Azərbaycan xalqına qənim kəsilən “Teymurlar”

Onların haqqında bu gün də
fəxrlə yazanlar var
Əksər tədqiqat əsərlərindən, arxiv sənədlərindən belə aydın olur ki,
20-ci yüzilliyin əvvəllərində Azərbaycanda baş verən repressiya birbaşa
Mircəfər Mirabbas oğlu Bağırovun əli ilə gerçəkləşdirilib. Təbii ki, bu işdə
onun silahdaşlarının da "əməyi” az olmayıb. Xüsusən də Mərkəzi Komitədə
(Azərbaycanda) "Teymurlar” və ya "uşaqlar” adlandırılan Teymur Quliyevin və Mir
Teymur Yaqubovun. Hər iki "Teymurlar” 1930-cu ildən 1954-cü ilin ortalarına
kimi Azərbaycanda müxtəlif vəzifələrdə çalışaraq, M.C.Bağırovun sağ əli
olublar.
Məsələn, Mir Teymur Mir Ələkbər oğlu Yaqubov Azərbaycan KP MK II
katibi, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycanın daxili işlər naziri və
s. yüksək vəzifələrdə çalışıb. Teymur İmanqulu oğlu Quliyev də adaşı kimi
birbaşa M.C.Bağırovun xeyir-duası ilə həmin illərdə Azərbaycan Dövlət Siyasi
İdarəsində gizli və xüsusi şöbənin rəisi, Azərbaycan SSR Ali Məhkəməsinin
xüsusi kollegiyasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan
SSR Xalq Komissarları Sovetinin sədri işləyib.
... 1990-cı illərin əvvəllərində tədqiqatçı-yazar Qulam Məmmədli, yazıçılar
Qlman İlkin və Manaf Süleymanlı ilə dəfələrlə görüşüb müsahibə götürmüşdüm.
Söhbət əsnasında onlardan eşitdim ki,
M.C.Bağırovun hər istəyini can-başla yerinə yetirməkdən zövq alan və
"papka”sını daşımaqdan "qürur” duyan "Teymurlar”a MK-də "uşaqlar” deyiblər.
Amma M.C.Bağırov işdən azad olunub həbs edilərkən, onun əleyhinə danışanlar
arasında ilk yeri də uzun illər onun kölgəsində daldalanıb firavan ömür sürən,
kef çəkən bu adaşlar olub.
M.C.Bağırovun mühakimə
prosesində iştirak edən Manaf müəllim danışırdı: "M.C.Bağırovun mühakiməsi, son
dərəcə maraqlı, dəhşətli... təsviri mümkün olmayan proses idi. Bircə gün o
məhkəmə iclasında oturmaq, adamı bir ay dəhşətli azara sala bilərdi.
Mühakimənin Bakıda başlanması şəhərdə bomba kimi partladı. Məhkəmə prosesi
Dzerjinski klubunda (indiki Şəhriyar klubu) keçirilirdi. Binanı hər tərəfdən
hərbiçilər mühafizə edirdi. Ətraf küçələrdə soldatlar, əllərində tüfəng,
şahmatsayağı düzülmüşdü. Tinlərdə tanklar dururdu. Damlarda da mühafizəçilər
vardı. Məhkəməyə buraxılış kağızını mənə Politexnik İnstitutunun rektoru Abuzər
Əliyev verdi və indi ona minnətdarlığımı bildirirəm. İcazə kağızı olanları
bircə qapıdan, çox ciddi yoxlanışdan sonra içəri buraxırdılar. Salon ağzına
qədər adamla dolu olurdu. Dəhlizlərdə hərəkət məhdud idi, hər addımda
mühafizəçilər vardı. Salonda da, lojalarda da silahlı soldatlar nəzərə
çarpırdı. Çoxlu şahid vardı. Adi adamlar yaxına buraxılmırdı. Mənsəb sahibləri,
otuz il gecə-gündüz təriflədikləri, "kişi” adlandırdıqları adamı söyür,
töhmətləndirir və ona ağır cəza tələb edirdilər. Çıxışçıların ən qəddarı Teymur
Quliyev idi. Elə bil Mir Cəfər
haqq-nahaq ağzını açanda "Siz tamamilə haqlısınız, yoldaş Bağırov” deyən adam o
deyildi. Bu iclasda Teymurlar xüsusən də
Teymur Quliyev şirə-nərə dönmüşdü. Birinci olmaq arzusu ilə belə canfəşanlıq
edirdi. Amma onu yox, adaşı Teymur Yaqubovu seçdilər. Maraqlıdır ki, bu iki
adama dallarınca "Teymurlar”, ya da "uşaqlar” deyirdilər. Nə isə, Mir Cəfər
Bağırovu vəzifədən uzaqlaşdırdılar, kreslosunda Teymur Yaqubovu oturtdular.
Sonradan eşitdim ki, M.C.Bağırov deyib ki, tezi üç, geci altı ay vaxt qoyuram,
hay-hoyla sizi qovacaqlar. Doğrudan da elə oldu. Heç il ötməmiş, "Teymurlar”ı
hay-küylə yola saldılar, partiyadan da xaric etdilər” (6 aprel 1953-cü ildə Azərbaycan KP MK I
katibi seçilən Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 12 fevral 1954-cü ildə vəzifəsindən
azad edilir).
Yəqin ki, oxucum üçün də maraqlıdır, Mərkəzi Komitədə "uşaqlar”
adlandırılan "Teymurlar” kimlər idi?
Teymur İmanqulu oğlu Quliyev. 1888-ci ildə (bəzi mənbələr 1896-cı il
yazır) Qaryagin qəzasının Cəbrayıl kəndində sadə kəndli ailəsində anadan olub.
İlk təhsilini də orada ikisinifli kənd məktəbində alıb. 1909-cu ildə Tiflisə
gəlir və Qori Müəllimlər Seminariyasına daxil olur. 1914-cü ildə seminariyanı
yaxşı qiymətlərlə başa buran Teymur, öz kəndinə qayıdaraq müəllimlik edir.
1918-ci ilin əvvəlləri müəllimlik peşəsindən uzaqlaşan Teymur, 1920-ci ilin
ortalarına kimi əvvəl tikintidə, sonra poçt idarəsində çalışır. 1919-cu ilin
ortaların da Bakıya gələn Teymur, inqilabçılara qoşulur və Azərbaycan Xalq Cümhuriyyəti
Hökuməti əleyhinə gizli fəaliyyətə başlayır. Hökumət onu həbs etmək istəyir.
Lakin o, gizlənməklə, yaxasını qutarır.
1920-ci ilin sonlarında Bolşevik partiyasına üzv olan Teymuru,
1921-ci ildən əks-inqilabi mübarizə aparan Fövqəladə Komisyonda işə götürürlər.
O, 1921-ci ildən 1934-cü ilə kimi Azərbaycan Fövqəladə Komissiyanın
orqanlarında çalışır. 1923-29-cu illərdə Bakıda Azərbaycan Dövlət Siyasi
İdarəsində gizli və xüsusi şöbənin rəisi işləyir.
Ölkənin qan çanağında boğulduğu 1930-cu illər onun üçün yüksəliş
illəri olur. 1934-37-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsi xüsusi
kollegiyasının sədri və Azərbaycan SSR Ali Məhkəmənin sədri kimi yüksək
vəzifələri icra edir. 1937-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin
sədri təyin edilən (birbaşa M.C.Bağırovun xeyir-duası ilə) Teymur Quliyev, on
iki ildən artıq bu vəzifədə işləyir. Üç dəfə Lenin ordeni ilə mükafatlandırılan
"Lenin-Stalin partiyasının sədaqətli oğlu” daha sonra Qırmızı Əmək Bayrağı və
digər orden, medallarla təltif olunur. Ömrünü Azərbaycanda Sovet hökumətinin
qurulmasına həsr edən "mübariz Leninçi kommunist” 1965-ci ildə Bakıda vəfat
edir.
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 1904-cü ildə Bakıda anadan olub.
İlk təhsilini Bakıda alan Teymur, 1920-25-ci illərdə axşamlar fəhlə fakültəsində
oxuyub. 1925-ci ildə Bolşevik partiyasının sıralarına qəbul olan Teymur,
1930-cu ildə Moskvada ali təhsilini başa vurduqdan sonra V.İ.Lenin adına Kənd
Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olub. 1933-cü ildə Bakıya
qayıdan Teymur, ilk gündən partiya və komsomol işlərinə cəlb edilib.
"Çalışarıq, vuruşarıq Lenin
baba yolunda” şüarına sadiq qalan gənc Leninçi, bütün ömrünü bu "iş”ə həsr
edib. Tale onun üzünə gülüb. M.C.Bağırovun kölgəsini hər an üzərində hiss edən
Teymur, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan KP MK II katibi, daxili
işlər naziri vəzifələrinə qədər ucalıb. Və adaşı Teymur Quliyev kimi dövrünün
ən böyük mükafatlarına layiq görülüb. 1970-ci ildə Moskvada vəfat edib (Bəzi
mənbələrdə Bakıda vəfat etdiyi göstərilir).
Bu məqamda yazıçı-publisist Rafael Hüseynovun "Vaxtdan uca” əsərində
yazdığı bu sözləri xatırladım: "Ləyaqətsizliyi, qeyri-nəcibliyi bağışlayan,
hansı şəraitdəsə mümkün sayan, buna haqq qazandırmağa çalışan heç bir izaha
inanmıram. İkiüzlü səmimiyyətin varlığına inanmıram”.
Təbii, buna nəinki Rafael müəllim, heç birimiz inanmırıq. Amma
maraqlısı odur ki, bütün ömürlərini Stalin-Lenin partiyasına sədaqətlə qulluq
edən (əslində yüzlərlə soydaşının ocağını qaraldan, işığını söndürən, həbs
edilməsinə, sürgününə göndərilməsinə, güllənməsinə səbəb olan) bu kommunist
yoldaşlar haqqında bu gün də fəxrlə yazanlar var. Niyə, nə üçün həqiqətin
üzərinə mala çəkilir? Axı onların bu xalqa necə "qulluq” etdikləri haqda arxivlərimizdə
yetərincə faktlar var...
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
