• şənbə, 20 Aprel, 11:38
  • Baku Bakı 14°C

“Beyin ən ağır xəstəliyi də sağaldır” - MÜSAHİBƏ

13.05.23 04:30 6037
“Beyin ən ağır xəstəliyi də sağaldır” - MÜSAHİBƏ

Fərdi Bayramov: “Əlimizdə sehrli çubuq var, xəbərimiz olmadan həyatımızda 99 faiz hər şeyi onunla yaradırıq, sadəcə istədiyimiz bir şeyi 1 faiz şüurlu şəkildə yaradanda deyirik, möcüzədir, arzularımız yerinə yetdi”. 

Son zamanlar “beyin kodlama” adlanan seanslar geniş yayılıb. Bəs əslində “beyin kodlama” nədir, şüuraltı həyatımıza necə təsir edir? Bu sualları bizə müsahibimiz, şüuraltı mütəxəssisi və terapevti Fərdi Bayramov cavablandıracaq.

- Fərdi bəy, ilk öncə deyə bilərsinizmi, beyin nədir?
- Beyin insanı həyatda tutan, bütün orqanlarına komanda verən orqandır. İlk dövrlərdə sadəcə qanı soyutmaq üçün var olduğu düşünülsə də, sonra görüldü ki, başqa funksiyaları da icra edir. Beyin doğulduğu gündən nə edəcəyini bilməyən tək orqandır. Çünki bütün orqanların bir funksiyası var. Amma beyin bütün orqanlara nəzarət edəndən sonra analiz və zehni cəhətdən nə edəcəyini bilmir. 

Evimizi yıxan beta halı

- İnsanlar çox zaman düşünür ki, hər şey beyində başlayır. Ona görə də beyinlə möcüzə yaratmaq istəyirlər. Bəs əslində bu proses necə olur?
- Beyinlə möcüzə yaratmaq qavramı yoxdur. 2019-cu ildə Massaçusets Texnologiya İnstitutunda ilk dəfə insan bədənində molekulların özünü dalğa şəklində göstərdiyi sübut olundu. Bu, gələcəkdə bütün dərmanların ləğv olunacağı, insanın başına gələnlərin öz düşüncəsi nəticəsində yarandığının, düşüncə ilə hər şeyi əldə edə biləcəyinin ön mesajı idi. İnsanlar öz şüurlarını araşdırmağa davam etsələr, istədikləri hər şeyi, hər möcüzəni yaratmaq potensialına sahib olacaqlar. Bu ona bənzəyir ki, əlimizdə sehrli çubuq var. Xəbərimiz olmadan həyatımızda 99 faiz hər şeyi onunla yaradırıq. Sadəcə, şüurlu şəkildə 1 faiz istədiyimiz bir şeyi yaradanda deyirik, möcüzədir.

- Deyirsiniz ki, hər şeyi düşüncə gücü ilə yaradırıq? Bunu izah edə bilərsiniz?
- Hər şey insanın avtopilot vəziyyətdə şüuraltına yeridilən məlumatların nəticəsində yaradılır. 7 yaşına qədər insanın beyni teta dalğasına, 7 yaşdan sonra alfa dalğasına, sonra beta dalğasına keçir. Amma bizim evimizi yıxan betanın nəzarətsiz halıdır. Kortizol-stress hormonu nəticəsində peşmançılıq, kin, nifrət, həsəd, nadürüstlük, cəhalət kimi duyğular yaranır. Stressin müəyyən miqdarı yaxşıdır, amma çoxalanda bizi ələ keçirir. Zehin hər saniyə bir informasiya yaratmaq məcburiyyətindədir. Buna görə 95 faiz informasiyalar insanın həyatda qalması üzrədir. Bu informasiyalardakı məqsəd qarşıdakı insanı pis görərək həyatda qalmaqdır. İnsanın şüuraltısı həyatda qalmağa ehtiyac duyduğu üçün daha çox neqativə köklənir.

“Şüuraltı bir növ cənnət torpağıdır”

- Şüuraltı hər şeyi yarada bilirsə, bəs niyə insanların çoxunun imkanı aşağıdır?
- Bir informasiya təkrarlanırsa, zehin ondan zövq almağa başlayır və inanca çevirir. Kasıb ancaq varlını qınamağa, onun haram yolla pul qazandığına fokuslanır, varlılar isə öz işləri ilə məşğul olur. Zehin də bunu kopyalayır. Şüuraltı bir növ cənnət torpağıdır. İstənilən toxumu əkəndə yetişir. Amma hər ağlınıza gələni düşünmək zehin torpağını yormağa başlayır.

- İnsanların əksəriyyəti yaşadıqlarını qismətə bağlayır. Sizcə, bu doğrudur?
- Qismətdən danışan insanlar niyə yolu keçəndə sağa-sola baxır? Baxırsa, demək ki, qismətə inanmır. İnsanlar kiçik şeylərdə qismətdən istifadə etmirlər. Zəkalarının çatmadığı və inkişaf etməyə həvəslərinin olmadığı zaman isə hər şeyi qismətin üzərinə atırlar.

“Beyində hər saniyə kodlama gedir”

- Bəs “beyin kodlama” nədir? 
- Kodlanan beyin yox, şüuraltıdır. Beyində hər saniyə kodlama gedir. Şüurlu kodlama odur ki, beyin bir şeyin olmayacağını deyəndə siz əksini deyirsiniz. Məsələn, belə bir inanc var ki, yağış yağanda müştəri az gəlir. Lakin siz beyninizi bunun əksinə fokuslasanız, o zaman adi gündəkindən də daha çox qazanc əldə edərsiniz. Məqsədə çatmağın qarşısını kəsən inanclarımızdır.

- Bəs siz şüuraltını necə kodlayırsınız? Necə olur ki, insanlar arzularına çatır?
- Mən insanın zehnindəki düşüncələri, problemləri önəmsəmirəm. Nəyə ehtiyac var, onu demək kifayətdir. Çünki şüuraltı hər şeyi yaradır. Birinci zehni təmizləyirəm. Bir növ həkimlər kimi. Necə ki, həkim xəstəyə deyir yaraya toxunma. Mən də sənin zehninə toxum yeritmişəmsə, reallaşana qədər başını digər işlərlə məşğul etməlisən. Çünki zehin bizi, ona müdaxilə etmədiyimiz zaman xəyalımıza aparır. Amma görəndə ki, insan boş-boş informasiyaların arxasınca gedəcək, bu halda onun xəyalını öz zehnimə də əkirəm.

- Dediniz hətta xəstəlikdən də azad edirsiniz. Bəs bu necə olur? 
- Xəstəlikdən mən yox, şüur özü azad edir. Çünki əslində xəstəliyin özü yoxdur. İnsan bədəni bioloji olaraq sağaltmağa kodlanıb. Beyin özü ən ağır xəstəliyi də sağaldır. Xəstəliyi yaradan düşüncələrdir. Düşüncələrin nəticəsində xəstəlik yaranır və düşüncələri dəyişəndə isə sağalırıq. İnsan çox düşündükdə, özünü çox yorduqda, zehin bizi xəstələndirir, ya da nəsə bir şey baş verir. Ağrı bizi incitmək üçün deyil. Sadəcə, bədənin sürətli regenerasiya etməsi üçün SOS siqnalı kimi bir şeydir.

 “Ölənin xəyalları gerçəkləşmir”

- Mümkündürmü ki, seansdan nəticə alınmasın?
- Seansdan nəticə almayan ancaq ölü insan ola bilər. Çünki ancaq ölənin xəyalları gerçəkləşmir.

- Ölmək demişkən, bəs sizin kodlama seansları ilə beyindən mənfi hadisələri, istənməyən insanları silmək olur?
- Düşünün ki, qarderobunuzda sarı bir paltar var. O paltarla bağlı xatirələr ancaq qarderobu açanda, sarı paltarı görəndə yadınıza düşür. Ancaq qapını bağlayıb qarderobdakı paltarı olduğu yerdə saxlayanda və işinizə davam edəndə beyin artıq başqa şeylərə yönəlir. Bütün informasiyalar qarderobun içində paltar olduğu kimi zehnimizin içindədir. Düşündüyümüz zaman xatırlayırıq və informasiya ön planda daha çox qaldıqca, beyin onu yenidən nüsxələməyə başlayır. Travmalar da uşaqlığınızda kuklanızın əlinizdən alınmasına bənzəyir. Uşaq olanda ağlayırdınız, amma indi yox. Travmaları aşmaq da belədir.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər