• cümə, 29 Mart, 10:49
  • Baku Bakı 5°C

Azərbaycanın irihəcmli layihələr üçün kifayət qədər qaz ehtiyatı var

19.12.13 09:51 11706
Azərbaycanın irihəcmli layihələr üçün kifayət qədər qaz ehtiyatı var
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. Belə ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Srağagün “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması, bu layihənin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, enerji məsələləri üzrə ekspert Sabit Bağırov cavablandırır.
- Srağagün Bakıda “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilib. Belə bir qərarın imzalanması Azərbaycan üçün nə qədər əhəmiyyətlidir?
- Bunun çox böyük əhəmiyyəti var. Çünki bu qərarın imzalanması Azərbaycan qazının Avropaya ixracına yol açır. Əslində belə bir razılaşmanın əldə edilməsi çoxdan, təxminən bir neçə il idi ki, gözlənilirdi. Son dövrlər TANAP və TAP üzrə qəbul edilən qərarlar da “Şahdəniz-2” layihəsinin maliyyələşdirilməsi ilə bilavasitə bağlı idi. Əgər burada qazın hasilatı təxmin olunmasa, təbii ki, həmin boru kəmərləri ilə ötürməyə nə isə olmayacaqdı. Bu səbəbdən son qərarın imzalanmasının əhəmiyyəti böyükdür. “Şahdəniz-2”-nin maliyyələşməsi ilə gələcəkdə yataqdan qazın hasilatı təmin olunacaq. Beləliklə də Azərbaycan Avropa bazarında öz yerini tuta biləcək. Bu yer böyük olmasa da Azərbaycan üçün önəmlidir ki, Avropa ölkələrinə birbaşa qaz ixrac etməyə başlayacaq. TAP layihəsi çərçivəsində Azərbaycan Türkiyə üzərindən Yunanıstana, oradan isə Albaniya və İtaliyaya qaz ixrac edəcək. Beləliklə də Cənubi Avropanın 3 ölkəsinə mavi yanacaq daşınacaq. Düşünürəm ki, bunun ardınca İtaliya üzərindən şimal istiqamətinə doğru da qazın
ixracı mümkündür. Təbii ki, əgər Azərbaycanda qaz hasilatı artırılarsa.
- Bəs, Avropa üçün bu qərar nə deməkdir?
- Avropa üçün də belə bir nəticənin əldə olunması böyük uğurdur. Öncə bu qərar siyasi baxımdan diqqətçəkicidir, nəinki qaza olan tələbatın ödənilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi aspektindən. Bayaq qeyd etdiyim kimi, Azərbaycanın bu bazarda payı cəmi 3 faizdir. Lakin ölkəmizin Rusiya amili dura-dura müstəqil bir dövlət kimi qərar qəbul etməsi Avropa üçün xüsusi əhəmiyyət kəsb edir.
- Azərbaycanın Şimal qonşusu da Avropaya qaz ixrac edir. Hətta bəzi məqamlarda Kreml bu imkanlarından istifadə edərək Avropa ölkələrinə təzyiq də göstərir. Bu mənada “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropa bazarına çıxışı Rusiyanın qısqanclığına, ölkəmizə qarşı təzyiq göstərməsinə gətirib çıxarmayacaq ki?
- Düzdür, biz qaz hasilatını artırdıqca, Avropaya mavi yanacaq ixracını çoxaltdıqca bu bazarlara qaz satan ölkələr, eləcə də Rusiya üçün rəqibə çevriləcəyik. Amma hələlik bu rəqabətdə bizim gücümüz o qədər də böyük deyil. Avropanın qaz idxalında Rusiyanın payı təxminən 35-40 faiz arasındadır. Biz isə hələlik bu ixracatın onda birinə yaxınıq. Yəni Avropanın qaz idxalında Azərbaycanın payı 3 faizə yaxınlaşacaq. Bu, elə də böyük rəqəm deyil. Rusiya üçün daha böyük təhlükə ABŞ tərəfindən gözlənilir. Amerikada şist inqilabı ona gətirib çıxaracaq ki, ABŞ özü Avropaya maye qaz ixrac etməyə başlayacaq. İndidən şist qazının Avropada hasilatı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Ukraynadakı böyük şist qazı yataqlarının yaxın zamanlarda işlənməsinə başlanılacaq. Bu istiqamətdə iki şirkətlə beynəlxalq sazişlər imzalanıb. Gözlənilir ki, 2020-ci ilə yaxın Ukrayna özü-özünü mavi yanacaqla tam şəkildə təmin edəcək. Ukraynanın qonşuluğundakı Polşa da böyük şist qaz yataqlarına malikdir. Orada da bu istiqamətdə işlər inkişaf etməkdədir. Əgər digər Avropa ölkələrindəki şist qazı yataqlarını da nəzərə alsaq, Rusiya üçün daha böyük rəqibləri indidən görmək olar.
- Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə saziş imzalanarkən bəzi ekspertlər bu layihənin özünü doğrultmayacağını bildirir, Azərbaycanın bu kəməri neftlə doldurmaq imkanlarının məhdud olduğunu vurğulayırdılar. İndi də “Şahdəniz-2” layihəsi barədə eyni fikirlər söylənməkdədir. Siz necə düşünürsünüz, Azərbaycanın qaz ehtiyatları bu layihənin işlənməsinə bəs edəcəkmi?
- Azərbaycan rəsmilərinin qeydlərinə görə, ölkənin qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində göstərilir. Bu, kiçik deyil, kifayət qədər böyük rəqəmdir. Ona görə də ölkəmizin nəinki TANAP, TAP, hətta bundan sonra digər irihəcmli layihələr üçün də kifayət edəcək qədər qaz ehtiyatı var. Sadəcə, burada müəyyən qədər zaman və investisiya tələbi var ki, bunlar da tədricən həll olunmaqdadır.
- “Şahdəniz-2”, TANAP, TAP dünyanın enerji layihələri kimi qiymətləndirilir. Bu layihələrin reallaşması üçün 45 milyard dollar investisiyanın, dəhliz boyunca 30 min yeni iş yerinin açılacağı gözlənilir. Maraqlıdır, Azərbaycan özü bu layihədən nə qədər gəlir götürəcək?
- Əgər “Şahdəniz” yatağındakı ehtiyatlar doğrudan da qeyd olunan həcmdədirsə, ehtimallar çox böyükdür. Bu yataqda qazın satış qiymətindən Azərbaycan 70 milyard dollar gəlir əldə edə biləcək. İllik orta gəlir isə təxminən 2 milyard dollar həcmində olacaq.
- Gələcəkdə Azərbaycanın “Şahdəniz” kimi yeni qaz yataqları aşkarlamaq potensialı varmı?
- Azərbaycanda qaz yataqlarının potensialı doğrudan da böyükdür. İndiki qiymətlərlə hesablasaq və investisiya xərcləri və xarici şirkətlərin payları çıxmaqla Azərbaycanın gözlənilən təmiz gəliri 70-80 milyard dollar həcmində ola bilər. Bunu 35 ilə bölsək 2 milyard dollar orta rəqəmi ala blərik. Təbii ki, hasilatın ilk və son illərində qazanclar daha az, hasilat müddətinin ortalarında isə daha böyük olacaq. 2,5 trilyon kubmetr həcmində qaz ehtiyatı heç də kiçik rəqəm deyil. Düzdür, Türkmənistanla, Rusiya ilə müqayisədə azdır. Amma yaxın 100 il üçün bu, yetərlidir. Həm öz tələbatımızın ödənməsi, həm də ixrac üçün yetərincə qazımız var.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər