• bazar ertəsi, 11 noyabr, 23:56
  • Baku Bakı 14°C

ATƏT DTİHB özünü digər beynəlxalq təşkilatlardan kəskin şəkildə ayırdı

11.10.13 18:54 6689
ATƏT DTİHB özünü digər beynəlxalq təşkilatlardan kəskin şəkildə ayırdı
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

- Azərbaycanda keçirilmiş prezident seçkilərinə beynəlxalq müşahidəçilərin münasibətini necə qiymətləndirirsiniz?

- Əvvəla, bu fikirlə hər bir Azərbaycan vətəndaşı razılaşa bilər ki, oktyabrın 9-da ölkədə möhtəşəm, ədalətli, şəffaf və bütün demokratik dəyərlərə söykənən prezident seçkiləri keçirildi. Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini bütövlükdə əks etdirdi. Azərbaycan xalqının İlham Əliyevə olan inamı, etimadı bu seçkilərin nəticəsində bir daha üzə çıxdı. Xalqın İlham Əliyevi dəstəkləməsinin əsasında isə son 10 il ərzində gedən fundamental dəyişikliklər, hər bir vətəndaşın həyatında baş verən pozitiv məqamlar dayanır. Seçkiləri təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. Ümumi dəyərləndirmə olaraq deyə bilərəm ki, beynəlxalq müşahidəçilərin seçkilərin gedişi və nəticələri ilə əlaqədar səsləndirdikləri rəylər bizi qane edir. Biz beynəlxalq müşahidəçilərin rəylərini iki hissəyə bölə bilərik: seçkiləri qərəzsiz, obyektiv izləyib, nəticələr haqqında ədalətli fikir söyləyənlər və seçki prosesinə müəyyən konyuktura baxımından yanaşaraq, nəticələri məhz bu konyuktura prizmasından dəyərləndirmək istəyənlər. Onu da bildirmək istəyirik ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ölkədə keçirilən səsvermə ilə bağlı rəyi birmənalı şəkildə kifayət qədər yüksək olub. Onların verdiyi bəyanatlar seçkilərin kifayət qədər ədalətli, şəffaf və demokratik prinsiplərə əsaslanaraq keçdiyini əks etdirir. Bura AŞPA, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların bəyanatları aiddir. Əlbəttə tənqidi fikirlər səsləndirənlər də oldu. Bunların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəyini qeyd etmək olar. Amma mənə elə gəlir ki, ümumilikdə beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini qiymətləndirməli olsaq, icmal yanaşma müsbətdir.
- Sizcə, ATƏT DTİHB-nun digərlərdən fərqli bəyanat verməsinin səbəbi nədir?

- Bu məsələni təhlil eləməyə ehtiyac var. Yuxarıda qeyd elədiyim müşahidəçilərdən 300 nəfəri ATƏT tərəfindən seçkilərə ezam olunmuşdu. Yəni beynəlxalq müşahidəçilərin 25 faizi ATƏT tərəfindən göndərilmişdi. Onlar qalan 75 faizdən fərqli mövqe ortaya qoydular. Bu da əlbəttə müəyyən qədər qəribə görünür. Bu dərəcədə fərqli rəyin ortaya qoyulması ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu özünü digər beynəlxalq təşkilatlardan kəskin şəkildə ayırmış oldu. Eyni zamanda digər beynəlxalq təşkilatların rəyinə hörmətsizlik nümayiş etdirdi. Onlar niyə belə kəskin fərqli rəy ortaya qoyurlar? Adamın ağlına gələn ilk fikir odur ki, görünür, burada siyasi könyuktura önə çıxır. Obyektivlik, tərəfsizlik siyasi könyükturaya qurban verilir. Yəqin burada onların özünə daya yaxşı məlum olan mülahizələr üstün rol oynayıb. Görünür, onlar seçki kimi ciddi bir hadisədən istifadə edib Azərbaycana təzyiqlər göstərmək fikrindədirlər. Bu mənada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun səsləndirdiyi rəyə çox ciddi şübhələr yaranır. İkinci tərəfdən təbiidir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun belə bir rəylə çıxış etməsi həm də ATƏT-in özünün obyektivliyinin üzərinə böyük kölgə salır. İstər-istəməz bəzi məsələlərlə bağlı müqayisələr ortaya çıxır. Yəni, ATƏT-in Minsk Qrupu 20 ildən çox müddət ərzində ona həvalə olunmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə qədər obyektiv səylər göstəribsə, onun digər qurumunun da fəaliyyətində o qədər obyektivlik özünü göstərir. ATƏT-in Qarabağ münaqişəsinin həlli üçün formalaşdırdığı Minsk Qrupunun indiyə qədər məsələnin həlli üçün obyektiv niyyəti ortada olmayıb. Azərbaycan cəmiyyəti ATƏT-in fəaliyyətində bu qeyri-obyektivliyin və qərəzliliyin üstünlük təşkil etdiyini müşahidə edir. Bütün bunlar da ondan xəbər verir ki, siyasi konyuktura ATƏT-in fəaliyyətində üstünlük təşkil edir. Eyni zamanda ATƏT DTİHB belə bir rəy ortaya qoymaqla, Azərbaycan xalqının iradəsinə hörmətsizlik etmiş oldu.
- Eyni tənqidi bəyanatla ABŞ Dövlət Departamenti də çıxış etdi...

- ABŞ Dövlət Departamentinin tələsik, yalnız ATƏT DTİHB-nun rəyinə istinad edərək mövqe ifadə etməsi bizdə ciddi təəssüf doğurur. Qeyd elədiyim kimi, seçkiləri 1400-dək beynəlxalq müşahidəçi izləyib ki, bunların da içərisində ABŞ-ı təmsil edənlər olub. Digər tərəfdən, ABŞ-ın çox nüfuzlu sorğu agentliyi Azərbaycanda prezident seçkiləri ilə əlaqədar sorğular aparıb. Bu sorğuların nəticələri ilə seçkilərin elan olunmuş nəticələri arasında elə bir fərq yoxdur. Bu da həm sorğunun, həm də seçkinin nəticələrinin dəqiqliyinə etimadı daha da gücləndirir. Bütün bunlardan sonra ABŞ-ın tələsik, bir qurumun rəyinə istinad edərək mövqe ifadə eləməsi təbii ki obyektivlikdən kənardır. Onlar bununla, Azərbaycanla ABŞ arasında olan strateji tərəfdaşlıq münasibətlərinə, əməkdaşlığa müəyyən kölgə salmaq yolunu tutmuş olurlar. Hesab edirəm ki, ABŞ araşdırmalardan sonra bu rəyin, bəyanatın tələsik verildiyini etiraf edəcək. Mən buna inanmaq istəyirəm.
- Bu bəyanatlardan sonra ATƏT DTİHB və ABŞ-la Azərbaycanın gələcək münasibətlərində hansısa dəyişikliklər gözlənilirmi?

- Azərbaycan beynəlxalq birliyin üzvüdür, dünya birliyinə inteqrasiyası getdikcə güclənir. Dünyanın müxtəlif qurumlarında üzərimizə səmərəli missiyalar götürmüşük. Bunun bariz nümunəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü göstərmək olar. Çox müxtəlif beynəlxalq qurumlarda təmsil olunuruq. Yəni Azərbaycan ayrıca bir adada yaşamır, gələcəyini dünya birliyinin çox fəal üzvü kimi fəaliyyət göstərməkdə görür. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, müstəqil dövlət kimi Azərbaycanın hansısa beynəlxalq təşkilatla əməkdaşlığı suverenliyimizə və milli maraqlarımıza azacıq da olsa kölgə sala bilməz. Azərbaycan bu və ya digər qurumlarla əməkdaşlıq edərkən hər şeydən əvvəl milli maraqlarının həyata keçirilməsi üçün əlavə imkanların qazanılması mülahizələrindən çıxış edir. Milli maraqlara azacıq da olsa, problem yaradan məqamlar Azərbaycanın həmin qurumlarda fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğunluğu barəsində düşünməyə gətirib çıxara bilər. Azərbaycan ATƏT-in üzvüdür, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq edir və biz müəyyən şərtlər daxilində bu əməkdaşlığın səmərəliliyini qeyd edirik. Amma təbii olaraq, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı qeyri-obyektivlikdən əl çəkə bilməsə, ikili standartlar xəstəliyindən xilas ola bilməsə, təbii ki, istər-istəməz, bu qurumla Azərbaycanın əməkdaşlığının nə dərəcədə milli maraqlarımıza uyğun olması sualı ortaya çıxacaq və biz bu suala cavab axtarmalı olacağıq.
- Bəs ABŞ-la?

- Azərbaycan ABŞ-la çoxşaxəli, geniş əlaqələrə malikdir. Hesab edirəm ki, Azərbaycan-ABŞ əməkdaşlığını tələsik səsləndirilən bəyanata qurban vermək olmaz. İki ölkənin əlaqələri daha ciddi maraqlara, o cümlədən də Azərbaycanın milli maraqlarına söykənir. Bundan sonra da təbii ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq bu minvalla davam edəcək. Biz bu əməkdaşlığı davam etdirməklə, ABŞ Dövlət Departamentinin səsləndirdiyi bəyanatın tələsikliyini və bu tələsiklikdən doğan qeyri-obyektivliyi onların diqqətinə çatdırıb, bunun yanlış fikir olduğuna inandıra biləcəyik.
- “Demokratik Qüvvələrin Milli Şurası”nın namizədi Cəmil Həsənli və bəzi müxalifət partiyaları da seçkilərdən narazıdırlar və nəticələri legitim saymırlar. Onlar mübarizə aparacaqlarını bəyan ediblər və sabah da razılaşdırılmış etiraz mitinqi keçirəcəklər...

- Birmənalı şəkildə deyə bilərəm ki, seçkilərin legitimliyini təyin edən yeganə indikator xalqın rəyidir. Azərbaycan xalqı dediyim kimi, İlham Əliyevə səsini verib və bu səsin həqiqi olduğunu da seçkilərdən keçən günlər ərzində öz münasibəti ilə təsdiq edib. Azərbaycanda seçkilərin nəticələri ilə bağlı hansısa fərqli fikir yoxdur. Müxalifətin seçkiləri tanımaması ilə bağlı bəyanatlarına gəldikdə, onu deyə bilərəm ki, bu, Azərbaycan müxalifətinin biabırçı məğlubiyyətdən öz sifətlərini qorumaq cəhdindən başqa bir şey deyil. Müxalifətin düzgün qərarı o olardı ki, seçkinin nəticələrini tanıyaydı, qalibi təbrik edəydi. Onlar bununla, Azərbaycanda normal, sivil iqtidar-müxalifət münasibətlərinin yaranması istiqamətində çox əhəmiyyətli addım atmış olardılar. Bu addımı atsaydılar, ölkədə müxalifət mövqeyinin möhkəmlənməsinə xidmət edərdilər. İnkarçılıq heç bir halda heç bir siyasi qüvvəyə uğur gətirməyib. Müxalifətin həddindən artıq zəif ictimai dəstəyə malik olmasının səbəblərindən də biri budur. Ona görə də müxalifətin içərisindəki bir qrupun seçkilərin legitimliyini tanımaması barədə bəyanatı heç vaxt rezonans doğura bilməz. O ki qaldı sabahkı mitinqə, onlar seçkidən əvvəl də 3 mitinq keçirdilər və hamı gördü ki, mitinq iştirakçılarının sayında azalma dinamikası müşahidə olunurdu. Sabahkı mitinqdə biz bu prosesin yeni mərhələyə daxil olacağını, iştirakçıların sayının əvvəlki aksiyalara nisbətən daha da azalacağının şahidi olacağıq. Mübarizəni axıra kimi davam etdirmək təbii ki, onların hüquqlarıdır. Amma apardıqları mübarizə qanun çərçivəsindən kənara çıxarsa, Azərbaycan qanunlarının sərt tələbləri ilə üzləşəcəklər.
- Digər prezidentliyə namizəd İlyas İsmayılov da narazı bəyanat səsləndirdi...

- Açığı, şəxsən mən bu bəyanatı ondan gözləmirdim. İlyas İsmayılov bu bəyanatında səmimilik hissini unutmuş olduğunu göstərdi. Onun seçkidə uğur qazanmamasının günahı başqasında deyil, ancaq onun özündə ola bilər. İlyas İsmayılov vətəndaşların ona səs verməməsindən küsübsə, seçkilərin nəticələrini şübhə altına almaq kimi böyük məsuliyyət tələb edən bəyanatı səsləndirməyə ən azı mənəvi haqqı yox idi. Ona vətəndaşlar nə qədər səs vermək istəyiblərsə, o qədər də səs veriblər. Bundan artığına ümid bəsləyirdisə, onun günahı nə YAP namizədinin kifayət qədər yüksək səs qazanmasında, nə də seçkilərdədir. Yeganə səbəb insanların ona səs vermək istəməməsidir. Gerçəkliyi qəbul etməli idi. Kimsə gerçəkliyi qəbul eləmirsə yanlış yoldadır və daha böyük uğursuzluqla rastlaşacaq.
- Digər namizəd, ADP sədri Sərdar Cəlaloğlunun məğlubiyyəti etiraf edib, partiya sədrliyindən istefa verməsi barədə nə deyə bilərsiniz?

- Sərdar Cəlaloğlundan başqa, digər namizədlər də nəticələri tanıyıb, uğur qazana bilməmələrini etiraf edib, qalibi təbrik ediblər. Bu, Azərbaycanda sivil mübarizə istiqamətində atılan əhəmiyyətli addımlardır. Onun partiya sədrliyindən istefa verməsinə gəldikdə, açığı onun sonrakı siyasi fəaliyyəti ilə bağlı nəsə deməyə çətinlik çəkirəm. O bununla siyasi karyerasına son qoyacaq, yaxud başqa formatda davam edəcək, deyə bilmərəm. Amma hər halda o bu addımı ilə ortaya qoydu ki, partiyası uğur qazana bilməyib, böhran vəziyyətə gəlib və bu böhrandan çıxış yolunu sədrlikdən istefa verməkdə görüb.
- Seçkilər ərəfəsində ictimaiyyətin diqqətini çəkən məqamlardan biri də həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin açıq formada Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməsi oldu. Bir çoxları bunu onun tezliklə əfv olunması ilə nəticələnəcəyini deyir...

- Azərbaycan Prezidenti tərəfindən mütəmadi olaraq əfv fərmanları verilir. Bu, İlham Əliyevin, Azərbaycan hakimiyyətinin humanist prinsiplərinin tərkib hissəsidir. Biz hesab edirik ki, cəzaçəkmə müəssisəsində insanların saxlanması onların cəzalandırılmasından çox, islah olunmasına xidmət edir. Bu yanaşma öz məqsədinə çatdıqca da prezident tərəfindən əfv fərmanları verilir. Növbəti dəfə həmin mülahizələrə istinad edərək Azərbaycanda əfv olacaq və yenə də xeyli sayda insan bu əfvlə cəzalarının bir hissəsini çəkmədən azadlığa çıxa biləcək. Onların arasında Fərhad Əliyevin də olması mümkündür. Mən çox arzu edirəm ki, o da əfv olunanlar arasında olsun. Amma birmənalı şəkildə bildirmək istəyirəm ki, Fərhad Əliyevlə bağlı qəbul olunacaq qərar heç də onun İlham Əliyevə səs verməsi ilə əlaqəli olmayacaq, bu fakt əsas kimi götürülməyəcək. Fərhad Əliyev İlham Əliyevə səs veribsə, bu onun daxili istəyindən irəliyə gələn addımdır. Yəqin ki, bu addımı atmaq üçün onun kifayət qədər əsasları olub.
banner

Oxşar Xəbərlər