• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Bayden qütbləşdirən yox, birləşdirən prezident olacaq?

14.11.20 16:25 3209
Bayden qütbləşdirən yox, birləşdirən prezident olacaq?
ABŞ-ın milli və təhlükəsizlik maraqları Türkiyə ilə əməkdaşlığı diktə edir


Ötən həftə Birləşmiş Ştatlar tarixinin ən sürpriz və gərgin keçən seçkilərindən biri baş tutdu. Gözləntilərin əksinə olaraq Ağ Evin hazırkı rəhbəri Donald Tramp Demokratlar Partiyasının namizədi Cozef Baydenə məğlub oldu. Tramp, nəticələri hələ ki, qəbul etməsə də, demokrat namizədin Ağ evin növbəti 46-cı prezidenti olacağı aydındır. Dünya mərkəzləri hazırda yeni prezidentin daha çox xarici siyasətinin necə olacağı üzərində baş sındırırlar. Düzdür, xarici siyasət məsələləri ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyasının diqqət mərkəzində olmadı. Və əsasən koronavirus pandemiyası və onun nəticəsi olaraq iqtisadi tənəzzül müzakirə olundu. Buna baxmayaraq, dünyanı daha çox yeni liderin onlara olan münasibəti maraqlandırır. Beləliklə, Donald Trampın yürütdüyü siyasət bəlli idi - əsasən ölkənin daxili problemlərini həll etmək və xarici siyasətdə ABŞ maraqlarına uyğun siyasət yürütmək. Tramp qalib gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasətində ənənəvi kursun davam etdiriləcəyi gözlənilirdi. Baydenin isə ondan fərqli siyasət yürüdəcəyi gün kimi aydındır. Böyük ehtimalla, Bayden Trampın Avropa ilə gərginləşən münasibətlərini normallaşdırmağa çalışacaq. Əsasən Çinlə münasibətlər, çox güman, əsas xətt kimi keçəcək. Beləliklə, ölkənin "qütbləşdirən deyil, birləşdirən prezident” olacağını vəd edən Bayden sərt ritorikanı kənara qoyacaq və hərarəti azaldacaqmı?

Ermənilərin arzuları yenə puç olacaq

Baydeni özlərinin namizədi sayan erməni lobbisinin ümidlərinin yenə də puç olacağı gözləniləndir. Bir faktı qeyd edək ki, onların sıx yaşadığı Kaliforniyanın, adətən demokrat siyasətçilərə daha çox təsiri var.Məsələn, erməni lobbisinin Konqresdəki ən güclü adamı olanAdam Şiffburadan seçilir. Lakin önəmli olan odur ki, həmin ermənipərəstlər Konqresdə fəallıq etsələr də, rəhbər vəzifələrə təyin olunanda ölkə maraqlarını əsas götürürlər. Levon Ter-Petrosyanın dediyi kimi, erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerdə bitir. Məsələn, demokrat Klintonun 8 illik prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin ciddi inkişaf dövrüdür. Hətta Klinton Heydər Əliyevi Vaşinqtona rəsmi səfərə dəvət etmişdi. "Əsrin müqaviləsi” məhz Klinton administrasiyasının çox mühüm siyasi dəstəyi ilə imzalandı və gerçəkləşdi.ABŞ-la münasibətlər Azərbaycan üçün bütün sahələrdə əməkdaşlığın güclənməsi, dostluğun daha yüksək səviyyəyə qaldırılması, insan haqlarının müdafiəsi sahəsində Amerikanın təcrübəsinin öyrənilməsi, o təcrübədən istifadə etməklə Azərbaycanın daha da demokratikləşdirilməsi deməkdir. ABŞ üçün isə Azərbaycan bu regionda nüfuzlu, lider bir ölkədir. Azərbaycan bu gün müstəqil daxili və xarici siyasət yeridən, təbii sərvətlərindən özünün maraqları üçün istifadə edən ölkələrdən biridir Azərbaycan bu gün regional iqtisadi layihələrin müəllifidir. Bu gün ABŞ üçün əhəmiyyət daşıyan Əfqanıstana gedən yükün 40 faizi Azərbaycandan keçir. Digər məsələlərdə də əməkdaşlıq var. Yəni iki dövlət arasındakı münasibətlər xüsusidir.

İrana qarşı sanksiyalar aradan qalxa bilərmi?

O ki qaldı gələcək İran siyasətinə - Tehrana qarşı münasibətdə demokratlar respublikaçılardan daha yumşaq mövqe sərgilələməsi ilə fərqləniblər. Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi siyasətin mahiyyəti bəllidir - İranı qeyri-qanuni yolla nüvə enerjisinə və silahına yiyələnməkdə ittiham edir. Bu mənada, Ağ evin rəsmi Tehranın siyasətindən narahatlığının mahiyyəti də anlaşılandır. Çünki İran nüvə silahına yiyələnəcəyi təqdirdə, bölgənin geosiyasi reallıqları kifayət qədər dəyişəcək. Tehran hakimiyyəti şiə inqilabının ixracı ilə bağlı məsələlərdə daha münasib və əlverişli imkanlar əldə edəcək. Təbii ki, bölgə dövlətlərinə münasibətlərin mahiyyətində də köklü dəyişikliklər baş verə bilər.Donald Tramp 2016-cı ildə prezident seçiləndən sonra İranla nüvə razılığından geri çəkildi və bu ölkənin iqtisadiyyatına ziyan vuran sərt sanksiyalar tətbiq etdi. 2020-nin başlanğıcında Birləşmiş Ştatlarla İranın arasında az qala, müharibə baş verəcəkdi. ABŞ-ın bu il yanvarın 3-də iranlı general Qasım Süleymanini öldürməsi Tehranda qəzəbə səbəb oldu. İran cavab olaraq ABŞ-ın İraqdakı bazalarına raketlə hücum etdi. Həmin hücumda ABŞ-ın hərbi qulluqçuları arasında tələfat halları olmadı.
Avropa İttifaqı, o cümlədən Çin, Rusiya və İran nüvə sazişinə əməl etdiklərini bildirir və ABŞ-ın da razılaşmaya yenidən daxil olmasına ümid edirlər. "ABŞ-ın İran nüvə razılığından geri çəkilməsi qlobal idarəçiliyə və çoxtərəfliliyə ən böyük zərbələrdən biridir. Ona görə də, əlbəttə ki, ABŞ-ın bir vaxt razılığa geri dönəcəyinə dair ümid var” - deyə Cenevrə Beynəlxalq Sanksiya Şəbəkəsindən Erika Moret bildirir. İsrail və Səudiyyə Ərəbistanı kimi, ABŞ-ın digər müttəfiqləri Birləşmiş Ştatların razılıqdan geri çəkilməsini dəstəkləməyə davam edirlər. Tramp razılıqdan çıxandan bəri İrana qarşı "maksimum təzyiq” kampaniyası başladıb, İranın beynəlxalq maliyyəyə çıxışını kəsmək, neft ixraclarının qarşısını almaq və iqtisadiyyatına ziyan vurmaq məqsədilə bir neçə sanksiyalar tətbiq edib. Tramp administrasiyası deyir ki, İrana güvənmək olmaz və onların davranışlarını cilovlamağın ən yaxşı yolu sanksiyalardır. "Dünya boyu bir çox ictimai və özəl şirkətlər İran kimi ölkə ilə iş görməkdən qorxurlar", - Moret deyir. Trampın rəqibi Co Bayden nüvə razılığına qayıtmaq istədiyini, amma insan haqları pozuntuları, terrorizm və İranın balistik raket proqramı səbəbilə hədəfli sanksiyalar tətbiq edəcəyini bildirib. Təhlilçi Culi Normanın sözlərinə görə, Tehran Trampın 2015-ci il razılığından geri çəkilməsindən sonra Qərbə etibar etməyə bilər. "Amerikanın etibarlılığı bu razılıq və ümumiyyətlə, sazişlər baxımından sual altındadır. Biz düşünürük ki, İran ən azından əvvəldə mənfi reaksiya verə, əlində olan son gücdən istifadə edə bilər. Eyni zamanda isə İran hazırda çətin bir vəziyyətdədir. Onların hər hansı yardıma ehtiyacları var”, - o deyib. İranda gələn ilin əvvəlində prezident seçkiləri keçiriləcək. Təhlilçilər deyir ki, buna görə də, rejimdəki sərt siyasət tərəfdarlarının hakimiyyətə gələcəklərinə dair narahatlıqlar fonunda ABŞ-ın Tehranla münasibətləri yeniləməsi üçün çox az vaxtı qalır.
Beləliklə, əksəriyyət hesab edir ki, Cozef Bayden İrana qarşı Obamanın siyasətini təkrar edəcək. Belə ki, bəllidir ki, Bayden Obama iqtidarı dövründə vitse-prezident idi. Heç şübhəsiz ki, Obamanın İranla bağlı yürütdüyü xarici siyasətin məsuliyyətinin bir hissəsi də Baydenin üzərinə düşürdü. Baxmayaraq ki, ABŞ-da vitse-prezident formal bir vəzifədir. Senatın işlərinə rəhbərlik edir və prezidentin olmadığı dönəmdə daha aktiv fəaliyyət göstərir. Amma bununla yanaşı, Obamanın sərgilədiyi siyasətə görə Bayden də məsuliyyət daşıyırdı. Şübhəsiz ki, Bayden Obama dönəmində İrana qarşı aparılan siyasətin bir daha tətbiqinin tərəfdarı olacaq. Beləliklə, Baydenin dövlət başçısı seçilməsi sürprizlərlə dolu yeniliklər vəd edir. Bütün hallarda dəqiqdir ki, yeni lider seçki kampaniyası dövründə səsləndirdiyi ritorikanı yumşaltmalı olacaq və daha çox praqmatik siyasət yürütməyə çalışacaq.


Azər NURİYEV

banner

Oxşar Xəbərlər