Azərbaycan alimlərinin 4 xəstəliyin qarşısını alan kəşfi - Fotolar

Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun alimləri tibb
elminin bəlası olan xərçəng də daxil olmaqla, ümumilikdə 4 xəstəliyin
inkişafını dayandıracaq yeni dərman maddələri hazırlayıblar. Əgər kliniki
analizlərin nəticəsi gözlənilən kimi olarsa, bu maddələrdən dərman
hazırlanacaq. Alimlərimizin bu kəşfi, gözləntilər, görülən işlərlə bağlı
Aşqarlar Kimyası İnstitutun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru,
dosent Əfsun Sucayevlə söhbətləşdik.
- Azərbaycan elm adamlarının bədxassəli şişin
inkişafını dayandıran dərman maddələri kəşf etməsi xəbərini aldıq. Bunu çox
adam xərçəngi məhv edən dərman adlandırır. Əslində kəşfinizin mahiyyəti nədən
ibarətdir?
-
Çalışdığımız institutunda elmi fəaliyyətimizin əsas istiqaməti neft məhsulları
olan sürtgü materiallarının, sənaye yağları, yanacaq və soyuducu mayelərin
oksidləşməsinin qarşısını alan antioksidantlar almaqla bağlıdır. Elə institutun
adındakı "aşqar” sözünün mənası da əlavə deməkdir. Bu sahədə aparılan tədqiqatlar
nəticəsində öyrənilib ki, oksidləşmə prosesi radikal-zəncirvari prosesdir və
antioksidantların təsiri də radikal mexanizmlə baş tutur. Digər tərəfdən, müəyyən
olunub ki, canlı orqanizmlərdə müasir təbabətin ən aktual problemlərindən olan
bədxassəli şişlərin (xərçəng) əmələ gəlməsi də ilkin mərhələdə radikal
mexanizmlə baş verir. Ona görə, bir çox hallarda karbohidrogenlərin oksidləşməsinin
qarşısını alan antioksidantlar qeyd olunan şişlərin qarşısını alan fizioloji fəallıq
da nümayiş etdirirlər. Belə olan halda, sintezləri nəzərdə tutulan
antioksidantların fizioloji fəal maddələr kimi də tədqiqini məqsədəuyğun
saydıq. Bu isə ancaq müştərək beynəlxalq tədqiqatlarla mümkün idi. İlk öncə, bu
istiqamətdə oxşar tədqiqatlar aparan elm mərkəzlər araşdırılıb. Türkiyənin
Atatürk Universiteti, İtaliyanın
Florensiya Universiteti, Səudiyyə Ərəbistanın Kral Səud Universiteti alimləri ilə
birgə "Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlara
başlanıldı. Azərbaycandan bu tədqiqat qrupuna 4 nəfər gənc alim daxil
edilmişik. Bizim tədqiqat qrupuna institutun direktoru, akademik Vaqif Fərzəliyev
rəhbərlik edir. Tərəflərin razılaşmasına görə, maddələrin sintezini biz həyata
keçirməliyik, onların funksional xassələrini xarici həmkarlarımız yerinə yetirməli
idilər. Nəticə etibarilə sintez etdiyimiz 50-yə yaxın maddə mərhələ şəklində
Türkiyə göndərildi. Həmin maddələrin fərqli metodla canlı orqanizmdə
antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan
enzim-izoenzim proseslərə inhibitor təsirləri xarici həmkarlar tərəfindən
araşdırıldı, çoxsaylı analiz üsulları ilə də təsdiqləndi. Beləliklə, analizlərin
ilkin nəticələri müsbət oldu. Yəni bizim sintez etdiyimiz maddələrin 4 xəstəliyə
qarşı standart tətbiq olunan dərmanlardan (tokoferol, α-troloks) 10 dəfə yüksək təsir göstərdiyi məlum
oldu. Bu nəticələr "Tomson Reuters”, "Scopus” kimi beynəlxalq elmi bazalarda
referatlaşdırılmış, impakt faktoru 2,5-3,5 olan ABŞ, İngiltərənin nüfuzlu
jurnallarının beynəlxalq ekspertləri tərəfindən də yüksək qiymətləndirilib, 1
monoqrafiya, eləcə də 6 məqalə şəklində dərc olunub.

- Hansı xəstəliklərə
müsbət təsir göstərib?
- Bədxassəli
şişlər, tənəffüs yollarının iltihabı, mədə traktında baş verən proseslər və
Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) xəstəliyidir.
- Tez-tez müxtəlif ölkələrdə xərçəng xəstəliyinə
qarşı dərmanların kəşflər edilməsi xəbərlərinə rast gəlirik. Bu kəşf olunan
maddənin dərman formasında bazara çıxarılması hansı proseslərdən keçir? Həmin kəşflərdin
neçə faizi dərman formasında bazara çıxarılır?
- Çox
aktual bir məsələdir. Bir fizioloji fəal maddənin sintezi hələ onun dərman kimi
istifadə edilə biləcəyi anlamına gəlmir. Nəzərə almalıyıq ki, bir dərman maddəsinin
bir orqan, toxuma, hüceyrədəki xəstəliyə müsbət təsir edirsə, digər orqanlara
15-20-dən çox neqativ təsiri ola bilər. Bu, yalnız klinik sınaqlar vasitəsilə
mümkündür. İndiki halda, bu analizləri Azərbaycanda yerinə yetirmək mümkün
deyil. Baxmayaraq ki, Azərbaycan Tibb Universitetində dərman maddələrin
antimikrob və antibakterial təsirlərini öyrənirlər, səmimi olaq ki, o nəticələr
də inandırıcı görünmür. Əgər bizim aldığımız nəticələr xaricdə yox, burada öyrənilsəydi,
bu qədər ümidverici danışmazdıq. Ancaq yenə də aidiyyəti qurumlara etdiyimiz
müraciətlər cavabsız qaldı. Klinik analizlərin xarici ölkələrdə aparılması
böyük xərclər tələb edir. O vəsaiti bu gün nə fərd olaraq bir və ya bir neçə
alim edə bilmir, nə də çalışdığımız institutun imkanı yoxdur. Çünki söhbət 10 və
ya 100 manatdan yox, milyonlarla manatın xərclənməsindən gedir. Ona görə də çox
vaxt sintez olunan dərman maddələri sınaqdan keçmədiyi üçün həyata vəsiqə
qazana bilmir, istehsalata tətbiqi də mümkünsüz olur. Bununla əlaqədar, əsas
elmi nailiyyətimiz ilk mərhələdə yüksək fizioloji təsirə malik olan yeni dərman
maddəsini almaq, onun nəzəri əsaslarını yaratmaq olub, bunu bacarmışıq.
Ardınca, heç bir xərc tələb olunmadan həmin maddələrin xaricdə klinik
sınaqların aparılması məhz avropalı alimlərin öz təşəbbüsləri ilə mümkün
olacaqdır. İlkin nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və
Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün həmin institutun
aparıcı alimləri tərəfindən Aşqarlar Kimyası İnstitutuna rəsmi müraciət
olunaraq müştərək tədqiqatlar həyata keçirmək və nəticə etibarilə yeni dərman
maddələrin klinik sınaqlarının aparılması təklif olunub. Hətta həmin institutun
alimləri ilə birlikdə AMEA və İMTŞ
arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində
2018-2019-cu illər üçün elan olunmuş beynəlxalq müsabiqəyə "Patoloji hallara səbəb
olan karbon anhidraz inhibitorların yaradılması” adlı layihə təklifi hazırlanıb
və təqdim olunub. Bu layihə reallaşacağı təqdirdə, növbəti ildə yüksək
inhibitor xassələrə malik dərman maddələrin klinik sınaqları həyata keçiriləcək.
Yəni iki il ərzində biz həmin maddələrin hansı mənfi təsirlərinin
olub-olmadığını öyrənəcəyik. Sonra mənfi təsir göstərən funksional qrupların kənarlaşdırılması,
əvəz olunması ilə bağlı araşdırmalar davam etdirilə bilər. Bu maddəni almaqla,
işimizi bitmiş hesab etmirik. Əgər bu sınaqlar da müsbət nəticə verərsə,
onların dərman kimi istifadəsi tam mümkün olacaq.

- İş müştərək
görülür, bəs patent məsələsi necə olacaq?
- Maddənin
sintezini biz edirik, onların funksional xassələrinin öyrənilib istehsalata tətbiqi
xarici həmkarlarımızın aparacağı tədqiqatlardan asılı olacaq. Müəlliflik məsələsi,
alınan maddələr dərman kimi istifadə edilə bilərsə, bundan irəli gələn
prosedurların tənzimlənməsi sonra müzakirə ediləcək. Hər halda, bu istiqamətdə əldə
olunan və bundan sonra əldə ediləcək nailiyyətlər Azərbaycanın adına dünya
elminə verdiyimiz və verməkdə olduğumuz töhfələrdir.
- Satışda xərçəng xəstəliyinə qarşı müxtəlif dərman
maddələri var. Sizin kəşfiniz onlardan nə ilə fərqlənir?
- İndiyə
qədər ən yüksək təsir göstərən dərmanların belə xərçəng hüceyrələrini məhv etməsi,
patoloji prosesi tam dayandırmasını eşitməmişəm. Bizim sintez etdiyimiz
fizioloji fəal maddələri hüceyrə-toxuma səviyyəsində fermentativ proseslərə öz
təsiri ilə xarakterizə olunur. Əgər müasir tibb sənayesinə baxsaq, indinin
özündə əczaxanalarda fermentləri stimullaşdıran dərmanlar demək olar ki, yox dərəcəsindədir.
Amma yuxarıda sadaladığımız patoloji halların hamısı hüceyrə və toxuma səviyyəsində
məhz fermentativ proseslərin pozulmasından qaynaqlanır. Deməli, hədəfimiz
düzgün seçilib, müsbət nəticəyə varmaq üçük kifayət qədər fundamental-nəzəri əsaslarımız
var. Əgər bunu klinik sınaqlarda da təsdiq edəcəyiksə, bu, həmin xəstəliklərin
müayinəsi və müalicəsində tam yeni yanaşma olacaq.

- Bu maddələr bütün orqanların xərçəng xəstəliyi
üçün effektli olacaq?
- Bu
maddə istənilən halda patoloji xəstəliyin qarşısını alan maddələrdirsə, hansı
orqanda olmasının fərqi yoxdur. Biz maddəni sintez etmişik. Sonrakı proseslər
tibb alimlərinin fəaliyyəti nəticəsində mümkün ola bilər. Klinik sınaqlar müsbət
nəticələnərsə, tövsiyə necə olarsa, o formada tətbiq oluna bilər.Burada
başqa maraqlı bir məqam qlobal çağırışlarla bağlıdır: xatırlayırsınızsa, ötən
il V Bakı Beynəlxalq Humanitar Forumda kimya üzrə Nobel mükafatı laureatları –
Ada Yonat, Ariye Varşel və Aron Çexanover qeyd etdilər ki, xəstəlikdoğuran
bakteriya və göbələklərin hazırda istifadə olunan antibiotiklərə müqavimətinin
artması bəşəriyyət üçün ciddi problemə çevrilib. Bu da yeni antibiotiklərin kəşfi
və istehsalına başlamağın zərurətini meydana çıxarıb. Bu nöqteyi-nəzərdən də
aldığımız fizioloji fəal maddələrin struktur təkmilləşməsini aparmaqla hazırda
tətbiq olunan standart dərman preparatlarına nisbətən daha yaxşı farmakoloji təsirə
malik mürəkkəb maddələrin əldə edilməsini təmin etmək olar. Eyni zamanda,
bakteriya və mikrob infeksiyalarına qarşı mübarizə aparmaq məqsədilə daha yaxşı
dərmanların istehsalını təmin etmiş olarıq. Nobel mükafatçıların sözlərinə görə,
bu, tək bir hökumətin və alimin işi deyil, bütün dünya bu istiqamətə vəsait sərf
etməlidir. Azərbaycanda - Pirallahıda dərman maddələrinin sintezi zavodunun
yaradılması ilə bağlı ölkə başçısının sərəncamı, Nazirlər Kabinetinin qərarı
var. AMEA-nın Yüksək Texnologiyalar Parkı fəaliyyətə başlayıb. Hesab etmək olar
ki, müştərək fəaliyyət nəticəsində bu istiqamətdə daha çox iş görmək olar.
Çünki həm bizim, həm də AMEA-nın digər ixtisaslaşmış kimya institutlarının dərman
maddələrinin alınması ilə bağlı böyük təcrübəsi var.
- Bizdə də deyirlər ki, alimlərimiz iş görmürlər.
Belə çıxır ki iş gedir. Alimlər üzdə olmağa meylli deyillər, yoxsa, üzə çıxaran
yoxdur?
- Bəzən bizi əsassız ittiham edirlər ki, Azərbaycanda
beynəlxalq səviyyəli tədqiqatlar aparılmır. Mən Akademiyanın bir institutunun
bir laboratoriyasında gənc alimlərin apardığı beynəlxalq səviyyəli nailiyyətlərdən
söz açdım. Belə faktları sıralamaq olar. Yüksək elmi nailiyyət üçün birincisi,
alimdən yüksək intellekt, yaradıcı yanaşma tələb olunursa, digər tərəfdən, yüksək
səviyyəli şərait lazımdır. Unutmayaq ki, beyinlərini aylıq əmək haqqı, mənzil
kimi məişət qayğıları ilə məşğul edən gənc alimlərdən böyük elmi uğurlar da
gözləməyə dəyməz. Bu gün Azərbaycana Nobel mükafatı qazandıracaq gənc alimin
beynəlxalq səviyyəli tədqiqatları üçün istedadı ilə ona yaradılan şəraiti
uzlaşdırmaq, imkanlarını reallığa çevirmək lazımdır.
Aygün Asimqızı
