• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

Azərbaycan nəqliyyat qovşağına çevrilir

14.09.17 10:15 2628
Azərbaycan nəqliyyat qovşağına çevrilir
Yaxın günlərdə Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə Tehranda növbəti zirvə toplantısı keçiriləcək. Bu formatda ilk belə görüş ötən il Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Tehranda keçirilməsi planlaşdırılan zirvə toplantısını Bakıda keçirilən görüşün məntiqi davamı hesab etmək olar. Azərbaycan təşəbbüsü ilə üçtərəfli formatda keçirilən görüşlərin nəticələri artıq özünü göstərməkdədir. Qeyd edək ki, Azərbaycan, Rusiya və İran birgə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırır. Bu isə növbəti dəfə Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi ilə yanaşı, regionda siyasi, iqtisadi nüfuzunun artmasına gətirib çıxarır. Görəsən, ikinci dəfə keçiriləcək Azərbaycan-Rusiya-İran zirvə toplantısında bu dəfə hansı məsələlər müzakirə ediləcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə keçirilən I sammiti çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşü zamanı belə bir razılıq əldə edilib: "Həsən Ruhani azərbaycanlı həmkarını İrana dəvət etdi və bu ölkədə üçtərəfli formatda, yəni İran, Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə görüş keçiriləcək. Bu, sayca ikinci görüş olacaq. Belə bir formatda birinci görüş keçən il Azərbaycanın paytaxtında keçirilmişdir. Hesab edirəm ki, üçtərəfli formatda Azərbaycan-İran-Rusiya əlaqələrinin inkişafı üçün çox gözəl platforma formalaşıb. Əvvəla, onu qeyd edim ki, ölkə prezidenti İlham Əliyevin xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Çünki ikitərəfli münasibətlər yüksək səviyyədə olanda nəticə etibarı ilə çoxtərəfli və eyni zamanda üçtərəfli münasibətlərin formalaşması və inkişafı üçün çox münbit bir şərait yaranır. Bu nöqteyi-nəzərdən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan formatları var və həmçinin Azərbaycan-Rusiya-İran format bu gün fəaliyyət göstərir. Məlum olduğu kimi, üçtərəfli format kifayət qədər uğurlu formatdır, işləkdir. Hesab edirəm ki, ilk belə görüş Azərbaycan paytaxtında oldu, indi Tehranda olacaq. Məsələyə məntiqlə yanaşdıqda istisna deyildir ki, sayca üçüncü belə bir görüş artıq Rusiya paytaxtında reallaşdırıla bilər”.

E.Nəsirov Tehranda baş tutacaq zirvə toplantısında gündəmdə olacaq məsələlərə toxunaraq qeyd etdi ki, Azərbaycan-İran-Rusiya dövlətləri arasında nəqliyyat sahəsinin inkişafı üçün çox müsbət proseslər getməkdədir: "Xüsusilə, Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etmək istərdim. Yəni, artıq Hindistandan daşınan yüklər Pakistana, oradan İrana və daha sonra Azərbaycana göndərilir. Azərbaycandan isə Rusiya və buradan isə Avropaya daşınır. Çindən daşınan yüklər Azərbaycandan keçməklə ən qısa yol ilə Avropaya çatdırılacaq. Haradasa, 45 günlük bir yol 2 həftəyə qədər azalacaq. Bu gün Azərbaycan, sözün həqiqi mənasında nəqliyyat qovşağına çevrilir. Artıq bu, bizim üçün yeni qazanc mənbəyidir. Azərbaycan təkcə neftdən və qazdan deyil, eyni zamanda nəqliyyat daşımalarından da böyük vəsaitlər əldə edəcəkdir. Həmçinin vurğulayım ki, bu il ərzində Bakı-Tbilisi-Qars dəmiryolu da işə salınacaq.Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycan, Rusiya və İran artıq konkret işlər görürlər. Bu istiqamətdə addımlar atıblar və artıq nəticələr də var. Tehranda baş tutacaq zirvə toplantısında Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görüləcək işlərin bundan sonrakı davamı, eyni zamanda ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Xəzərin statusu ilə bağlı ortaq məxrəcə gəlinməsi, regionda təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə kimi məsələlər xüsusi diqqətdə saxlanılacaq”.

Politoloq Arzu Nağıyev bildirdi ki, Azərbaycan-Rusiya-İran formatında üçtərəfli görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Üç ölkənin təmsil olunduğu bu format çox mühüm platformadır. Rusiya bizim strateji tərəfdaşımızdır. Bu ölkə ilə qonşuluq çərçivəsində ikitərəfli münasibətlərimiz mövcuddur. Eyni zamanda İranda azərbaycanlıların böyük çoxluğu yaşayır və mütəmadi olaraq bu dövlətlə Azərbaycanın əlaqələri var və bu gələcəkdə də davam edəcək. Son dövrlər Azərbaycanın hər iki dövlətlə siyasi, iqtisadi sahədə, hətta hərbi məsələlərdə əlaqələri mövcuddur. Onu qeyd edim ki, hər üç dövlətin prezidentlərinin iştirakı ilə ötən il Bakıda keçirilən görüşdən sonra Rəşt dəmiryolunun çəkilişi, körpünün salınması və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması məsələsi gündəmə gəldi. Məhz Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan, Rusiya və İran üçün çox mühüm əhəmiyyət kəsb edir”.

A.Nağıyev əlavə etdi ki, Xəzərin statusu ilə bağlı hələ ki Azərbaycan, Rusiya və İran arasında sona qədər razılıq əldə olunmayıb: "Fikrimcə, Tehranda keçiriləcək görüşdə bu istiqamətdə də ciddi addımlar atıla bilər. Bütün bu məsələləri nəzərə alaraq deyə bilərik ki, belə bir müstəvidə görüşlərin keçirilməsi region üçün çox mühüm amildir. Onu qeyd edim ki, təcrübədən göründüyü kimi, Azərbaycan ölkələr arasında təzadlı məqamlarda vasitəçilik rolunu da oynaya bilər”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər