• cümə, 19 Aprel, 11:03
  • Baku Bakı 13°C

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyəti açıqlanıb

23.10.17 11:45 2292
Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyəti açıqlanıb
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin üzvləri açıqlanıb.
APA-nın informasiya dəstəkçisi olduğu festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr tarixlərində keçiriləcək.
Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Türkiyədən Can Saracoğlu, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Münsiflər heyətinə Can Saracoğlu rəhbərlik edir.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.
Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.
Festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına qəbul olunub. Festivalın seçim komissiyası göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib və 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub.
Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya - ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışacaqlar.
Yarışmaya təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə (Qızıl mükafat ) diplom və mükafat, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək.Festivalın ən yaxşı filminə "QRAN PRİ” diplom və mükafat təqdim ediləcək. Yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək. Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini "Salnaməfilm” studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.
banner

Oxşar Xəbərlər