikrincə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı kimi yazarlar uşaqlar üçün maraqlı əsərlər ortaya qoya bilirlər. Sadəcə, onların əsərlərinin bir qədər təbliğ olunmağa ehtiyacı var. Digər tərəfdən, obraz yaratmaq məsələsi var. Belə ki, nağıllar çox vaxt obrazlara görə sevilir. Bu gün isə müasir nağıl obrazına çevriləcək obraz tapmaq çətindir: "Əgər həmin obraz tapılsa, uşaq üçün doğmalaşsa, həmin obrazın iştirakı ilə çoxlu miqdarda nağıl yaratmaq olar. Çünki uşaq onu görən kimi yenisini istəyəcək. Hələ ki, elə nağıllara rast gəlməmişəm. Görünür, müəyyən dövr keçməlidir və bizim yazıçılar da uşaq psixologiyasına yaxın olmalıdırlar”.

Son illər ərzində rəhbərlik etdiyi nəşriyyatda bir neçə nağıl kitabının çap edildiyini deyən naşir müasir yazarların yazdığı nağıllar, həmçinin klassik nağılların çap olunduğunu bildirir: «Mənim ilk kitabım» seriyasından olan «Hər kitab bir nağıldır» kitabında daha çox illüstrasiyalar var. Həmin kitabda tanınmış və tanınmayan yazarların yazdığı nağıllar yer alıb».

Hər şey nağıldan başlanır

Tənqidçi Cavanşir Yusiflinin fikrincə, nağıllar dünyanın əvvəlində yaranır, sonunda yox. Belə ki, hər şey nağıldan başlanır - əşyalar, onların içində gizlənən sirlər: "Nağıl mədəniyyətlərin, sivilizasiyaların uşaqlıq vaxtıdır, onlardakı cazibə kəşf edilməyib, Nyutonun kəşfi başqa şeylərə aiddir”. Tənqidçi hesab edir ki, şifahi formada söylənən və sonradan elə ağızlardan toplanan nağılların mistik gücü ölçüyə gəlməz: "Bir də var ədəbi nağıllar. Yaxud nağıllardan çıxan nəsr əsərləri, məsələn, "Yaxşı padşahın nağılı”. Bu tipli nağılları yazmaq böyük enerji tələb edir, ironiya, eyham, bəzən sarkazm, bütün bunlara rəğmən həm də təhkiyədə nağıl strukturunun qorunub saxlanması. Bəzən deyirlər ki, məsələn, Flober, Stendal və Balzakın romanları əsasında onların yaşadıqları dövrün fikir, düşüncə qəliblərini bərpa etmək, indi bizə tanış olmayan abidələrini vizuallaşdırmaq mümkündür. Bu, ümumiyyətlə, yazının, yazılı ədəbiyyatın xassəsidir. Flober, məsələn, bir romanı, yaxud onun bəzi çox mühüm epizodlarını qələmə almaq üçün 1500 kitab oxuyurdu. Mənbələrdə elə belə də deyilir: "...Floberin üslubu ideya və formanın vəhdətinə əsaslanır, yəni onun fikrincə, üslub - düşünmək üsuludur. Hələ yaradıcılıq yolunun əvvəlində, 1846-cı ildə Flober yazırdı: "İdeya yalnız formanın hesabına mövcuddur”. Tənqidçinin sözlərinə görə, Flober üçün çıxış nöqtəsi gerçəklik hadisələrini diqqətlə müşahidə etməkdir. Daha sonralar Gi de Mopassan Floberin dərsləri haqqında yazırdı: "Hansısa predmeti, hadisəni və insanı onların mahiyyəti üzə çıxana kimi müşahidə etmək...Yazıçı əməyinin ən mühüm hissəsi ən müxtəlif mənbələrə enib faktları düzgün öyrənməkdir. Belə ki, "Buvuar və Peküşe” romanını yazdığı müddətdə Flober 1500-dən çox kitab oxumuşdu”. Tənqidçinin sözlərinə görə, yazıya qədərki nağıllarda vəziyyət bambaşqadır. Belə ki, yazı nişan verir, onun işarələri aydınlatma, coğrafi məkanı tapmaq mənasında kompas rolunu da oynaya bilər: "Yazıya qədərki mədəniyyətdə belə bir şey yoxdur. Nağılların içində, məsələn, qırxıncı qapı var, o da son anda öz-özünə kilidlənir. Yəni nağılların işarələrindən tutub nəyicə öyrənmək, bərpa etmək mümkün deyil, o, sənin bir üzvün, lap elə özün kimi aparır özünü, arada məsafə, məsamə qalmır ki, bunun köməyi ilə nəsə edəsən. Əksinə, nağıllar səni götürüb harasa aparır və geri qaytarırmı?”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər