Azərbaycanda III sektor: Reallıqlar və perspektivlər
Bildiyimiz kimi, demokratik
cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola
malikdir. Bu baxımdan, Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması
və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən
ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini
maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi
bu siyasətin mühüm təzahürüdür. Dövlət eyni zamanda müxtəlif nazirliklər,
fondlar vasitəsi ilə də QHT sektorunun inkişafına dəstəyini göstərməkdədir. Bu
diqqət və qayğı sayəsində Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi
töhfə verən QHT institutu formalaşıb. Milli donor institutu olan Şuranın
2016-cı ildə elan etdiyi 3 qrant müsabiqəsi çərçivəsində ümumilikdə
469400 manat maliyyə ayrılan 42 layihənin tərəfimdən aparılan monitorinqi
də bunu ortaya qoyur.
Şuranın 2016-cı ildə
birinci qrant müsabiqəsi çərçivəsində sosial məsələlər istiqaməti üzrə maliyyələşdirdiyi
ümumi məbləği 257400 manat olan 28 layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində
və Biləsuvar, Ağdam, Qazax, Qəbələ, Beyləqan,
Şamaxı, Sabirabad, Quba, Abşeron, Bərdə, Tərtər, Füzuli, Yardımlı, Gədəbəy, Şəki,
Salyan, Qax, Masallı, Cəlilabad, İmişli, Saatlı, Hacıqabul, Ağsu rayonlarında həyata
keçirilib. Layihələrin Azərbaycanın bütün regionlarını əhatə etməsi ilkin müsbət
məqam kimi diqqət çəkir. Birinci qrant müsabiqəsində maliyyələşdirilən layihələr
çərçivəsində ahıl və tənha vətəndaşların sosial adaptasiyası ilə əlaqədar 14
Binəqədi sakini üçün teatr turları təşkil olunub, həmin ərazidə yaşayan və
sosial xidmət göstərilməyən 14 ahıl və tənha vətəndaş müəyyən olunaraq əldə
olunan məlumatlar uyğun dövlət qurumlarına təqdim edilib. Tənha, ahıl, görmə imkanları məhdud şəxslərin sosial
adaptasiyası üçün Sosial Xidmət Mərkəzinin təməli qoyulub. Mərkəz vasitəsilə
görmə imkanları məhdud 10 ahıl və tənha
şəxsə CD-pleyer paylanıb. Bakı, Xırdalan və Gəncə şəhərlərində istedadlı
əlillərin əl işlərinin satış sərgiləri, eyni zamanda, musiqi istedadı olan əlillərin
ifasında konsert proqramları təşkil olunub. Xüsusi qayğıya ehtiyacı olan
uşaqlarla bir sıra reabilitasiya məşğələləri aparılıb. Uşaqlar üçün loqoped
xidməti, idman-intensiv hərəkətlər və digər
təlimlər təşkil olunub. Aztəminatlı ailələrdə yaşayan beş yaşlı 60 uşaq
üçün məktəbəhazırlıq kursları təşkil olunub. Sabirabad rayonunda yaşayan aztəminatlı
ailələrin övladlarının paytaxt Bakı şəhəri başda olmaqla, zəngin tarixə malik
Quba və Şəki şəhərlərinə eko-turları təşkil olunub.
Həyata keçirilən layihələr
çərçivəsində sağlamlıq imkanı məhdud olan 22 uşağın əl işlərindən ibarət sərgi
keçirilib. 50 nəfər sağlamlıq imkanı məhdud olan Qarabağ müharibəsi
iştirakçısının, əlil-veteranın Qəbələ, İsmayıllı, Şamaxı, Qusar və Xaçmaz
rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təşkil olunub. Müxtəlif
mövzular üzrə 91 tədbir keçirilib, 2 adda kitab, 2 adda broşur, 14 adda buklet
nəşr olunub, 2 sosial çarx hazırlanıb. Bu layihələr çərçivəsində 10 təlim
keçirilib.
Monitorinqlər göstərir ki, QHT-lərin şəhid ailələri, Qarabağ müharibəsi
veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı layihələr çərçivəsində ehtiyaclı ailələrin üzə
çıxarılması, onların sosial problemlərinin öyrənilməsi və bunun həlli üçün
aidiyyəti dövlət orqanlarına müraciət edilməsi istiqamətində daha da effektiv və
davamlı fəaliyyət göstərməsi lazımdır.
Şuranın 2016-cı ildə
ikinci qrant müsabiqəsi çərçivəsində sosial xidmət sahələrində könüllü fəaliyyətin
genişlənməsinə dair təşəbbüslər istiqamətində maliyyələşdirdiyi 5 layihə (cəmi
53000 manat) Bakı, Sumqayıt, Gəncə, Qazax və Qubada həyata keçirilib. Bu layihələr
çərçivəsində 3-ü təlim olmaqla, 21 tədbir keçirilib, 3 adda buklet nəşr olunub.
Əlilliyi olan fiziki məhdudiyyətli 32 uşağın əl işlərindən ibarət sərgi təşkil
olunub, 50 nəfər məişət zorakılığı qurbanına psixo-sosial dəstək göstərilib, məktəblilər
arasında ətraf mühitin mühafizəsinə həsr olunmuş yazı müsabiqəsi keçirilib. Həmçinin
ağacəkmə aksiyası, evlərində tənha yaşayan ahıl insanlara sosial xidmət təşkil
olunub.
QHT-lərin sosial xidmət sahələri
üzrə layihələri çərçivəsində ev işlərində ahıl, xəstə insanlara kömək edilməsi,
bu məqsədlə iməciliklərin həyata keçirilməsi, belə şəxslər üçün açıq təbiətə
ekskursiyalar, turlar təşkil olunması, onların teatrlara aparılması, cəmiyyətə
inteqrasiyasına yardım edilməsi, asudə vaxtlarının şən, səmərəli keçirilməsinə
çalışılması çox faydalıdır.
Şuranın 2016-cı ildə III
qrant müsabiqəsi çərçivəsində sosial -
iqtisadi inkişafa dair təşəbbüslər və QHT layihələrinə biznes qurumlarının dəstəyinin
təşviq edilməsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirdiyi layihələrin
monitorinqi də maraqlı nəticələr üzə çıxarıb. Sosial-iqtisadi inkişafa dair təşəbbüslər
istiqaməti üzrə ümumi məbləği 127000 manat olan 15 layihə, QHT layihələrinə
biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqaməti
üzrə 32000 manat məbləğində 4 layihə
maliyyələşdirilib.
Sosial-iqtisadi inkişafa
dair təşəbbüslər istiqaməti üzrə həyata keçirilən layihələr çərçivəsində 5 təlim,
49 müxtəlif adda tədbir təşkil olunub, 1 adda kitab, 10 adda buklet nəşr
olunub, 1 sayt, 2 sosial çarx hazırlanıb. Layihələr Bakı, Sumqayıt, Gəncə, Mingəçevir
və Şirvan şəhərlərində, Qəbələ, Şamaxı, Sabirabad, Quba, Bərdə, Şəki, Salyan,
Saatlı, Hacıqabul rayonlarında həyata keçirilib. Bu layihələrin icrası zamanı
sosial imkanları məhdud 61 uşağın valideyninə hüquqi yardım göstərilib,
regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi məqsədilə
"Könüllülük Məktəbi” yaradılıb. Regionlarda fəaliyyət göstərən qadın fermerlərinin
uğur hekayələri və müsahibələri hazırlanaraq mediada yayımlanıb. Həmçinin cəzaçəkmə
müəssisələrində azadlığa çıxmaq ərəfəsində
olan 50 məhkuma hüquqi, tibbi, sosial, psixoloji yardım göstərilib, azadlığa
çıxmış şəxslərin sosial adaptasiya prosesinə köməklik göstərilməsi üçün "qaynar
xətt” yaradılıb. Bakı şəhəri və Quba-Xaçmaz rayonlarında 200-dən çox
hemofiliyalı uşaq üçün stomatoloji xidmət təşkil olunub, Maştağa qəsəbəsində 20
nəfər sağlamlıq imkanı məhdud olan uşağa mobil sosial xidmət göstərilib.
QHT layihələrinə biznes
qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqaməti üzrə
layihələr Bakı, Quba, Gəncə şəhərində həyata keçirilib. Bu çərçivədə "Dövlət-özəl
sektor tərəfdaşlığı” adlı video-çarx və www.ppp.az internet səhifəsi
hazırlanıb. Beyləqan rayonunda bir bələdiyyənin ərazisində 2 km yararsız yol təmir
edilib.
QHT-lərə biznes
qurumlarının dəstəyinin artırılması istiqamətində Bakı və Gəncə şəhərində
"SİNERJİ” Forumu keçirilib. QHT-lərin özəl sektorun inkişafı istiqamətində
qarşıya çıxan problemlərin ictimailəşdirilməsini təmin etməklə biznes və dövlət
qurumları arasında effektiv "körpü” rolunu yerinə yetirməsi sahibkarların
ictimai problemlərin həllində donora çevrilməsinin təşviqi baxımından mühüm
amildir.
Hər üç müsabiqə çərçivəsində
həyata keçirilən layihələrin piar işinin daha da gücləndirilməsi arzuolunandır.
KİV-lərlə iş, icra olunan layihələrin nəticəsinin dolğun şəkildə ictimaiyyətə
çatdırılmasının təşkili QHT-lərdən elmi və praktiki yanaşma tələb edir. Bu
baxımdan, QHT-lər həyata keçirdikləri layihələrin icra prosesinə peşəkar piar
mütəxəssislərini cəlb etməyə çalışması faydalı olardı.
QHT-lərin layihənin icrası
prosesində fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı planlaşdırmanı tamlıqla
düzgün həyata keçirə bilməmələri, icra planının tərtibində qeyri-peşəkarlığa
yol vermələri hallarına da rast gəlinir. Elə buna görə də bir çox QHT-lər layihənin
icrası müddətində tədbirlərin keçirilmə vaxtının dəyişdirilməsi ilə əlaqədar
Şuraya müraciət edirlər. Belə risklərin qarşılanması üçün QHT-lərin fəaliyyətlərini
öncədən rasional formada planlaşdırmaları, layihələrin icrasına daha məsuliyyətli
yanaşmaları, bütün məsələləri nəzərə almaları vacibdir. Digər diqqət çəkən digər
bir məsələ də bəzi hallarda QHT-lərin həyata keçirdikləri uğurlu layihələrin
hesabatlarını hazırlayarkən əldə olunan nəticələri yetərincə müfəssəl və dolğun
şəkildə təqdim edə bilməmələridir. QHT-nin səmərəli şəkildə həyata keçirdiyi
layihənin hesabatını da detallı olaraq, peşəkarlıqla hazırlaması vacibdir.
Layihələrin real icrası
prosesi ilə bağlı foto və video çəkilişlərdə müsbət mənada keyfiyyət dəyişikliyinin
müşahidə olunması diqqətçəkən hallardan biridir. Həmçinin QHT-lərin elektron
xidmətlərdən istifadə bacarıqlarının artması da təqdir olunmalıdır. Öncəki illərdə
e-maillərdən istifadə sahəsində problemlər mövcud olsa da, 2016-cı ildəki qrant
müsabiqələri çərçivəsində maliyyələşən layihələrlə bağlı QHT-lərlə e-mail vasitəsi
ilə əlaqə yaradılması intensivləşib. Demək olar ki, QHT-lərin artıq 90 faizdən
çoxunun bu sahədə bacarıqları formalaşıb.
QHT-lərin bacarıq və vərdişlərinin
inkişaf etdirilməsi məsələlərini həmişə diqqət mərkəzində saxlayan Şura layihələrin
icrasının nəticələrini daima təhlil edərək QHT sektorunun inkişafı üçün müxtəlif
istiqamətlər üzrə dəstəyini və səylərini davam etdirir.
Nigar Ağakişiyeva
Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Katibliyinin
aparıcı məsləhətçisi