Azərbaycan üçün daha bir beynəlxalq platforma - D-8
Türkiyənin İstanbul şəhərində islam ölkələri arasında iqtisadi-ticarət
əlaqələrini gücləndirmək məqsədilə 1997-ci ildə yaradılmış D-8 ölkələri dövlət
başçılarının Zirvə toplantısı keçirilib. Zirvə toplantısında D-8
təşkilatına müşahidəçi qismində üzv olan Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev də iştirak edib.
Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il
oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il
iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə
görüşündə D-8 rəsmi olaraq təsis edilib. Onu da qeyd edək ki, D-8 BMT-də
müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib.
Azərbaycanın bu təşkilatın sammitində iştirak etməsi ölkəmizin iqtisadi
potensialının tanıdılması baxımından yeni bir platforma oldu.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, D-8
əhalisinə, iqtisadi gücünə və hərbi qüdrətinə görə səkkiz ən güclü müsəlman
dövlətinin bir əməkdaşlıq formatıdır: "Burada Pakistan, İndoneziya, Nigeriya,
Türkiyə, İran və ümumiyyətlə 56 müsəlman ölkəsindən əhalisinin sayına və
iqtisadiyyatının böyüklüyünə görə 8 ölkə bir araya gəlib. Sadəcə olaraq, bu
tədbir Türkiyədə keçirilirdi və adətən ev sahibliyi edən ölkənin əlavə bir
qonaq dəvət etmək imkanı var. Türkiyə Azərbaycanla müttəfiqliyi nəzərə alaraq
daima belə tədbirlərə, sammitlərə Azərbaycan prezidenti İlham Əliyevi dəvət edir.
G-20-nin Sammiti də Türkiyədə keçiriləndə burada təmsil olunan ABŞ, Avropa
ölkələri ilə yanaşı, məhz Türkiyə prezidentinin dəvəti ilə dövlət başçısı İlham
Əliyev də xüsusi qonaq qismində iştirak etmişdi”.
R.Musabəyovun sözlərinə görə, bu sammitdə iştirak Azərbaycan üçün bir
imkan idi ki, ölkəmizin iqtisadi inkişafı ilə bağlı uğurları bölüşək, həm də
iştirakçıların diqqətini dövlətimizin qarşılaşdığı problemlərə, xüsusilə
Qarabağ məsələsinə cəlb edək: "Dövlət başçısı İlham Əliyev məhz öz çıxışı ilə
bunu etdi. Eyni zamanda İslam həmrəyliyinə əsaslanaraq müraciət etdi ki,
azərbaycanlıları qətl edən, torpaqlarını işğala məruz qoyan Ermənistanla
müsəlman ölkələrinin əməkdaşlıq etməsi, əlaqələr qurması tamamilə
qəbuledilməzdir”.
Millət vəkili Sədaqət Vəliyevabildirdi
ki, prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya,
İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) Zirvə görüşündə iştirak etməsi Azərbaycanın beynəlxalq
nüfuzunun gündən-günə artdığını sübut edir. Onun sözlərinə görə, ölkəmizin D-8
görüşündə təmsil olunması Azərbaycan-Türkiyə dostluq və qardaşlığına nümunə
olmaqla yanaşı, dövlətimizin müsəlman dünyasında da rolunun, əhəmiyyətinin
artdığını göstərir: "Zəngin təbii sərvətlərə və sürətli inkişafa malik D-8
ölkələrinin qarşılıqlı ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq
niyyətində olan təşkilat üzvləri sıralarının genişləndirilməsini də prioritet
kimi görməkdədirlər. Odur ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin IX
zirvə görüşünə dəvət olunması təsadüfi deyildir.
Hər kəs yaxşı bilir ki, Azərbaycan D-8 çərçivəsində beynəlxalq
əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər. Birincisi, Azərbaycan
dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə
aparan və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar
atan ölkədir. İkincisi, Azərbaycan son 13 il ərzində iqtisadiyyatını 3 dəfədən
çox artıran, yoxsulluğun səviyyəsini 10 dəfə aşağı salan, savadlılığı 100 faizə
yüksəldən, 2 milyona yaxın yeni iş yerləri açan, strateji valyuta ehtiyatları
ölkənin ümumi daxili məhsuluna bərabər, xarici dövlət borcu isə ümumi daxili
məhsulun 20 faizindən az olan bir dövlətdir. Üçüncüsü, Azərbaycan beynəlxalq
əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz
tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrini icra
edir. Dördüncüsü, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin
yaradılmasında fəal iştirak edir”.
S.Vəliyeva əlavə etdi ki, Azərbaycanın D-8 kimi iqtisadi əməkdaşlıq
təşkilatına qoşulmaq imkanı kifayət qədər realdır: "Şübhə yoxdur ki, ölkəmizin
gələcəkdə bu qurumun sıralarına daxil olması İslam dünyasında əməkdaşlığın
genişlənməsinə yalnız fayda verəcək”.
Milli Məclisin deputatı Azər
Badamov isə vurğuladı ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında,
siyasətində özünəməxsus rola malikdir. Onun fikrincə, prezident İlham Əliyevin
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq
qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını
göstərir: "Ona görə də Azərbaycanın Zirvə görüşündə iştirak etməsinin həm
dövlətimiz, həm də üzv ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan aktiv bir
ölkə olaraq belə görüşlərə tez-tez dəvət olunur”.
A.Badamovun dedyinə görə, Azərbaycan prezidentinin Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə sözügedən görüşdə iştirakı bir daha onu göstərir ki,
Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var: "Ümumiyyətlə bütün
beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan birlikdədir. Heç bir xarici
müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz”.
Bəxtiyar MƏMMƏDLİ