Azərbaycan Prezidentinin çıxışı beynəlxalq güclərə açıq mesaj idi
Sentyabrın 20-də Nyu-Yorkda
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı zamanı Prezident İlham
Əliyev beynəlxalq aləmin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə yönəldib. Dövlət başçısı ən mötəbər kürsüdən çıxış edərək, 25
ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisinin - Dağlıq Qarabağı və ölkəmizin
digər 7 rayonunu Ermənistan tərəfindən işğal altında saxlandığını söyləyib. O,
Dağlıq Qarabağın Azərbaycanın əzəli və tarixi torpağı olduğunu vurğulayaraq,
münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün
vəziyyətinə düşdüyünü söyləyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan
azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7
rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Prezident deyib ki,
beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. O, Azərbaycan
tərəfinin münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu xatırladıb. Eyni
zamanda, bəyan edib ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz
BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə,
təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının
qətnamələri əsasında həll edilməli, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə
bərpa olunmalıdır.
Millət
vəkili, politoloq Rasim Musabəyov BMT-nin sessiyasında
Azərbaycan prezidentinin çıxışına toxunaraq, onun dünyaya, beynəlxalq güclərə
verdiyi mesajları xatırlatdı. Bildirdi ki, əgər dünya liderləri, BMT,
beynəlxalq aləm doğurdan da sülh istəyirsə, bu sülhü təmin edən ciddi fəaliyyət
ortaya qoyulmalıdır. Millət vəkilinin sözlərinə görə, əgər bu baş verməyəcəksə,
işğalçıya "dur” deyən tapılmayacaqsa, Azərbaycan öz suveren hüququndan istifadə
etməklə Dağlıq Qarabağ problemini, ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. O,
qeyd etdi ki, beynəlxalq hüquq, BMT-nin Nizamnaməsində yer alan müddəalar
Azərbaycana müstəqil dövlət kimi bu haqqı tanıyır: "Bu nöqteyi-nəzərdən
Azərbaycan Prezidenti İlham Əliyev BMT-dəki çıxışı ilə yalnız Ermənistanı, onun
siyasi rəhbərliyini ifşa etmədi. Prezidentin çıxışını sadəcə hərbi cinayətkar
Serj Sarkisyanın yalanlarına cavab kimi qəbul etmək olmaz. Dövlətimizin başçısı
Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar, işğalçı
siyasəti barədə həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Nəzərə almaq lazımdır ki, o sessiyada dövlət başçıları, xarici işlər nazirləri,
digər diplomatlar, siyasətçilər də iştirak edirdi. Azərbaycan Prezidenti öz
çıxışı ilə reallığı, həqiqətləri tam çılpaqlığı ilə hər kəsə bəyan etdi. Bu
baxımdan, onun çıxışı dünya liderlərinə, beynəlxalq güclərə açıq mesaj idi.
Azərbaycan prezidenti öz çıxışında Sarkisyanın yalanlarını ifşa etməklə
bərabər, dövlətlərin ərazi bütövlüyünün qorunması, ona hörməti ifadə etdi.
Hansı ki, bunu ABŞ prezidenti Donald Tramp, eləcə də orada çıxış edən əksər
dövlət başçıları xüsusi olaraq vurğuladılar. Ancaq Sarkisyan işğal etdiyi
ərazilərdə öz müqəddəratını təyinetmə məsələsini gündəmə gətirməyə çalışdı. Onun
aləmində problemin sülh yolu ilə həll olunması işğalın rəsmiləşdirilməsidir. Sarkisyan
bunun ardınca həmin əraziləri Ermənistana birləşdirmək niyyətindədir. Bu baş
vermədikcə onlar danışıqların dondurulmasının tərəfdarı kimi çıxış edirlər.
Təbii ki, onların istəyi baş tutmayacaq”.
Politoloq bildirdi ki, Azərbaycanın
hərbi, iqtisadi, siyasi gücü hər gün artmaqdadır. Onun fikrincə, Prezident
İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan torpaqlarında ikinci
erməni dövlətinin yaradılmasına, yaxud ərazi bütövlüyümüzün danışıqlar predmeti
olmasına heç bir halda imkan verilməyəcək: "Təsəvvür edin, Donald Tramp BMT-də
islahatların həyata keçirilməsindən danışır, bunun üçün BMT baş katibi ilə
birlikdə tədbir keçirir, islahatlarla əlaqədar xüsusi sənəd hazırlanır, ancaq
Nyu-Yorkda olan Sarkisyan özündə cəsarət tapıb həmin sənədə imza atmır. Bu cür
adam durub BMT tribunasından yalanları beynəlxalq aləmə sırımağa çalışırdı.
Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil bir ölkənin
rəhbəri kimi öz çıxışında həm Sarkisyanı yerində oturtdu, həm də cəsarətlə
bildirdi ki, əgər sülhün qorunub saxlanmasını istəyirsinizsə, ikili
standartlara son qoyulmalı, işğalçıya təzyiq edilməli, Dağlıq Qarabağ
probleminin ədalətli həlli üçün BMT-nin qəbul etdiyi qətnamələr yerinə
yetirilməli, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir”.
Millət
vəkili, tarixçi-alim Fəzail İbrahimli vurğuladı ki, BMT-nin son
sessiyasında hər bir dövlət başçısı özünə və millətinə dəyər müstəvisində
düşüncələrini ortaya qoyub. O qeyd etdi ki, Sarkisyan millətinin, dövlətinin
qarşısında hansı dəyərin sahibi olduğunu dünyaya nümayiş etdirdi: "Bu adamın
dəyəri, xamırı yalanla yoğurulub. Ona görə də öz çıxışında hadisələri təhrif
etməklə, işğalçı mahiyyətini növbəti dəfə ortaya qoymaqla dünya ictimaiyyətində
yanlış rəy formalaşdırmağa çalışdı. Ancaq Sarkisyan etiraf etməsə də,
sanksiyalar tətbiq edilməsə də, ikili standartlar davamlı olsa da, Ermənistanın
işğalçı dövlət olduğunu, oradakı hərbi xuntanın cinayətkar əməllərini dünya
bilir. Çünki, bütün dünya dövlətlərinin əksəriyyətinin səfirliyi həm
Ermənistanda, həm də Azərbaycanda var. Bu səfirliklər topladığı məlumatlar
əsasında vaxtlı-vaxtında öz dövlətlərini məlumatlandırırlar. Ona görə də
beynəlxalq aləm Sarkisyan rejiminin əməllərindən, işğalçı mahiyyətindən, Dağlıq
Qarabağ probleminin səbəblərindən xəbərdardır. Forpost ölkənin cinayətkar
rəhbəri Dağlıq Qarabağ problemi üzərində öz hakimiyyətini qurmaqla, qoruyub
saxlamaqla erməni xalqını məhvə sürükləyir. Üstəlik, BMT-nin 4 qətnaməsinə
məhəl qoymayan belə bir adam təşkilatın tribunasından çıxış edərək dünyanı
aldatmağa çalışır. Azərbaycan tərəfi isə reallığa söykənən, ədalətli yanaşması
ilə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə, ərazi bütövlüyünə,
bununla da Cənubi Qafqazda sabitliyin əbədi olmasına çalışır. Bu prinsiplərdən
çıxış edən Azərbaycan dövlət başçısı İlham Əliyev Sarkisyanın yalanlarını ifşa
etməklə bərabər, BMT-yə, beynəlxalq aləmə mesajlar verdi, onları ikili
standartlara son qoymağa, işğalçıya təzyiq göstərməyə çağırdı. Öz çıxışında
Azərbaycanın real mənzərəsini ortaya qoyan dövlət başçısı İlham Əliyev müstəqil
ölkənin cəsarətli lideri kimi yadda qaldı. Ancaq işğalçı Ermənistanın
prezidenti Sarkisyanın fiziki baxımdan boyu nə qədər bəstə idisə, öz çıxışı ilə
düşüncələrinin də bəsit olduğunu nümayiş etdirdi”.
Millət vəkili Zahid Oruc bildirdi ki,
Azərbaycan prezidenti İlham Əliyev BMT-nin son toplantısında Ermənistanı
mühakimə etdi: "Bu, dünya dövlətləri qarşısında onların etmədiyini həyata
keçirmək idi. Digər tərəfdən, bu çıxış həm də Qarabağın tanıdılması üçün BMT-də
dil tökən şəxsin ani bir effekt doğurmağa, özünə tərəfdarlar toplamağa çalışan
siyasətinin darmadağın edilməsiydi. Zatən ölkə başçısının daşıdığı liderlik
keyfiyyətləri, analitik təfəkkür, iradə, strateji düşünmə qabiliyyəti bölgə
dövlətlərinin rəhbərləri ilə müqayisə olunmur. Bu mənada Ermənistan rəhbərinin
orada nə deməsinin hər bir komponenti və eləcə də Azərbaycan prezidentinin əsas
hədəflərinin məhz ona qarşı yönəlməsinin üzərində dayanmaq istəmirəm. Amma
reallıq ondan ibarətdir ki, BMT tənqid olunmağına, zəif nöqtələrinin olmasına
baxmayaraq, dünya birliyinin toplaşdığı və ölkə liderlərinin hər birinin söz
dediyi yeganə ümumi tribunadır”.
Z.Oruc qeyd etdi ki, bu məkanda illər ərzində Azərbaycan Ermənistanın
hərbi təcavüzünün qarşısını almaq üçün siyasi mövqe göstərib: "Elə hesab edirəm
ki, Azərbaycan prezidenti orada özünün mövqeyi ilə, ölkəmizi təqdim etməklə, bu
illər ərzində keçdiyimiz yolu göstərməklə, siyasi uğurlarımızı qeyd etməklə
çoxlu tərəfdarlar qazandı. Eləcə də Ermənistanın media məkanı öz ölkələrinin
rəhbərləri haqqında yazmaq, onun fikirlərini təhlil etmək əvəzinə, Prezident
İlham Əliyevin hər bir tezisi ətrafında diskussiyalar açmaqdadırlar. Bunun özü
də bir qalibiyyət göstərcisidir”.
Politoloq Fikrət Sadıxov bildirdi ki,
Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı arasında fərq çox böyük idi:
"Xarici şərhçilər də Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirdilər.
Çünki dövlət başçısı real, konkret mövzulardan danışdı. Burada Dağlıq Qarabağ münaqişəsi,
onun 25 ilə ərzində həll olunmaması, Ermənistanın qeyri-kostruktiv, beynəlxalq
hüquq normalarına zidd mövqeyi öz əksinin tapmışdı. Həmçinin o qeyd etdi ki,
torpaqların işğaldan azad olunması üçün sərt mövqeyimiz öz qüvvəsindədir, ötən
ilin aprelində Azərbaycan bunu bir daha sübut etdi. Əgər Ermənistan özünü eyni
qaydada aparacaqsa, bundan sonrada həmin mövqeyi nümayiş etdirməyə hazırıq.
Eyni zamanda Prezident İlham Əliyev bəyan etdi ki, problemin sülh yolu ilə
həllinin tərəfdarıdır. Azərbaycan bu mövqeyindən bir addım belə geri çəkilməyib
və hər zaman buna hazırdır. Amma problem qarşılıqlı şəkildə öz həllinin
tapmalıdır və torpaqlar azad olunmalıdır”.
F.Sadıxov əlavə etdi ki, Sarkisyanın BMT tribunasında heç bir
dövlətin tanımadığı "Artsax”dan danışması məntiqsizliyin bariz nümunəsi idi:
"Bu onu göstərir ki, Sarkisyanın nəinki beynəlxalq hüquq normalarından,
primitiv dövlətlərarası münasibətlərdən belə xəbəri yoxdur. Göründüyü kimi,
Sarkisyanın nitqi məntiqsizlik bir yana, adi məişət səviyyəsində olan çıxış
idi. Bu mənada Sarkisyanın adi əyalət səviyyəsindəki çıxışı Azərbaycan Prezidenti
İlham Əliyevin nitqi qarşısında olduqca məntiqsiz səsləndi. Ona görə də hər iki
prezidentin çıxışı müqayisə olunmazdır və Sarkisyan faktiki olaraq BMT
kürsüsündə özünü biabır etdi”.
Rufik İSMAYILOV