Bakı məhəllələrindən Avropaya aparan həvəs - Portret
Azərbaycan idman ölkəsidir. Avropa oyunları, ardınca ötən il Rio Yay
Olimpiya Oyunları və bu il paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarında
idmançılarımızın qazandığı uğurlar bunun əsl sübutudur. Güləş, karate, cüdo,
taekvondo, boks və s. kimi idman növləri ölkəmizin beynəlxalq yarışlardakı əsas
medal gözləntisi olan sahələrdir. Lakin son illərdə bu idman növlərindən başqa,
ölkəmiz üçün ənənəvi olmayan idman növləri də özünü göstərməkdədir. Belə idman
növlərindən biri də velosiped idmanıdır. Artıq bir neçə ildir velosipedçilərdən
ibarət milli komandamızın və əsas klubumuz olan "Sinerji Baku” komandasının
çıxışları yerli idmansevərlər tərəfindən maraqla izlənir. Əsas sevindirici
məqam isə bu komandalarda yetişməkdə olan gənc azərbaycanlı idmançıların da yer
almasıdır. Düzdü, hazırda bu komandaların liderləri legionerlərdir. Lakin
onlarla çiyin-çiyinə pedal çevirən gənc azərbaycanlı velosipedçilərin nəticələri
gələcək üçün inam verir. Bu gənclərdən biri də Musa Mikayılzadədir.
Hobbidən peşəkarlığa
Musa Mikayılzadə 1998-ci il, iyulun 16-da Bakıda anadan olub.
Ailəsində idmançı olmamasına baxmayaraq, o, hələ kiçik yaşlarından idmana meyl
salıb. Lakin Musa idmana heç də velosiped növündə başlamayıb. Hər bir uşaq kimi, o da kiçik
yaşlarından məhəllədə dostları ilə futbol oynamağı sevirdi. Bu sevgi onu yaşıl
meydançalara aparır. Musa 13 yaşında dostu ilə birgə futbola yazılır. Lakin
onun futbolçu karyerası alınmır. Belə ki, "Rəvan” və "Əlincə” komandalarında
yarımmüdafiəçi kimi top qovan Musa, 2015-ci ildə futbolu buraxır. İdmana həvəsi
olan Mikayılzadə, futbolla yanaşı, güləşlə də məşğul olub. Həvəskar şəkildə
sərbəst güləşlə məşğul olan Musa, burda da çox qalmır.
Gənc idmançı özünü velosiped idman növündə tapır. Ancaq onun bu idman
növü ilə peşəkar şəkildə məşğul olması bir qədər gec, 2015-ci ilə təsadüf edir.
Bunadək isə o, artıq məhəllədə dostlarla birgə velosiped sürməyi hobbi halına
gətirmişdi. Son illərdə ölkəmizdə geniş yayılmış velosiped sürmək sevgisi
Musadan da yan keçmir.2014-cü ilin əvvəllərindən mütəmadi olaraq velosiped sürməyi vərdiş
halına gətirən Mikayılzadə, 2014-cü ilin yayında, "Velopark”da həvəskarlar
arasında dağ velosipedi üzrə yarışda iştirak edir və qalib olur. Elə məhz bu
yarışdan sonra məşqçi Asif Həsənovun diqqətini cəlb edir. Növbəti, 2015-ci
ildən isə peşəkar şəkildə məşqlərə başlayır.Velosiped idmanına həddən artıq həvəsi olan Musa, burda uğur
qazanacağına inanır. O, yarışlara qatılarkən idman ləvazimatlarını, hətta
velosipedi belə özü alır. Öz velosipedi ilə qatıldığı yarışlarda nəticə qazanan
Musada, bu idman növündə uğur qazanacağına inam yaranır. O, güləş və futboldan
sonra nəhayət, uğur qazanacağı idman növünü tapır.
Velosiped idman növü ilə gec məşğul olmasına baxmayaraq, Musanın nəticələri özünü çox gözlətmir. Bu
idman növü ilə məşğul olmağa başladıqdan qısa müddət sonra Xocahəsən Dağ
Velosipedi Parkında keçirilən yarışda 1-ci olur. Daha sonra şose yarışlarında
2-ci, "Velopark”da keçirilən kriterium yarışında isə 4-cü olan gənc
velosipedçi, millinin məşqçisi Əbülfəz Məmmədovun da diqqətini cəlb edir. O,
millinin İsmayıllıda keçirilən təlim-məşq toplanışına dəvət alır. Toplanışdan
sonra isə həmin ilin aprel ayında İtaliyada və Sloveniyada keçirilən yarışlarda
çıxış edir. Musa 2015-ci ilin avqustunda Slovakiyada keçirilən beynəlxalq
yarışda 8-ci olur.
Beləliklə, həvəskar velosipedçi bu idman növü ilə peşəkar məşğul
olmağa başladıqdan çox qısa müddət sonra millinin üzvünə çevrilir. Həvəskar
üçün heç də pis nəticə deyil.
"Sinerji Baku”
Beynəlxalq və ölkədaxili yarışlardakı nəticələri Azərbaycanın əsas
velosiped klubu olan "Sinerji Baku”nun da qapılarını onun üzünə açır. Bu ilin
yanvarın 10-da klubun idman direktoru Eldar Cəbrayılov perspektivli idmançını
komandaya dəvət edir. "Sinerji Baku”nun Türkiyədəki 1 aylıq toplanışında
iştirak edən Musa, məşqçilərin rəğbətini qazanır və ölkənin əsas velosiped
klubunun üzvünə çevrilir. "Sinerji Baku”nun heyətində beynəlxalq yarışlarda
debütü isə bu ilin aprel ayına təsadüf edir. Sloveniyada keçirilən yarışda
ölkənin əsas klubunu təmsil edən Mikayılzadə, finişə çata bilməsə də, bu, onun
üçün böyük təcrübə olur.
Ölkədaxili
yarışların daimi mükafatçısı
Musa medal sarıdan korluq çəkmir. Belə ki, o, ölkə daxilində
keçirilən yarışlarda bir neçə dəfə mükafatçılar sırasına düşüb. Gənclərdən
böyüklərə kimi, hər bir yarışda nəticə göstərib. 2015-ci ildə elit kateqoriyada
dağ velosipedi üzrə Azərbaycan çempionatında 3-cü olan Musa, gənclər arasında
keçirilmiş 3 analoji yarışın 2-də 1-ci olur. O, ötən il "Velopark”da elit
kateqoriya üzrə yarışda və Xocahəsəndə keçirilən analoji yarışda 2-ci olub. Bu
il isə böyüklər arasında ölkə çempionatının şose yarışını 3-cü pillədə başa
vurub.
Hobbi, yoxsa iş?
Musa velosiped idmanı ilə həvəskar formada məşğul olmağa başlayıb.
Qısa müddətdə həvəskardan peşəkara çevrilən gənc idmançı, bir çox peşəkarlardan
fərqli olaraq, məşğul olduğu idman növünə sadəcə, iş kimi baxmır. Belə ki, bu
idman növünə hədsiz marağı olan gənc idmançı, velosipedə təkcə idman vasitəsi
yox, hələ də hobbi kimi baxır. O, məşqlərdən, yarışlarda sonra da öz sevimli
"dəmir atından” uzaq qalmır. Musa idmandan kənarda da, nəqliyyat vasitəsi kimi
velosipeddən istifadə edir. O, Bakıda hər yerə özünün dağ velosipedi ilə gedir.
Musa hətta xaricdə yarışda olarkən belə, bu vərdişindən əl çəkmir. Bir sözlə,
gündəlik bir neçə saat çəkən ağır məşqlər, yarışlar, gənc idmançını sevimli
nəqliyyat vasitəsindən heç də soyutmur.
Futbola sevgi qalır,
ancaq...
Vaxtilə futbolla məşğul olmuş Musa, top oyununu atsa da, bu idmana
sevgisi hələ də qalır. Belə ki, o, hələ də, boş vaxt tapan kimi dostları ilə birgə
futbol oynayır. Düzü, buna onun elə də vaxtı olmur. Özünün sözlərinə görə, o,
yalnız qışda, yarışlar keçirilməyən vaxtda futbol oynamağın zövqünü yaşaya
bilir. Musiqi və film izləmək də onun əsas məşğuliyyətləri sırasına daxildir.
Hər bir idmançının olduğu kimi, Musanın da təmsil etdiyi idman növündə kumiri
var. "Sinerji Baku”nun 28 yaşlı velosipedçisi Kiril Pozdnyakov Mikayılzadənin
əsas kumiridir.
Portret
Musanın portretini müəyyənləşdirərkən əsas xüsusiyyət kimi inam,
əzmkarlıq diqqət cəlb edir. Velosiped idmanından öncə futbol və güləşlə məşğul
olan Mikayılzadə, burdakı uğursuzluqdan sonra ruhdan düşmədi. O, çox gec, 16
yaşında başladığı velosiped idman növündə özünü çox tez göstərməyi bacardı.
Yığmaya düşməyə isə ona cəmi bir neçə ay kifayət etdi.
Bu sürətlə davam edəcəyi təqdirdə, cəmi 18 yaşı olan Musanın əsas
uğurları hələ irəlidədir. Elə məşqçiləri də bu fikirdədir. Onlar Mikayılzadədən
yalnız 3-4 il sonra uğur gözləyirlər. Uğur üçün isə yaxşı bünövrə, təcrübə
olmalıdır. Musa hazırda gələcək uğurların bünövrəsini qurmaqdadır. Onun
millinin və "Sinerji Baku”nun heyətində qatıldığı hər yarış isə bu bünövrənin
təməl daşlarıdır. Hazırda Musa kumiri Kiril Pozdnyakov kimi idmançı ilə çiyin-çiyinə
mübarizə apararaq, təcrübə toplamaqdadır. 16 yaşına kimi həvəskar şəkildə pedal
fırladan Musa, bu gün millinin və "Sinerji Baku”nun üzvü kimi Sloveniya,
Slovakiya, İtaliya kimi ölkələrdə, nüfuzlu yarışlarda məşhur velosipedçilərlə
çiyin-çiyinə mübarizə aparır. Gənc idmançının qısa müddətdə əldə etdiyi yüksəliş
inanılmazdı. O, "sükanı” belə saxlayacağı halda, bu təcrübənin bəhrəsini yaxın
gələcəkdə görəcək.
Elnur