• şənbə, 20 Aprel, 11:02
  • Baku Bakı 14°C

Azərbaycanın potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir

10.09.22 03:15 3371
Azərbaycanın potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir

Prezident İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə Romaya uğurlu işgüzar səfəri Vətən müharibəsindəki Zəfərimizdən və torpaqlarımızın işğaldan azad olunmasından sonra Cənubi Qafqazda yaranmış yeni reallıqların dünya dövlətləri tərəfindən tanınması istiqamətində dövlətimizin və dövlət başçımızın qazandığı daha bir uğurdur. Avropada ölkəmizin hər zaman ən etibarlı tərəfdaşlarından biri olan İtaliyanın Cənubi Qafqazdakı postmüharibə reallığından sonra da Azərbaycanla işgüzar əlaqələri və dostluq münasibətlərini yüksələn xətt üzrə daha da inkişaf etdirmək istəyinin nəticəsidir ki, bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti burada keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak edib.

Forumda müzakirə edilən ən aktual mövzulardan biri olan enerji təhlükəsizliyi məsələsi ilə bağlı öz fikirlərini bildirən Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mövqeyini, imkanlarını, bu günə kimi görülmüş işləri və gələcək planları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısının “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı böyük maraqla qarşılandı.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Enerji təhlükəsizliyinin hər zaman dövlətlərin milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri olduğunu diqqətə çatdıran Z.Əsgərov bu məsələnin ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında da prioritet sahələrdən olduğunu bildirib. “Son dövrlərdə isə bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən həmin enerji mənbələrindəki artan yüksək qiymətlər, geosiyasi rəqabət, ölkələr arasında davam edən silahlı münaqişələr, bu münaqişələrin bəzi ixracatçı ölkələrdə yaratdığı qeyri-sabitlik enerji təhlükəsizliyini bu gün dünya dövlətləri üçün ən aktual mövzuya çevirib.

Prezident İlham Əliyev forumdakı çıxışında ölkəmizin siyasi inkişafından, iqtisadi qüdrətindən söz açaraq, Azərbaycanın həyata keçirdiyi qlobal miqyaslı enerji layihələrinin əhəmiyyətini xatırladaraq ölkəmizin yaxın gələcəkdə Avropanın enerji ehtiyatlarının ödənilməsində rolunu qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğunu xatırladaraq enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığın Avropa və dünya ölkələri üçün rolunun nə qədər mühüm əhəmiyyət təşkil etdiyini forum iştirakçılarının diqqətinə çatdırdı. Həqiqətən də 1994-cü ildə Ulu Öndərin rəhbərliyində əsrin müqaviləsinin bağlanması ilə başlanmış Azərbaycanın enerji sahəsindəki inkişafının bu gün gəldiyi nəticə olduqca qürurvericidir. Azərbaycanın ən əsas iştirakçılarından biri olduğu Cənub Qaz Dəhlizinin uğurla tamamlanması sübut edir ki, ölkəmiz artıq nəinki regional, eyni zamanda, qlobal enerji layihələrinin iştirakçısına və icraçısına çevrilib. Belə qlobal enerji layihələrində iştirak ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, hərbi və siyasi imkanlarını da genişləndirir. Belə ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərindən ibarətdir ki, bu boru kəmərləri İtaliyaya qədər uzanır. Bu gün Azərbaycan İtaliyanı neftlə təchiz edən ölkədir. İtaliyadan başqa digər iki Avropa ölkəsi, Yunanıstan və Bolqarıstana da qaz ixrac edirik”, - deyə komitə sədri qeyd edib.

Z.Əsgərovun sözlərinə görə, dövlətimizin başçısının vurğuladığı digər mühüm məqam isə bu oldu ki, Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Bu istiqamətdə görüləsi işlərdən biri də qaz kəmərlərinin ötürmə qabiliyyətinin artırılmasıdır. Bunun üçün yeni boru-kəmər tikinti layihələri mövcuddur, ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qaz ixracı ilə bağlı xarici dövlətlərdən daha çox müraciət alıb, çünki Avropa Rusiyanın təbii ehtiyatlarından, xüsusən də Rusiya qazından asılılığına son qoymağa çalışır. Əlbəttə bütün bu yeni layihələrin və müraciətlərin potensialı ölkəmiz üçün ən sərfəli nəticəyə uyğun olaraq qiymətləndiriləcək.

Bildirilib ki, enerji təhlükəsizliyi sahəsində qarşımızda duran hədəflərdən biri də bərpaolunan enerji mənbələrindən istifadə məsələsidir. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən də yüksək dəyərləndirilir. Bu sahədə artıq bir günəş və bir külək elektrik stansiyası inşa olunur. Bərpaolunan enerjiyə qoyulan sərmayə bizim qaz ehtiyatımıza qənaət edilməsinə və daha çox qaz ixrac etmək imkanımıza səbəb olacaq.

Prezident İlham Əliyev forumda ölkəmizin bərpaolunan enerji potensialından bəhs edərkən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialının 9200 meqavat qiymətləndirildiyini bildirib. Belə bir mötəbər beynəlxalq platformada müzakirə edilən mövzuya uyğun olaraq dövlətimizin başçısının böyük siyasi məharətlə diqqəti işğaldan azad edilmiş torpaqlarımıza çəkməsi onun siyasi bacarığının və liderlik qabiliyyətinin daha bir göstəricisidir.

Enerji təhlükəsizliyi məsələlərindən bəhs edərkən iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyevin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıqlarını xatırlatmaq da yerinə düşərdi. Dövlətimizin başçısı bu sənədi enerji sahəsindəki gələcək fəaliyyətimizin yol xəritəsi adlandırıb. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində belə uzunmüddətli və etibarlı əməkdaşlığın formalaşmasını əlbəttə ki, Ulu Öndərin və onun davamçısının ölkəmiz üçün qazandıqları böyük nailiyyətlərdən biri hesab edə bilərik. Çünki böyük regional və qlobal enerji layihələrinin həyata keçirilməsi olduqca məsuliyyətli məsələdir. Əgər Azərbaycanda siyasi, iqtisadi sabitlik olmasaydı, enerjinin istehsalı və tranziti ilə bağlı lazımi infrastrukturlar tikilib qurulmasaydı biz dünya dövlətlərinin, eləcə də Avropa İttifaqının etibarını qazana və belə nəhəng layihələrin icrasını həyata keçirə bilməzdik.

“Bu gün ərazi bütövlüyünü bərpa etmiş dövlətimiz özünün ən qüdrətli dövrünü yaşayır. Azərbaycan həm regionda, həm də dünyada sülhə, təhlükəsizliyə, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinə, insanların iqtisadi rifahının yüksəldilməsinə xidmət edən çağırışlarla çıxış edir. Nəhəng enerji layihələrində iştirakımız isə ölkəmizin enerji ehtiyatlarını artırmaqla yanaşı, digər tərəfdən bizim dünya dövlətləri ilə əməkdaşlığımıza da çox müsbət təsir edir.

Ümumilikdə Prezident İlham Əliyevin İtaliyaya iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edən səfəri olduqca uğurlu və məhsuldar keçdi. Azərbaycan lideri İtaliya Prezidenti və İtaliya Nazirlər Şurasının sədri tərəfindən çox yüksək səviyyədə qəbul edilməklə yanaşı, Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Səfirliyin nəzdində Mədəniyyət Mərkəzinin yaradılması mədəniyyətimizin Avropada daha yaxından tanıdılması baxımından olduqca mühüm hadisədir. İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlığın möhkəmləndirilməsindən əlavə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair Sazişin imzalanması isə təhsil sahəsində əlaqələrin dinamik inkişafına xidmət edəcək. İtaliyanın qədim köklərə malik Avropanın ən qabaqcıl təhsil mərkəzlərindən biri olduğunu nəzərə alsaq, bu Sazişin əhəmiyyəti daha da aydın olar”, - deyə Ziyafət Əsgərov bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibə isə ölkəmizin Qarabağ müharibəsində haqlı mövqeyi, ərazi bütövlüyümüzü bərpa etdikdən sonra erməni işğalçılığının nəticəsi olaraq qarşılaşdığımız mənzərə, bütün çətinliklərə baxmayaraq ən yüksək səviyyədə yenidənqurma, bərpa, nəqliyyat-kommunikasiya infrastrukturlarının yaradılması işlərinin aparılması və ən əsası da Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunması istiqamətində dövlətimiz tərəfindən aparılan qətiyyətli və əzmkar siyasət barədə Avropa oxucusuna geniş məlumat verib.

“Müsahibə zamanı jurnalistin Türkiyə, Rusiya və İran kimi dünyanın güclü dövlətlərinin əhatəsində yerləşən Azərbaycanın həmişə balansı qoruyub saxlamağa müvəffəq olduğunu bildirməsi ölkəmizin güclü, qüdrətli, müstəqil dövlətə, dövlətçilik ənənələrinə, beynəlxalq nüfuza, yüksək siyasi iradəyə malik liderə sahib olmağımızın təntənəsidir”, - deyə komitə sədri vurğulayıb.

banner

Oxşar Xəbərlər