• bazar, 16 Iyun, 04:08
  • Baku Bakı 25°C

Bir həkim zənginin həsrəti - İNCƏ BAXIŞ

18.03.23 05:30 2556
Bir həkim zənginin həsrəti - İNCƏ BAXIŞ

Sən demə, sadə bir telefon zəngi ürək xəstəliyi olan xəstələrin sağ qalmasına səbəb ola bilir. Xəstənin vəziyyəti ilə daim maraqlanan tibb işçisinin adi telefon zəngi, “özünü necə hiss edirsən?” sualı xəstələrə yenidən həyat verə bilir...

Bu, Los-Ancelesdəki Cedars-Sinai Klinikasının xəstələrə adi telefon zənginin təsiri ilə bağlı araşdırmalarından sonra sübut olunub. Sorğuda 50 və daha yuxarı yaşda olan 1300-dən çox xəstə iştirak edib. Onların hər biri dörd il ərzində ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilənlər olub.

“Həkimin istirahət vaxtıdır”

Xarici mediadan oxuduğum bu xəbər diqqətimi niyə cəlb etdi? Bu cür qayğıya bizim tibb sahəsində özümün və çevrəmdəki insanların rast gəlməməsi səbəbindən. İndiyə qədər 4 dəfə əməliyyat keçirən və çoxlu müayinələrdən keçən, dövlət və özəl xəstəxanaların qapısını yaxşı “tanıyan” bir insan kimi şəxsi təcrübəmdən söz açıram. Müxtəlif illərdə ölkənin çoxsaylı təcrübəli tibb işçiləri ilə rastlaşmışam. Amma heç vaxt nə əməliyyatdan sonra, nə də müalicə müddətində oxşar telefon zəngi eşitməmişəm. Bütün həkimlər vəzifələrini müayinə otağından və palatadan çıxandan sonra bitmiş hesab ediblər. Hətta bəzən əməliyyatdan sonra hər hansı sualla bağlı telefon açdıqda nəinki həkim, hətta tibb bacısı da cavab verməyib. “Həkimin istirahət vaxtıdır” deyən “etibarlı” tibb bacılarının cavabına da yəqin ki, əksər pasiyentlər alışıb.

Həkimdən daha çox diqqət gözləyirik

Deyə bilərsiniz, nə həkimin, nə də digər tibb personalının xəstə qarşısında belə bir öhdəliyi yoxdur. Amma insanlıq, xəstənin durumundan nigarançılıq hissi ki olmalıdır. Peşəkar olduqlarını danmıram, bununla belə başı çəkən adam kimi tibb işçilərimizin bu cür laqeyidliklərini inkar edə bilmərəm.

Biz həkimdən daha çox diqqət gözləyirik. Başqa bir termin olmadığı üçün onu “şəfa” adlandıraq. Həkimin empatiyası, yoluxucu inamı ilə yarada biləcəyi sehrə ümid edirik. Bu, bəzən “özünü necə hiss edirsən?” kimi sualı da ola bilər...

Xəstənin ümidi və sağalma hissi

Uzun-uzadı müşahidələrimdən sonra bu qərara gəlmişəm: bizim həkim-pasiyent münasibətlərində kəskin empatiya çatışmazlığı var. Bu, həkimin xəstənin qəlbinə, qayğılarına daha yaxından tanış olması hissidır. Həkim və xəstə arasında əvəzolunmaz münasibət yaradan kərpiclərdir. Bunlar inam toxumlarıdır - xəstənin ümidi və sağalma hissi onlardan cücərir. Belə humanist münasibətləri ölçmək və rəqəmsallaşdırmaq çətindir. Heç bir texnologiya heç vaxt həkimi tamamilə əvəz edə bilməz.

Təəssüf ki, xüsusən süni intellekt tibbi praktikaya nüfuz etdikcə, empatiya və xəstə ilə səmimi münasibət qurmaq bacarığı da azalır. Ona görə də bu mövzuda idealist deyiləm: humanist hisslərin texnologiyaya uduzmadığı vaxtlarda belə qarşılaşmadığımız münasibətlə bundan sonra çətin rastlaşaq... 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər