• çərşənbə axşamı, 30 aprel, 19:06
  • Baku Bakı 25°C

Azərbaycan-Konqo münasibətləri yeni mərhələdə

06.04.24 04:21 1827
Azərbaycan-Konqo münasibətləri yeni mərhələdə

Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Konqo Fransa müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə qarşı siyasətini yüksək qiymətləndirir. 

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana səfərə gəldi. Onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək və geniştərkibli görüşlər keçirildi və liderlər daha sonra mətbuata birgə bəyanatla çıxış etdilər. 

Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsi kontekstinə əlavə dəyər verir. 

Çünki Konqo liderinin səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkənin münasibətlərinin parlaq gələcəyini ortaya qoyur. 

Əlaqələr inkişaf etməlidir

Prezidentlərin birgə bəyanatından da göründüyü kimi, Azərbaycanla Konqonun münasibətlərində pozitiv səhifə yaradan əsas platforma Qoşulmama Hərəkatının prioritetləri ətrafında sıx birləşmək olub. 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə tutduğu mövqe və onun koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda humanitar yardımları təbii ki, Konqonun da diqqətindən yayınmayıb. Üstəlik, Konqo vaxtı ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə qarşı siyasətini yüksək qiymətləndirir. 

Deyə bilərik ki, bunlar konseptual formada Bakı ilə Brazzavil arasındakı əlaqələrin dinamikasına yaxşı təsir göstərib. İndi isə bu münasibətləri möhkəm iplərlə bərkitmək və onu daha da inkişaf etdirmək prioritetdir. 

İkitərəfli münasibətlərdə aktuallaşan çağırışlar sözsüz ki, əməkdaşlığın yeni səhifələrini vərəqləmək xarakterini gündəmə gətirir. Eyni zamanda bu amillər, çoxtərəfli əməkdaşlıq formatındakı qarşılıqlı dəstək və əlaqələri sarsılmaz edən tezisləri əhatə edir. 

Bu mənada, İlham Əliyevlə Deni Sassu-Nqessonun danışıqları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin dinamikasına, təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verən gündəliyi ölçməyə imkan verir. 

İqtisadi təşviqlər

Liderlərin görüşlərindəki iqtisadi və energetika sferalarında apardığı müzakirələr (karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd edilib) əlaqələrin spektrini dayanıqlı edən maliyyə potensiallarını da təşviq edir. 

Deməli, iki ölkənin qarşılıqlı müsbət əməkdaşlıq xarakteri ümumi maraq doğuran digər məsələlərdə birgə çalışmaq üçün düsturları qeyd edir. 

Bu düsturlar təhlükəsizlik maraqları da nəzərə alınmaqla: 

- İkitərəfli iqtisadi, siyasi əlaqələri şaxələndirmək; 
- Qarşılıqlı şəkildə biznes mühitini yaxşılaşdırmaq üçün investisiya səylərini təşviq edir.

COP29-da əməkdaşlıq 

Azərbaycan noyabr ayında mötəbər beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) - ev sahibliyi edəcək. Azərbaycan burada Konqo ilə də əməkdaşlıq qurmaqda maraqlıdır və bunu Prezident İlham Əliyevin mətbuata birgə bəyanat zamanı bu sitatında görə bilirik:

“Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”. 

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə Konqo ilə əməkdaşlıq etmək istəyinin səbəbi var. 

Üçdə ikisi meşələrlə örtülü olan və meşələrin qırılma səviyyəsi aşağı olan Konqo Respublikası Konqo hövzəsində ekosistemlərin qorunmasında mühüm rol oynayır. Bildirək ki, Konqo Respublikası COP28 tədbirində öz ərazisinin müstəsna biomüxtəlifliyini qorumaq və ölkənin meşə örtüyünü, ekosistemlərini qorumağı gündəliyə gətirib. Konqo Respublikası biomüxtəlifliyi və iqlimi qorumaq üzrə öhdəliklərini, ərazisini yenidən meşələşdirmək ambisiyasını nümayiş etdirir.

Beləliklə, Konqo buna uyğun gələn dayanıqlı iqtisadi modeli təşviq etməklə öz iddialı vizyonunu ortaya qoyub. Bu, hətta beynəlxalq tərəfdaşların da diqqətini çəkir. Azərbaycan da COP29-a ev sahibliyi edəcək ölkə olduğundan Konqonun bu iddialı hərəkətlərini nəzərə alır. Konqonun da Azərbaycanın təcrübəsinə ehtiyac var və bunu Prezident Deni Sassu-Nqesso belə ifadə edib: 

“Biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun. 

Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi - Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik”. 

Azərbaycanla Konqo arasındakı bu istiqamətdəki mümkün tərəfdaşlıq iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və bərpaolunan enerji üzrə qlobal səylərə əhəmiyyətli töhfə verə bilər. 

Aqşin Kərimov

 

banner

Oxşar Xəbərlər