• cümə, 29 Mart, 06:38
  • Baku Bakı 5°C

Azərbaycanda insult mərkəzlərinin yaradılmasına ehtiyac var - Fotolar

17.09.19 09:00 22168
Azərbaycanda insult mərkəzlərinin yaradılmasına ehtiyac var - Fotolar
Nuran Elcan oğlu Abdullayev 1989-cu ildə anadan olub. Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə qəbul olub. Ali təhsilini fərqlənmə diplomu ilə bitirərək elə həmin ildə Almaniyanın Köln Universitet Klinilasının Radiologiya və Neyroradiologiya İnstitutunda birbaşa işlə təmin olunub. O, Almaniya və Avropa Radiologiya Cəmiyyətində doktorluq işinin təqdimatından sonra Köln Universitetində uğurla müdafiə edib, elmi ad alıb. N.Abdullayev radiologiya sahəsində ilk dəfə spektral kompyuter tomoqrafiya vasitəsi ilə sümükdə ödemin vizualizəsinin mümkünlüyünü sübut edib və bu, elmi araşdırma şəklində dərc olunub. Beləliklə, müsahibimiz tibb elmləri doktoru, Almaniyadakı Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun həkim radioloqu, Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətinin sədri Nuran Abdullayevdir.

- Nuran həkim, Siz peşə fəaliyyətinizlə yanaşı, Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətinə də sədrlik edirsiniz. Öncə bu cəmiyyət barədə məlumat vermənizi istərdik. Belə bir qurumun yaradılması hansı zərurətdən irəli gəlib?
- Təxminən 1 ildir ki, Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyəti aktiv fəaliyyət göstərir. Almaniyada bu qurumu yaratmaq bəzi bürokratik məsələlərdən sonra o qədər də çətin deyildi. Amma bir tibbi cəmiyyəti bu sahənin ən öndə gedən mütəxəssisləri ilə birgə qurmaq, ölkələrarası status almaq və onu aktiv fəaliyyətə gətirmək asan deyil. Bu baxımdan, sözügedən təşkilatın sədri olmaq mənim üçün böyük məsuliyyətdir. Akademik karyeramda qazandığım uğurlar bu cəmiyyəti qurmağımıza və mənə növbəti iki ildə ona sədrlik etməyə böyük dəstək oldu. Cəmiyyətin əsas məqsədinə gəlincə, hələ illər öncə Azərbaycanda radiologiya və reyroradiologiya sahəsində rekonstruktiv dəyişikliklər etmək mənim məqsədlərimdən biri idi. Bu arzumu dilə gətirəndə çox adam məni başa düşmürdü. İndi isə cəmiyyət sədri olaraq məqsədimin ilkin addımlarını atıram. Sevinirəm ki, arzularımın, məqsədlərimin tədricən həyata keçirilməsi Azərbaycana da fayda verir. Misal üçün, növbəti iki ildə radiologiya sahəsində olan ən son yenilikləri Azərbaycanda konfrans, simpozium və praktiki təlimlər vasitəsi ilə nəinki öz sahəmizdən olan, hətta başqa sahədəki həkim kolleqalara, o cümlədən həkim rezidentlərə, tələbələrə və mümkün qədər də tibb təhsili olmayan sadə vətəndaşlara çatdıracağıq. Bu yolla radiologiya sahəsinə Azərbaycanda baxış dəyişikliyinin olmasını arzulayırıq. Yalnız bundan sonra göstərdiyimiz yenilikləri Azərbaycanda tətbiq edə bilərik. Önümüzdəki iki ildə Almaniyada radiologiya və neyroradiologiya sahəsində azərbaycanlı gənc kadrların hazırlanması və onların ölkəmizə dönüb çalışması da var. Bu istiqamətdə artıq Azərbaycan Tibb Universiteti ilə anlaşma memorandumu imzalamışıq. Düşünürəm ki, bu imkandan həkim rezidentlər və tələbələr də yararlana biləcəklər.


- Siz yeniliklərdən danışdınız. Bu, yeniliklər nədən ibarətdir?
- 2016-ci ildən etibarən hər il Bakıda Almaniyadan olan həkim professor heyəti ilə birlikdə Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumunu təşkil edirik. Şəxsi təşəbbüsüm ilə Azərbaycanda qonaq olan professorlar, o cümlədən klinika direktorları tibb sahəsində elmi araşdırmaları ilə dünyada tanınan mütəxəssislərdir. Onları Azərbaycana gətirə bilmək mənim üçün ayrı bir qürurdur. Yeniliklərə gəlincə, ən son tədbirlərimizdə - ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr edilmiş 2-ci Alman-Azərbaycan Neyroradioloji Simpoziumunda və bu il keçirdiyimiz 3-cü Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumunda artıq Azərbaycanda açılması zəruri olan İnsult Mərkəzlərindən söhbət açdıq. Məlumat üçün bildirim ki, Almaniyada bu cür mərkəzlər 1996-cı ildən fəaliyyət göstərir. Son elmi qənaətə görə, əhalisi 1 milyon olan şəhərdə ən azı 2 belə mərkəz qurulmalıdır. Bu mərkəzlərdə bütün beyin insult xəstələrinə mərkəzləşmiş tibbi xidmətlə yanaşı, kəskin vəziyyətdə beyin damarlarının tutulması nəticəsində (işemik insult) yaranan insultda tətbiq olunan damardaxili əməliyyatlar icra olunur. Belə əməliyyatlar nəticəsində xəstələrin böyük qismi insultdan tam azad olur. Bu da öz növbəsində ölüm sayını azaltmaqla bərabər, birbaşa əhalinin uzun ömürlülüyünə gətirib çıxardır. Keçirtdiyimiz konfranslar çərçivəsində Azərbaycanda ilk dəfə olaraq belə əməliyyatları praktiki təlimlər şəklində model üzərində azərbaycanlı həkim yoldaşlarımıza təqdim etmişik. Eyni zamanda, bu sahədə etdiyimiz elmi yenilikləri onlarla bölüşmüşük.

- Qeyd etdiyiniz İnsult Mərkəzlərində başqa nələrin icrası mümkün ola bilər və ya insanlar əlavə hansı xidmətlərdən yararlana bilərlər?
- İnsultdan ölümün qarşısını almaq və eləcə də ortalama ölüm yaşının uzanması səhiyyə sistemində çox vacib məsələdir. Azərbaycanda belə mərkəzlərin qurulması ölkə səhiyyəsində inqilabi dəyişiklik ola bilər. Əgər indiyə qədər Azərbaycanda beyin insultundan insanlar dünyasını dəyişirdisə, artıq bu mərkəzlərin qurulması həmin insanları ölümdən qoruyacaq. Eyni zamanda, bu mərkəzdə insanlarda beyin insultundan öncəki mərhələlər araşdırılıb tapılır və müvafiq əməliyyatlarla insultun qarşısı tam alınır. Bundan başqa, belə mərkəzlərdə beyindaxili damarların başqa patologiyaları da aşkarlanıb müalicə olunur. Bugünkü elmi statistika bizə deməyə əsas verir ki, Azərbaycanda təkcə cari ildə beş yüz min vətəndaş beyin damarlarının patologiyasından əziyyət çəkir. Hansı ki, bu adamların özləri diaqnozlarından xəbərsizdirlər. Onların diaqnostikası və müalicəsi sözügedən mərkəzlərdə aparıla bilər. Xüsusilə qeyd etmək yerinə düşər ki, alman modeli bu insult mərkəzləri arasında ən etibarlı və müasir olanıdır.


- Tərcümeyi-halınızdan göründüyü kimi, gənc yaşda öz sahənizdə nəinki praktiki, eyni zamanda elmi uğurlar qazanan və ilklərə imza atan gənclərimizdənsiniz.Hazırda elmi fəaliyyətiniz nə yerdədir?
- İndiyə qədər öyrəndiklərimin, əldə etdiyim hər hansı uğurun arxasında elmi nəticə dayanır. Yəni, istər dini, istər elmi və praktiki baxımdan yanaşsaq, hər bir peşə sahibi davamlı olaraq öz elmini artırmalı, öyrənməyə, yeniliklərə daim açıq olmalıdır. Bu mənada mən də öz üzərimdə hər zaman çalışır, özümü daha da inkişaf etdirməyə səy göstərir, elmi fəaliyyətimi davam etdirirəm. Elmə üstünlük verərək çalışmaq, zəhmətə qatlaşmaq son nəticədə uğurlara gətirib çıxarır. Bu ilin mənim üçün gözlənilməz və xoş xəbəri Almaniya Neyroradiologiya Cəmiyyəti tərəfindən 2019-cu ilin oktyabr ayında Frankfurt şəhərində keçiriləcək 2-ci alman insult məktəbinə ən gənc invaziv neyroradioloq kimi təqaüd qazanmağımdır. Köln Universitet Klinikasından yeganə iştirakçı olmaqla yanaşı, toplam olaraq Almaniyadan cəmi 5 nəfərə bu təqaüd verilib. Təbii ki, bu da məni qürurlandırır. Lakin bununla kifayətlənmək olmaz. Öz uğurlarımdan geniş danışmaq istəməsəm də, kiçicik bir nümunəni də qeyd etmək istəyirəm. Hər il mənim dəvətimlə Almaniyanın tanınmış professor heyəti və böyük klinika rəhbərləri tam təmənnasız olaraq Azərbaycana gəlir, burada təşkil etdiyimiz tədbirlərə qatılır, təcrübələrini, tibbin yeniliklərini həmkarlarımızla bölüşürlər. Onlar elm dostlarımdır və mənə də elmi onlar qazandırıblar. Yəqin ki, onların ümidlərini doğrultmasaydım buralara qədər gəlib çıxa bilməzdim. "Bunu azərbaycanlı olaraq birinci mən eləmişəm” və sair kimi fikirlər mərhələsini çoxdan arxada qoymuşam. Elədiklərimizin və edəcəklərimizin bəşəriyyətə, insanlığa, Vətənimə nə faydası var, ortaya hansı işi qoymaqla dünyaya, o cümlədən Azərbaycana, ölkə vətəndaşına xeyrimiz dəyə bilər suallarına cavab axtaracaq mərhələdəyəm. Düşüncələrimizə uyğun şəkildə hansısa mərhələdə hansısa işə azacıq qatqımız olursa, nə xoş bizim halımıza.


- İndi Almaniyada yaşayır və fəaliyyət göstərirsiniz. Əldə etdiyiniz elmi və təcrübi biliklərinizlə nə zamansa Azərbaycana dönməyi düşünürsünüzmü?
- Həmişə mənə bu sualı verəndə Prof. Mahmut Sadinin Atatürk haqqında xatirə yazısında dedikləri yadıma düşür. Belə ki, Atatürk onu bir neçə tələbə ilə birgə Almaniyaya təhsil almağa göndərmək qərarını verir. Mahmut Sadi son ana qədər gedib-getməməyinə dair tərəddüd edir. Sonuncu gün Atatürkdən belə bir məzmunda teleqram alır: "Sizleri birer kıvılcım olarak gönderiyorum, alevler olarak geri dönmelisiniz!”. Mahmut Sadi də cavabında deyir: "Gel de şimdi gitme, git de orada çalışma, dön de bu ülke için canını verme!". M.Sadi ölkəsinə döndükdən sonra Başbakanlığa – Baş nazir vəzifəsinə qədər yüksəlir. Bu yerdə bir məsələni də qeyd etmək istəyirəm. Vətənə, dövlətə bağlılıq ailədən gəlir. Babam Cəmil Abdullayev ömrünün 55 ilini pedaqoji fəaliyyətə, yeniyetmə və gənclərin təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş ziyalıdır. Onun övladı olaraq əmim Şövqiyar Abdullayev Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə şəhid olub, döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Əmimə verilmiş orden ulu öndər Heydər Əliyev tərəfindən babam Cəmil müəllimə şəxsəntəqdim edilib. Atam Elcan Abdullayev peşəkar hərbçi, xüsusi-xidmət orqanı zabiti kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə ləyaqətlə xidmət edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə” medalı ilə təltif olunub. Digər əmilərim, bibilərim və ailə üzvlərim də müxtəlif peşə sahələrində Azərbaycan xalqına və onun dövlətçiliyinə, vətəndaşlarımıza xidmət edirlər. Ot kökü üstdə bitər deyib atalarımız. Düz 7 il bundan öncə məni ölkəmizdən Almaniyaya atam Elcan Abdullayev yola salıb. O zaman atama verdiyim söz ölkəyə lazım olan anda geri dönməyim olub. Odur ki, ehtiyac olduğu zaman, zərurət yarandığı halda elmi və təcrübi biliklərimlə Vətənimə geri dönəcəm, vətəndaşlarımıza xidmət edəcəm.

Rufik İSMAYILOV




banner

Oxşar Xəbərlər