• cümə, 19 Aprel, 23:40
  • Baku Bakı 24°C

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır - Fotolar

06.12.19 18:44 1919
Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır - Fotolar
Prezident İlham Əliyev: "Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur”

Təbii fəlakətlər, o cümlədən zəlzələ, çayların daşması, yanğınlar dünyanın istənilən ölkəsində baş verir. Bu fəlakətlər nəticəsində dövlətə, vətəndaşlara maddi ziyan dəyməklə bərabər, bəzi hallarda insanlar da həyatlarını itirirlər. Azərbaycan da dünyanın bir parçası olduğu üçün belə təbii fəlakətlərdən sığortalanmayıb. Müxtəlif illərdə ölkəmizdə daşqınlar, yanğınlar, zəlzələlər olub, dövlət və özəl təsərrüfatlara maddi ziyan dəyib. Bəzi hallarda bu fəlakətlər can da alıb. Bütün bu hadisələr zamanı dövlət, onun rəhbəri daim vətəndaşların yanında olub, fəlakətdən zərər çəkmiş sakinlərin qayğıları ilə maraqlanıb, dəymiş ziyanın dövlət hesabına ödənməsi istiqamətində lazımi tədbirlər görülüb.


Buna misal olaraq, 2010-cu ilin may ayında Kür çayının daşması nəticəsində ətraf kəndlərə ciddi ziyan dəyməsini, daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə mayın 7-də müşavirə keçirilməsini, fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqların verilməsini göstərmək olar. Mayın 11-də təbii fəlakət bölgəsinə gedən və burada sakinlərlə görüşərək onların problemləri ilə maraqlanan Prezident İlham Əliyev artıq sentyabrın 7-də Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün tikilmiş yeni mənzillərin istifadəyə verilməsi mərasiminə qatılıb. Eyni mənzərə 2012-ci il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra da müşahidə edilib. O vaxt Qax rayonunun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində çoxsaylı evlər qəzalı vəziyyətə düşmüşdü. Həmin il mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər edib, zərərçəkən sakinlərlə görüşüb. 2012-ci il sentyabrın 9-da bölgəyə səfərə gələn dövlət başçısı zəlzələdən sonra evi qəzalı vəziyyətə düşən sakinlər üçün tikilən mənzillərlə tanış olub.


Bu kimi nümunələrin sayı çoxdur. Sonuncu dəfə cari il fevralın 5-də Şamaxı, Ağsu, İsmayıllı ərazisində güclü zəlzələ olub və təbii fəlakət nəticəsində onlarla kənd sakininin evi dağılıb, qəzalı vəziyyətə düşüb. Dərhal komissiya yaradılaraq əhaliyə dəyən ziyanın araşdırılmasına başlanılıb. Yerli icra qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun əməkdaşları da zəlzələ zonasına ezam olunub, dağıntı olan kəndlərə baxış keçiriblər. Ardınca Prezident İlham Əliyev baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Bununla da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva səviyyəsində ölkə vətəndaşlarına, onların üzləşdiyi problemlərə həssaslıq nümayiş etdirilib. Hər iki şəxs sözügedən rayonlara səfər edərək zəlzələnin törətdiyi fəsadlarla yerindəcə tanış olub, şəxsən vətəndaşlarla görüşüb, onlarla söhbətləşib, fikirlərini dinləyiblər. Azərbaycan Prezidenti vətəndaşlara söz verib ki, zəlzələ nəticəsində ziyan dəyən evlərdən hansılar bərpa olunmalıdırsa bərpa olunacaq, təmir ediləcək, bərpası mümkün olmayan evlərin yerində isə yenisi tikiləcək. Sonrakı aylarda yenidən həmin rayonlara səfər edən Prezident və Birinci vitse-prezident görülən işlərlə, yaradılan şəraitlə yerindəcə tanış olub, vətəndaşlarla görüşərək onların fikirlərini dinləyiblər.
Dekabrın 5-də Şamaxıya səfəri zamanı Prezident İlham Əliyev zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. Fərdar Həsənovun mənzilində olan dövlət başçısı çay süfrəsi arxasında F.Həsənov və anası Xuraman Həsənova ilə səmimi söhbət edib.Prezident qeyd edib ki, fevral ayında baş verən zəlzələdən sonra ötən 10 ay ərzində dövlət hesabına bütün fərdi evlər tikilib, təmir olunub, vətəndaşların ixtiyarına verilib. O, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu bəyan edib: "Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur. Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa, vətəndaş getməlidir sığorta şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir, vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir. Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir”.


Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovbildirib ki, dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmaq barədə verdiyi vədə daim sadiqdir. Onun sözlərinə görə, cari ilin əvvəlində baş verən zəlzələdən sonra ölkə başçısının hadisə yerinə ayrı-ayrı vaxtlarda 3 dəfə səfər etməsi, dəymiş ziyanla, görülən işlərlə yerindəcə tanış olması, sakinlərlə görüşməsi qeyd olunan həqiqəti növbəti dəfə nümayiş etdirir: "Dünyanın inkişaf etmiş bir çox demokratik ölkələrində təbii fəlakətdən ziyan çəkən vətəndaşlara dövlət hər hansı vəsait ödəmir. Cənab Prezident Şamaxıya səfəri zamanı yeni mənzillə təmin olunmuş sakinin evində qonaq olarkən bu fikri xüsusilə diqqətə çatdırdı. Həmin ölkələrdə dəymiş ziyan müvafiq sığorta şirkətləri tərəfindən araşdırılır. Bu isə uzun müddət tələb edir. Nəticədə sakinlər hardasa qalmağa məhkum olur, əziyyət çəkirlər. Amma Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir vətəndaşın probleminə həssaslıqla yanaşılır. Hətta təbii fəlakətlər zamanı vətəndaşların sığortası, qeydiyyatı, müvafiq sənədləri olmayan, amma fəlakətdən ziyan çəkən mülkləri də dövlət tərəfindən təminat altına alınır. İndiyə qədər baş verən təbii fəlakətlərdən ziyan çəkən vətəndaşlara dövlət tərəfindən verilən dəstək deyilənlərə əyani sübutdur. Fəlakətdən dağılan, ciddi ziyan çəkən evlər yenidən təmir olunub, yaxud yenisi tikilərək vətəndaşların istifadəsinə verilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev, onun ən yaxın silahdaşı Birinci vitse-prezident, eləcə də dövlət başçısının siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları daim vətəndaşların yanındadırlar”.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasi kursun mərkəzində vətəndaş amilinin dayandığını söyləyib. Bildirib ki, bu mənada, onun regionlara səfəri vəzifəli şəxslər üçün əsl nümunə, xalqa xidmət göstəricisidir: "Prezident İlham Əliyevin artıq illərdir ki, ənənəvi şəkil almış regionlara səfəri, bu səfərlər zamanı sadə vətəndaşlarla görüşü, heç bir seçim olmadan onlarla söhbəti, ünsiyyəti, problemləri ilə maraqlanması, həmin problemlərin həlli istiqamətində yerindəcə göstəriş verməsi, verilən tapşırıqların necə icra olunması ilə şəxsən maraqlanması vəzifəli insanlar üçün nümunədir. Çünki ölkə başçısı tərəfindən atılan addım digər vəzifəli şəxslərdə məsuliyyət yaradır. Onlar anlayır ki, dövlət başçısı verdiyi tapşırıqların necə icra olunduğu ilə maraqlanacaq. Ötən gün Prezident İlham Əliyevin Şamaxıya səfəri, orada vətəndaşlarla görüşü, onların problemləri ilə maraqlanması, eləcə də müxtəlif açılışlarda iştirak etməsi dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını deməyə əsas verir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər