• cümə, 29 Mart, 18:45
  • Baku Bakı 14°C

“Baydenin “erməni soyqrımı” ifadəsini işlətməsi münasibətlərin pozulmasına gətirib çıxara bilər”

08.04.21 23:45 1011
“Baydenin “erməni soyqrımı” ifadəsini işlətməsi münasibətlərin pozulmasına gətirib çıxara bilər”
"Aprelin 24-də Ermənistan, habelə dünyada yaşayan erməni lobbisi və diasporu qondarma "erməni soyqırımı”nın növbəti ildönümü qeyd etməyə hazırlaşır. Bu prosesdə ABŞ-dakı erməni diasporu və erməni lobbisi daha böyük canfəşanlıq edir”.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
O bildirib ki, bu addımlar diqqətdən yayınmır: "2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr Palatası, dekabrında isə Senat qondarma "soyqrımın” tanınması haqda qətnamə qəbul edib. İndi ABŞ yeni Prezidentinin fəaliyyətə başlaması bu ölkədəki erməni lobbi və diasporunu bir qədər ümidləndirib. Onlar yeni Prezident Co Baydenə təzyiq etməklə, aprel ayının 24-də məhz onun dilindən "erməni soyqırımı” ifadəsinin səslənməsinə nail olmaq istəyirlər. İndiyə qədər ABŞ prezidentlərindən heç biri bu ifadəni işlətməyib. Onlar seçkiqabağı erməni lobbisinin və diasporunun dəstəyini almaq üçün çox vədlər veriblər. Lakin bunlar hər zaman vəd olaraq qalıb. Hətta Barak Obama nəinki şifahi, hətta yazılı şəkildə mövqe ifadə etmişdi ki, ermənilər ona dəstək versə, qondarma erməni soyqırımını tanıyacaq. Halbuki 8 il ərzində o bunu etmədi. Səbəbi də bəllidir. ABŞ Türkiyə kimi strateji müttəfiqi itirmək istəmir. Lakin indi Senatda xüsusilə ermənipərəst senator Robert Menendes yenidən xüsusi fəallıq göstərməyə başlayıb. Bu il martın 3-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Menendes ABŞ Prezidentini qondarma "erməni soyqırımı”nı tanımağa çağırıb.
Martın 19-da isə R.Menendesin təşəbbüsü ilə Senatın 38 üzvü də eyni çağırışla Prezident Baydenə məktub ünvanlayıblar. Məktubda 1915-1923-cü illərdə guya Osmanlı imperiyasında 1,5 milyon erməninin öldürüldüyü, yüz minlərlə insanın torpaqlarından qovulduğu haqda saxta məlumatlar və iddialar yer alıb. Bu müraciətin yeganə məqsəd odur ki, aprel ayının 24-də Co Bayden "erməni soyqırımı”nı tanımaqla ilkə imza atsın. Baydenin tarixə məhz belə düşməsi istiqamətində fəaliyyətə başlayıblar”.
Deputat hesab edir ki, C. Bayden və onun komandası dar erməni maraqlarının təmin olunması naminə ABŞ üçün olduqca strateji əhəmiyyətli müttəfiq Türkiyə ilə münasibətləri korlamağa dəyməyəcəyinin fərqində olmalıdır: "Baydendən əvvəlki prezidentlər bunu etməyiblər. Çünki anlayıblar ki, bu, ABŞ-ın qlobal maraqlarına problem yaradar, xüsusilə NATO-nun cənub qanadını təşkil edən Türkiyə ilə münasibətlərin korlanmasına gətirib çıxarar. Türkiyənin xarici siyasət kursunda yarana biləcək dəyişikliklər ABŞ-ın maraqları üçün çox böyük təhlükə yarada bilər”.
Deputat vurğulayıb ki, Azərbaycan dövləti bütün məsələlərdə olduğu kimi, bu məsələdə də birmənalı şəkildə Türkiyənin yanındadır: "Azərbaycan heç bir halda Türkiyə əleyhinə belə bir qərarın qəbul edilməsini qəbul etməz, bunu özünün əleyhinə qəbul edilmiş qərar kimi qiymətləndirər. Bu məsələdə Azərbaycan və Türkiyə ortaq mövqedən çıxış edir. Bunu tarix də sübut edib. Xüsusilə, Prezident İlham Əliyevin "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 2014-cü ildə keçirilmiş yubiley tədbirində nümayiş etdirdiyi mövqeni diqqətdən qaçırmamalıyıq. O vaxt Ermənistanın prezidenti olan Serj Sarkisyan sammitdəki çıxışında "erməni soyqırımı” haqda əsassız fikirlər səsləndirəndə, Prezident İlham Əliyev ona cavabını artıqlaması ilə verdi, "Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, burada Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam!” deyərəkSarkisyanı yerində oturtdu, onu öz faktları və arqumentləri ilə tərksilah edib aciz duruma saldı, eyni zamanda Azərbaycanla Türkiyə arasında münasibətlərin hansı səviyyədə olduğunu bütün dünyaya növbəti dəfə bəyan etdi. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsi idi. Biz xüsusilə Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana yüksək səviyyədə mənəvi və siyasi dəstəyini gördük. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dostluğu sarsılmazdır və Türkiyəyə qarşı atılan istənilən addım Azərbaycana qarşı addım kimi qəbul edilir. Aprelin 24-də Baydenin dilindən "soyqrımı” ifadəsinin işlədilməsi həm Türkiyə-ABŞ, həm də Azərbaycan-ABŞ münasibətlərinin kəsin şəkildə pozulmasına gətirib çıxara bilər. Bu da ABŞ-ın regiondakı siyasəti üçün çox təhlükəli tendensiyadır. Bunu ABŞ-ın hərbi siyasi rəhbərliyi analiz etməli, qiymətləndirməli, ABŞ-ın maraqlarını erməni millətçi və faşistlərinin maraqlarına qurban verməməlidir”. (APA)
banner

Oxşar Xəbərlər