• çərşənbə, 04 Dekabr, 06:18
  • Baku Bakı 4°C

Bakıda “Formula 1” həyəcanı 

14.09.24 06:05 2803
Bakıda “Formula 1” həyəcanı 

Bakı Şəhər Halqası ən çətin şəhər traslarından biri sayılır. Bu unikal tras həm sürətli düz yolları, həm də dar və kəskin döngələri ilə pilotların texniki bacarıqlarını və dözümlülüyünü sınayır. Xüsusilə, İçərişəhərin dar keçidləri sürücülər üçün böyük çağırışdır.

Yenidən bütün dünyanın diqqəti ölkəmizə yönəlib. Doğma Bakımız “Formula 1” üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Sayca səkkizinci dəfə təşkil olunan yarış bu dəfə də böyük maraq vəd edir. Artıq sentyabrın 14-də əsas mərhələnin sıralama tutu keçiriləcək, bazar günü isə qran-prinin qalibi müəyyənləşəcək.

2017-ci ildən başlayan macəra

“Formula 1” Azərbaycan Qran-prisi ilk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında təşkil olunub. Şəhər trasında baş tutan bu yarış mərkəzi küçələri əhatə edən, heyrətamiz mənzərələr və tarixi abidələr ətrafında olan döngələrlə sürət həvəskarlarının diqqətini çəkib.
İndiyə qədər baş tutmuş yeddi Qran-pri ərzində cəmi bir pilot iki dəfə podiuma qalxa bilib. Söhbət son qalib Serxio Peresdən gedir. O, 2021-ci ildə də bu uğura nail olmuşdu. Yarışın Bakıdakı ilk qalibi Daniel Rikkiardodur. Ondan başqa Lyuis Hemilton, Valtteri Bottas və Maks Ferstappen Bakıda rəqiblərini üstələməyi bacarıblar.

Yarışı maraqlı edən detallar

Bakı Şəhər Halqası Monako ilə yanaşı ən çətin şəhər traslarından biri sayılır. Bu unikal tras həm sürətli düz yolları, həm də dar və kəskin döngələri ilə pilotların texniki bacarıqlarını və dözümlülüyünü sınayır. Xüsusilə, İçərişəhərin dar keçidləri sürücülər üçün böyük çağırışdır. Bakı trasının bir xüsusiyyəti də onun yüksək sürətli düzlüyə sahib olmasıdır. Bu, onu mövsümün ən sürətli şəhər traslarından birinə çevirir. Burada sürpriz nəticə ehtimallarının çox olması komandaları və pilotları daha diqqətli olmağa və bütün bacarıqlarını sərgiləməyə vadar edir və yarışa marağı artırır.

“Formula One Management”in Azərbaycan Qran-prisi ilə bağlı hesabatına əsasən, azarkeşlər arasında keçirilən sorğuda respondentlərin 74  faizi Azərbaycan Qran-prisinin davamlı keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların 73 faizi Bakı Şəhər Halqasının yarışın təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının “Formula 1” təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.

Maliyyə və siyasi faydaları

“Formula 1” Azərbaycan Qran-prisinin ölkəmiz üçün maliyyə faydaları olduqca irihəcmlidir. İlk növbədə yarışı izləməyə çoxsaylı turist gəlir. Üstəlik onların sayı hər il artmaqda davam edir. Hər kəsin diqqət mərkəzində olan tədbir sosial-iqtisadi yüksəlişimizə təkan verir. Hesabatlar göstərir ki, turistlər iqtisadiyyatın müxtəlif sahələrinə - hotellər, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər və digər sektorlara  həddən artıq böyük fayda verirlər. Bahalı və elit idman növü hesab edilən “Formula 1”Azərbaycan Qran-prisi üçün ölkəmizə gələn turistlər hər il Bakının mərkəzi hotellərində yerləri demək olar ki, tam doldururlar. Azərbaycan Qran-prisi mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir.

Yarışın Azərbaycan üçün siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycan Qran-prisi ölkəmizi dünyada tanıtmaq üçün ideal platformadır. Hər il “Formula 1” yarışını izləmək üçün dünyanın 100-dən artıq ölkəsindən Azərbaycana inasnlar axın edirlər. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunur, ölkəmizin mədəniyyəti, qonaqpərvərliyi ilə tanış olmaq imkanı əldə edirlər. Üstəlik, Azərbaycan artıq bir neçə ildir, dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də qalib paytaxtda qalib statusda “Formula 1” Azərbaycan Qran-prisi təşkil olunur.

Ümumiləşdirsək, dünyaca məşhur “Formula 1” yarışının Azərbaycanda keçirilməsi ölkəmizin hərtərəfli təbliğində müstəsna rol oynayır. Belə mühüm idman tədbirinin keçirilməsinin Azərbaycanın gücü, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var.

Bu il azarkeşləri nələr gözləyir?

Azərbaycan Qran-Prisinin bu dəfə də mövsümün ən maraqlı yarışlarından biri olacağı şübhəsizdir. Niderlandlı Maks Ferstappen Bakıya turnir cədvəlinin lideri kimi gəlir. Böyük britaniyalı Lando Norris və fransalı Şarl Lekler ikinci və üçüncü yerlərdədir. Mühəndislərin yarışında isə “Red Bull”, “McLaren Mercedes” və “Ferrari” arasında gərgin mübarizə davam edir. Bakı trasında hər şey dəyişə də bilər.

Azarkeşlər gərgin mübarizə ilə yanaşı, dünyanın ulduz musiqiçilərinin canlı performansını da izləyə biləcəklər. Builki yarış üçün bütün tribuna biletləri satılıb. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının səkkiz tribunasına iki yeni tribuna əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Ümumilikdə, Bakı küçələri növbəti möhtəşəm və həyəcanverici rəqabətə hazırdır. Bəs bu dəfə əvvəlki qaliblərdən biri Bakı yarışında təkrar kürsüyə qalxa biləcək, yoxsa podiuma yeni ad yüksələcək? Sürət həvəskarları bu sualın cavabını tezliklə biləcəklər.

banner

Oxşar Xəbərlər