• şənbə, 19 Iyul, 22:55
  • Baku Bakı 32°C

Azərbaycanı daha cəlbedici edən reytinq 

19.07.25 03:09 175
Azərbaycanı daha cəlbedici edən reytinq 

Azərbaycanın “Moody’s” tərəfindən reytinqinin “Ba1”dən “Baa3”ə yüksəldilməsi ciddi və müsbət göstəricidir. Bu, həm dövlət, həm də özəl sektor üçün gözəl imkandır. 

“Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb. 
Bu yüksəlmə ölkəmizə, iqtisadiyyatımıza nə kimi töhfə verəcək?

“Azərbaycanı da perspektiv ölkə kimi nəzərdən keçirəcəklər”

İqtisadçı Elçin Əkbərovun sözlərinə görə, ölkəmiz ilk dəfə 2006-cı ildə “Moody’s” reytinqinə “Ba1” reytinqi ilə daxil edilib. Reytinqimiz qlobal və lokal iqtisadiyyatda dalğalanmalarla “Baa3” ilə “Ba2” arasında hərəkət edib. 2025-ci il 4 iyul tarixindən isə Azərbaycanın reytinqi yenidən “Baa3” səviyyəsinə yüksəlib: “Daha əvvəl Azərbaycan spekulyativ artan risk kateqoriyasında idi. Bu dəyişimlə xarici investorlar və beynəlxalq maliyyə institutları ölkəmizlə bağlı daha az risk görəcək, “Moody’s” reytinqini əsas götürən qurumlar investisiyalarını planlaşdırarkən Azərbaycanı da perspektiv ölkə kimi nəzərdən keçirəcəklər. Ümumi reputasiya və beynəlxalq mövqeyimiz möhkəmlənir, nəticə olaraq işgüzar aktivliyin və yeni layihələrin artmasına səbəb ola bilər”.

E.Əkbərovun fikrincə, kredit reytinqi borc öhdəliklərini vaxtında və tam yerinə yetirmə qabiliyyətini qiymətləndirir: “Azərbaycanın güclü fiskal mövqeyi, aşağı borc yükü, qeyri-neft-qaz sektorunun inkişafı və neft gəlirlərindən asılılığın azalması reytinq yüksəlişinin əsas səbəblərindən biri kimi göstərilib”. 

Dövlət və özəl sektor üçün gözəl imkan

İqtisadçı kredit reytinqinin yüksəlməsinin müsbət tərəflərinə də toxundu: “Kredit reytinqinin yüksəlməsi ilə Azərbaycan beynəlxalq bazarlardan daha ucuz kreditlər cəlb edilə bilər. Xarici investorların Azərbaycana olan inamı güclənir. Artan investisiya və azalan borclanma xərcləri iqtisadi artımı stimullaşdırır. Yeni layihələrin icrasına və infrastrukturun inkişafına şərait yaradır, beynəlxalq maliyyə qurumları və tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənir. Ölkəyə kapital axınının artması milli valyutanın sabitliyinə müsbət təsir etdiyi kimi, qarşılıqlı olaraq milli valyutanın sabitliyi də ölkəyə kapital axının artması ilə nəticələnir. Yüksək reytinqlə ölkəyə qarşı iqtisadi və siyasi islahatlar, şəffaflıq və makroiqtisadi sabitliyin qorunması ilə bağlı gözləntilər artır. Bu gözləntilərin qarşılanmaması gələcəkdə reytinqin yenidən aşağı salınması ilə nəticələnə bilər”.
E.Əkbərov bildirdi ki, “Moody's”in proqnozunun müsbət olması, gələcəkdə daha bir yüksəliş potensialının olduğunu göstərir: “Qeyri-neft sektorunun davamlı inkişafı ilə iqtisadiyyatın neftdən asılılığının daha da azaldılması, bank-maliyyə sektoru, vergi sistemi, dövlət satınalmaları və ümumilikdə biznes mühitində şəffaflığın və səmərəliliyin artırılmasına yönəlmiş islahatların davam etdirilməsi həlledici olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi potensialının tam şəkildə istifadəyə verilməsi ilə ümumi iqtisadiyyata töhfəsi, dövlət borcunun aşağı səviyyədə saxlanılması və strateji valyuta ehtiyatlarının artırılması da mühüm məqamlardır. Geosiyasi hadisələr, böyük borclanma, iqtisadiyyatın şaxələndirilməməsi, neft-qazdan asılılıq kimi məqamlar isə reytinqin yüksəlməsinə mane ola bilər”.

İqtisadçı qeyd etdi ki, Azərbaycanın “Moody’s” tərəfindən reytinqinin “Ba1”dən “Baa3”ə yüksəldilməsi ciddi və müsbət göstərici olmaqla, həm dövlət, həm də özəl sektor üçün gözəl imkandır. Bu, daha çox sərmayə, daha ucuz maliyyə və daha güclü iqtisadi nüfuz deməkdir. 

Reytinqə təsir edən əsas amillərdən biri geosiyasi sabitlikdir 

İqtisadçı-ekspert Aslan Əzimzadə də düşünür ki,  “Moody’s" beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqinin səviyyəsini artırması ölkəmizin investisiya cəlbediciliyi çərçivəsində statusunun yüksəldilməsi deməkdir: “İnvestisiya axınlarının artması, borclanma şərtlərinin yaxşılaşması, milli valyuta və iqtisadi siyasətə etimadın artması və qlobal mövqeyimizin möhkəmlənməsi məhz kredit reytinqinin artması nəticəsində ön plana çıxan müsbət tərəflərdir. Kredit reytinqinin artması çərçivəsində beynəlxalq maliyyə bazarlarında Azərbaycan daha cazibədar sayılır. Digər tərəfdən, borclanma şəraitinin yaxşılaşması özünü həm dövlət, həm özəl sektor üçün maliyyə bazarlarından cəlb olunan vəsaitlərin faizlərinin azalmasında, iqtisadi inkişafın maliyyələşmə xərclərinin aşağı düşməsində göstərir”. 

A.Əzimzadənin sözlərinə görə, kredit reytinqinə təsir edən əsas amillərdən biri geosiyasi sabitlikdir: “Bu gün Azərbaycanın balanslı siyasəti geosiyasi risk faktorunu da azaldır. Bu da öz növbəsində kredit reytinqinin artmasına səbəb olur. Çünki investorlar üçün ən vacib göstəricilərdən biri də məhz geosiyasi risklərdir. Xarici sektordan, xüsusən də neft və qaz gəlirlərindən asılılıq faktoru kredit reytinqinə təsir göstərən amillərdəndir. Çünki son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etməsi sırf xarici sektordan asılılığı da azaldıb ki, bu da kredit reytinqinin artmasına öz töhfəsini verib”. 

“İnsan kapitalına daha çox sərmayə yatırılmalıdır”

Ekspertin fikrincə, kredit reytinqinin müəyyən mənfi cəhətləri də var: “Çünki ölkələr kredit reytinqinin qorunması üçün bəzi hallarda sərt fiskal siyasətə keçə bilirlər. Bu da öz növbəsində müəyyən mənada sahibkarlığa mənfi təsir göstərir, sosial xərclərə müəyyən qədər təsir edir. Ölkəmizdə hazırda sosial və maliyyə sahəsində mütərəqqi və davamlı islahatların nəticəsində kredit reytinqinin də uzunmüddətli perspektivdə yenidən artırılması gözlənilə bilər. Gələcəkdə artım olması üçün qeyri-neft sektorunda dayanıqlı şəkildə iqtisadi artım təmin olunmalı, rəqəmsal islahatlar sürətlənməli, insan kapitalının inkişafına daha çox sərmayə yatırılmalıdır”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər