• cümə, 19 Aprel, 11:26
  • Baku Bakı 13°C

Azərbaycan dünyada yeni siyasi konfiqurasiyaların formalaşması üçün uğurlu addımlar atır

25.04.21 18:30 922
Azərbaycan dünyada yeni siyasi konfiqurasiyaların formalaşması üçün uğurlu addımlar atır
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı verdiyi müsahibədə Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyətini bir daha vurğulayıb. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, Azərbaycan xalqı 101 il bundan əvvəl onun əlindən alınmış Zəngəzura mütləq qayıdacaq. Ermənistan dəhlizin açılmasını istəsə də, istəməsə də, bunun üçün bütün hüquqi baza formalaşdırılıb
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı barədə də fərziyyələr irəli sürülürdü.
T. Cəfərova qeyd edib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev bu il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı müharibənin başa çatdığımı, münaqişənin tarixdə qaldığını bildirdi.
Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik Liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.
Deputat xüsusilə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması milli hədəfdir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əməkdaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil.
"Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində təkcə regionda deyil, dünyada yeni siyasi konfiqurasiyaların formalaşması üçün uğurlu addımlar atır. Əlbəttə ki, bu istiqamətdə fəal iş aparılması üçün ilk öncə ölkə daxilində siyasi opponentlər arasında milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir” , -deyə Tamam Cəfərova fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər