• cümə, 29 Mart, 00:02
  • Baku Bakı 7°C

Avtobus dayanacağında

11.11.19 10:00 17198
Avtobus dayanacağında
Ana Blandiana

Əsl adı-soyadı Otilia Valeria Coman olan Ana Blandiana 1942-ci ildə Rumıniyanın Timişoar şəhərində doğulub. Şairə, nasir və jurnalist kimi tanınır. Kluje Universitetində ali təhsil alıb. Atası keşiş olub və o vaxtkı kommunist rejim tərəfindən guya "ideoloji baxımdan zərərsizləşdirilərək” uzun illər həbsdə saxlanılıb. 1976-cı ildən, yəni əsərləri xarici ölkələrdə çap olunmağa başlayandan sonra, Ananın adı ölkəsinin gizli xidmət orqanları tərəfindən dissident yazarlar siyahısına salınır. 1989-cu ildə xalq Nikolae Çauşeskunun rejiminə qarşı ayağa qalxandan sonra bu yazar ölkəsinin ictimai-siyasi həyatında nüfuzlu şəxsiyyətlərdən birinə çevrilir. Hazırda o, Rumıniya PEN-klubunun fəxri prezidenti, "Vətəndaş Akademiyası” adlı hüquq müdafiəçiləri fondunun prezidenti və "Kommunizm qurbanları Memorialı”nın direktorudur. Ədəbiyyatın inkişafı sahəsindəki xidmətlərinə görə Ana Blandiana 1982 və 1988-ci illərdə beynəlxalq Qottfrid fon Hörder ödülünə, 2002-ci ildə Vilenitsa mükafatına, 2005-ci ildə Kamayore ödülünə, 2009-cu ildə isə Fransanın Fəxri Legion ordeninə layiq görülübdür.
2016-cı ildən Rumıniya Elmlər Akademiyasının müxbir üzvüdür. Stefan Mallarme adına Poeziya Akademiyasına, Avropa Poeziya Akademiyasına və UNESCO yanında Dünya Poeziya Akademiyasına üzv seçilibdir. Əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunubdur. İyirmi altı şeir kitabının ("Birinci şəxsin cəm halı” (1964), "Həssas daban” (1966), "Üçüncü sirr” (1969), "Əlli şeir” (1970), "Oktyabr, noyabr, dekabr” (1972), "Şeirlər” (1974), "Qum saatı” (1983), "Ölümün səhəri günü” (1996), "Hisə bulaşmış mələk” (2004), "A4 mənim vətənimdir” (2010) və sair), 5 nəsr, 13 esse və bir neçə tərcümə kitabının (ümumilikdə 47 kitabın) müəllifidir. 2019-cu ildə o, nüfuzlu Buker mükafatına başlıca namizədlərdən biri olub. Təqdim olunan essevarı hekayə yazarın "Manipulyasiyalar haqda saxta traktat” sənədli nəsr kitabından seçilibdir.

Avtobus dayanacağında

Bu əhvalat 1993-cü ilin yanvarında Strassburqda baş vermişdi. Şəhərin mərkəzində yerləşən Avropa Şurasına getməkdən ötrü avtobusun gəlişini gözləyirdim. Yağış çisələdiyindən avtobus dayanacağının damının altına sığındım. Dayanacaqdakı skamyada bir kişi oturmuşdu. Onunla elə ilk dəqiqədən yağışın yağmasına qarşı bir həmrəylik duymaqda idik, ən azından baxışlarımızdan qarşılıqlı rəğbət sezilirdi və sanki bu yolla bir-birimizi artıq salamlamışdıq da. Bu, yaşlı bir cənabdı, arıq olsa da, üz cizgiləri düzgün, dərisi isə qarayanız idi, nəcib görkəmindən həm kübarlıq, həm də dərin zəka yağırdı, ya da bu cəhətlərin hər ikisi eyni vaxtda onda cəmlənmişdi. Amma bununla belə, onda izaholunmaz dərəcədə bir qədimlik, keçmişin dərinliklərindən süzülüb gələn və əcdadlarımıza xas nə isə var idi. "Yəqin hindlidir” – deyə düşündüm, ədəb-ərkan çərçivəsində bu adamı altdan-altdan süzməyə başladım, bunu edərkən zamanın axarını – həm də bir ömrün və ya hansısa insan nəslinin yaşadığı zaman kəsiyini yox, bundan qat-qat çox şeyi, yəni zamanın özünü seyr elədiyimin də fərqindəydim.Yeri gəlmişkən, elə o da mənə göz qoyurdu və bəlkə də, bunu ürkək baxışlarımı öz üzərində sezdiyi üçün edirdi. Hətta bir ara o, mənə gülümsədi də. O ara kişinin üz cizgiləri qəfildən dəyişdi və bu təbəssüm öz sahibinin fərqli, daha aşağı, yəni daha müasir və adi təbəqədən biri olduğuna diqqətimi çəkdi.
Daha sonra o, bu təbəssümün bir növ davamı kimi, cibindən sellofan paketə salınmış kiçik bir karton parçası çıxartdı. Bunun üzərində əyri-üyrü çap hərfləriylə, həm də fransız dilinə yaxın bir dildə yazılmışdı ki, o, rumın əsilli bir qaraçıdır, insan hüquqlarına dərin hörmət bəslənən Fransada məskunlaşmaq üçün hər hansı köməyə möhtacdır. Əlimdə tutduğum bu kartonu süzərkən mən karıxıb qalmışdım, düşdüyüm vəziyyət komik idi, çünki bayaqkı ilk təəssüratım ilə reallıq arasında dərin uçurum yaranmışdı. Bir anlığa hər hansı kəlmə kəsmədən kartonu kişiyə qaytarmaq keçdi içimdən, ancaq bu insanın ilk anlardan mənə aşıladığı təbəssüm və rəğbət hissi, ən nəhayət, tərəddüdlərə qalib gəldi və mən gülümsəyərək dedim: - Elə mən də rumınam. Kişi hər hansı təəccüb və ya çaşqınlıqdan uzaq bir tərzdə dilləndi: - İşə bax ha! Əcəb bəxtim gətirir! Ətrafımda bu qədər fransız qaynaşsa da, mən burada da rumın bir xanıma rast gəldim. Duyduğumuz qarşılıqlı rəğbət hissinin təsiriylə hər ikimiz güldük və bəlkə də, məhz bu isinişmə sayəsində mən səmimi söhbətə keçməyə bir fürsət qazandım. Xəbər aldım: - Çoxdan Fransadasınız? - Üç il olar.
- Amma ötən illər ərzində öz ölkəmizdə də çox şey dəyişib. İndi orada iki, ya üç partiya var. Artıq vətənə qayıda və mübarizəyə qoşula bilərsiniz... – Xəfif gülümsəməklə dəqiqləşdirdim: - İrtica ilə mübarizəyə. O, kartonu əlimdən aldı: - Hə, hə, gəlin, o mövzuya toxunmayaq. Hərə nə cürsə yaşamalıdır da... Biz də başımızı buralarda girləyirik... - Bəyəm Rumıniya ilə müqayisədə burada baş girləmək daha asandır ki? - Əlbəttə, buralar daha yaxşıdır, bura varlı yerdir, hərçənd burada da əziyyətə qatlaşmalı olursan. Araya sükut çökdü və mən onu doldurmaq üçün soruşdum: - Strassburqda yaşayırsınız? Bu sualdan heyrətlənibmiş kimi və mənə bir sirr açarmış kimi dedi: - Yox, canım. Biz burada yolüstü dayanmışıq. Avtomatik şəkildə soruşdum:
- Bəs buradan haraya gedəcəksiniz ki? Bunun ardınca o, səmimi etiraflara keçdi və indi onları burada sizlərlə bölüşəcəyəm, ancaq onların məzmunu yox, məhz hansı şəraitdə mənə etiraf olunmasıydı mənə təsir edən. İllah onu dinləyim deyə, gələn iki avtobusa minməkdən vaz keçdim. Kişi dedi ki, ailəsi ilə birgə Lionda məskunlaşıb, orada onlara sosial mənzil ayrılıb və cürbəcür işlərlə məşğuldur. Ara-sıra Fransanın hökumət dairələri onları çağırıb, ölkəni tərk etsinlər deyə, bəlli bir məbləğ və sərhədə qədər getmək üçün yol biletləri təklif edirlər (indi yanlış xatırlamıramsa və bunu tam əminliklə deyə bilməsəm də, söhbət haradasa 700 frankdan gedirmiş). Məbləği almaqla onlar Fransa ərazisinə bir daha ayaq basmamaq barədə sənədə də imza atırmışlar. Bu prosedurun ayrıca bir insana və ya ailənin çoxsaylı üzvlərinə tətbiqindən asılı olaraq, məbləğ yetərincə böyüyə, şişə bilirmiş. Almaniya sərhədini keçən kimi bu insanlar təkrar Fransaya gedən qatarlara əyləşirmişlər və bir neçə saat sonra icazəsiz şəkildə təkrar geri dönürmüşlər. Bu "icazəsiz” sözü, əslində, burada yersiz səslənir, çünki adıçəkilən ölkələr arasında sərhəd-keçid məntəqələri yerli-dibli yoxdur. Sonra bu qaçqınlar hansısa şəhərdə qatardan enib, sənədlərini itirdiklərinə və ya onların oğurlandığına dair polisə müraciət edirlərmiş, həm də hər dəfə fərqli ad-soyadlarla yeni sənədlər alırmışlar. Bir müddət sonra bu insanları yenə idarələrə çağırırmışlar, bəlli bir məbləğ və sərhədə qədər yol bileti verməklə, həm də bir daha geri dönməmək şərtiylə Fransa ərazisini tərk eləmək onlardan xahiş olunurmuş. Onlar da guya bununla razılaşırmışlar, amma Almaniya sərhədini keçən kimi qatarla təkrar Fransaya dönüb, başqa bir şəhərdə məskən tapmaqla, yenidən polisə şikayət edirmişlər və sair və ilaxır. Karuseli xatırladan bu oyunun hansı sürətlə cərəyan etdiyini deyə bilmərəm, ən azından bu yeni tanışım eyni ritualı artıq dörd kərə təkrarlaya bilmişdi. Hazırda o, növbəti dəfə Fransada idi, dünən axşam geri dönmüşdü və yuxarıda sadalanan o işləmlərin icrası üçün Liona yollanacaqdı. Onu heyrət içində süzürdüm, hərçənd danışdıqları məndə hər hansı təəccüb-filan doğurmamışdı: - Bəs fransızlar necə, bütün bunların fərqində deyillər ki? Buna oxşar sualı mən hələ uşaq ikən, nəhəng əjdahaların başının asanca aldadılması haqda nağılları dinləyəndən sonra da verərdim.
- Yox, fərqində deyillər, çünki onlar insan hüquqlarına hörmətlə yanaşırlar və bu səbəbdən insanların sərbəst yerdəyişmələrinə qəsdən hər hansı maneə yaratmırlar. Bu yerdə özümü tuta bilmədim, onu incitmədən və ya aşağılamadan dedim: - Ancaq siz verdiyiniz vədi pozmaqla, həm onları, həm də qanunlarını ələ salmış olursunuz. O, bundan heç incimədi və şəxsi ləyaqət hissini qoruyaraq, bu sözlərlə söhbətimizə yekun vurdu: - Ancaq hər xalqın da məhz özünə xas qanunları var. Həqiqətən də, buna verəcək bir cavab tapmadım. Söhbətə başladığımız vaxtdan bəri sayca üçüncü avtobus bu dəm dayanacağa yan aldı. Səmimi söhbətə görə bir-birimizə təşəkkür etməklə, həyatda uğurlar diləməklə, biz həmyerlimlə xudahafizləşdik. Məndə elə ilk anlardan rəğbət doğuran bu insanın etiraflarının həqiqiliyini yoxlamaq üçün heç bir cəhd göstərmədim, çünki ona bəslədiyim etimad hətta sarsılandan sonra da bu rəğbət itib-getməmişdi. Avtobusa minərək mən hazırda yaşadığım bu qitədə insan hüquqlarının qorunması üzrə mərkəz sayılan Avropa Şurasının ofisinə yollandım. Ancaq o ara bir fikir məni heç tərk eləmirdi: ən müxtəlif təbəqələri təmsil edən insanlar arasındakı hüquqlar və rəsmi əlaqələr necə də nisbi səciyyə daşıyırmış, çünki bu cür münasibətlərdə təkcə güclülər zəifləri idarə eləmirdi, mübarizə ədalətli olduğundan zəiflər də onları idarə edənləri öz əllərində bir silaha çevirmək fürsəti qazanırdılar. Bir də ki, bu qədim qaraçı xalqı minillər boyu öz ilkin müqəddəratını, düşüncə tərzini və adət-ənənələrini qoruyub-saxlaya bilibdir, başqalarının bunları dəyişdirmək cəhdlərinə və başqa xalqların qoyduğu qanunlara o, zərrəcə məhəl qoymur, özünün idarə olunmasıyla bağlı cəhdlərə və istənilən inkişafa qarşı da yetərincə güclü bir immunitetə sahibdir. Get-gedə daha artıq dərəcədə öz ideyalarının, altruizmin və illüziyaların qurbanına çevrilən bugünkü dünyada sözügedən və hər cür dəyişikliklərdən imtinaya əsaslanan bu immunitet isə yenilməz bir qüvvədir. Elə bu qənaətlə də mən gəlib Avropa Şurasına çatdım.

Dilimizə çevirdi – Azad Yaşar
banner

Oxşar Xəbərlər