• cümə, 29 Mart, 02:11
  • Baku Bakı 7°C

“Çarığ”ını dünyanı gəzməklə yırtan azərbaycanlı xanım- Səyahət

02.06.17 10:29 8439
“Çarığ”ını dünyanı gəzməklə yırtan azərbaycanlı xanım- Səyahət
Səyahət etmək onun hobbisidir. Deyir ki, fərqli insanlarla ünsiyyətdə olmaq, dünyanı tanımaq əvəzolunmaz hissdir. Ona görə də hər bir gəncin xərcliyindən kəsib, hər il hansısa ölkəyə getmək üçün pul yığmalı olduğunu deyir. Çünki səyahət etmədən dünyanın necə gözəl yer olduğunun fərqinə varmırsan.
Müsahibimiz gənc səyahətçi Aygün Yaqubludur. Aygün Azərbaycan Tibb Universitetini bitirib. 3 ildir ki, Hollandiyada yaşayır. Onu hər kəs "youtube” və "instagram” kanalında "Just Aygün” kimi tanıyır. Aygün həm də bloggerdir və səyahət etdiyi ölkələrin şəkillərini öz səhifəsində şəkil və video formasında yerləşdirir. Biz də "çox gəzən çox bilər” misalını əsas tutub, səyahətçi ilə söhbətləşmək qərarına gəldik.

- Aygün xanım, necə oldu ki, səyahət etmək qərarına gəldiniz?

- Səyahət etmək, yəqin ki, çoxumuzun arzusudur. Mənim də uşaqlıq arzum olub. Həyat yoldaşımla tanış olduqdan sonra bu arzumuzu reallaşdırmaq üçün düşünməyə başladıq. "Necə edək ki, dünyanı gəzək” sualı ətrafında düşündük və başladıq. Düşündük ki, dünya böyükdür və bir çox gözəl yerlər var ki, onları görmək bizə zövq verər, həyat təcrübəmizi çoxaldar. Fərqli ölkələrin tarixi, mədəniyyəti, insanları çox maraqlıdır. Dünyaya bir dəfə gəlirik. Nə qədər yaşayırıqsa, hər bir anımızı gözəl yaşamağa çalışmalıyıq.
- Dünyanı gəzmək necə hissdir? İnsan nə üçün dünyanı gəzməlidir?

- Dünyanı gəzmək izah edə bilməyəcəyim qədər maraqlı və gözəldir. Düzdür, bəzən səyahət üçün pul yığmaq və səyahəti planlaşdırmaq insana yorucu, çətin və imkansız gəlir. Amma insan dünyanı gəzdiyi, səyahət etdiyi zaman həyatı dərk edir və yaşadığı həyata fərqli gözlərlə baxmağa, insanlara fərqli yanaşmağa başlayır. Əgər həyatının maraqlı və xatirələrlə dolu keçməsini istəyirsənsə, səyahət etməlisən.
- Səyahət etdiyiniz ölkələrdən hansısa sizə vətəni xatırladıbmı?

- Bir çox ölkədə bir anlıq düşünmüşəm ki, bura Bakıdır. Maltanın küçələri, İtaliyanın bir neçə şəhərində bu hal tez-tez təkrarlanıb. Bəzən ispanların və italyanların mətbəxini də öz mətbəximizə bənzətmişəm. Məncə, biz italyanlara çox oxşayırıq. Digər ölkələrdə də bizi italyanlara bənzədirlər. Gəzdiyim ölkələrdə ən çox sevdiyim mətbəx İtaliya mətbəxidir. Şimali Avropa ölkələrinin yadda qalan mətbəxləri yoxdur. Bəlkə də italyanların mətbəxlərini öz mətbəximizə bənzətdiyim üçün çox sevirəm.

- Aygün xanım, hər kəs səyahət arzusunu reallaşdıra bilərmi? Ümumiyyətlə, səyahət etmək istəyən insan nə etməlidir?

- Səyahət etmək istəyən insanın qarşısında duran ən önəmli faktor intizamlı olmasıdır. Bir insan əgər səyahət etmək istəyirsə, özünü artıq xərclərdən saxlamalı və pul yığmalıdır. Səyahət etmək üçün insana pulla yanaşı motivasiya da lazımdır. Səyahətlər əslində, sağalmaz "xəstəlik” kimidir. Başladınsa, dayana bilmirsən. Hər kəs səyahət arzusunu reallaşdıra bilər. Bu, əlçatmaz bir şey deyil. Səyahət etmək o demək deyil ki, mütləq lüks hotellərdə qalmalı və ya bahalı restoranlarda yemək yeməlisən. Bunların hamısını ucuz və büdcənə uyğun etmək mümkündür. Hazırda hər kəsin büdcəsinə uyğun hotellər, uçuş biletləri, restoranlar var. Hər kəs səyahət edə bilər, sadəcə, qarşına məqsəd qoyub, xərcliyindən kəsib səyahət üçün pul yığa bilməlisən.

- İlk dəfə səyahətə çıxan insanlar özləri ilə nə götürməlidir?

- Bu, hansı ölkəyə getmənizdən və həmin ölkənin iqlimindən asılıdır. Biz ucuz hava yollarından istifadə etdiyimiz üçün özümüzlə çox əşya götürmürük. Əl baqajımız olur, ona da çox lazımlı əşyaları qoyuruq. İlk götürəcəyimiz rahat idman ayaqqabılarıdır. Səyahət üçün ən vacib şərtlər fotoaparat və rahat geyimlərdir.

- Sizcə, dünyanı gəzmək istəyən bir insan hansı ölkədən başlamalıdır?

- Məncə, insan səyahət etməyə Fransadan başlamalıdır. Fransa Avropaya açılan qapıdır. Avropa deyəndə, çoxumuzun ağlına Paris gəlir. Hər bir insan bir dəfə də olsa, Parisi görməlidir. Fransa sanki həm latın avropalıların, həm də şimali avropalıların birləşdiyi yerdir. Təbiəti də gözəldir. Ona görə də səyahətə Fransadan başlayın.

- İndiyə kimi səyahət etdiyiniz ölkələrdə sizi ən çox təəccübləndirən ölkə hansı olub?

- Məni ən çox təəccübləndirən ölkə Maltadır. Dilləri, danışıqları çox qəribə səslənir. Balaca ada ölkəsi olsa da, tarixi yerləri və gözəlliyi ilə göz oxşayır. Maltanı sevməmək mümkün deyil. Orada ilboyu ürəyiniz istəyən günəş, gözəl çimərliklər, hərəkətli gecə həyatı, idman və macəra üçün kifayət qədər imkanlar vardır. Malta 3 əsas adadan ibarətdir. İki əsas ada olan Malta və Gozo arasında sıxışmış balaca ada Comino yerləşir. Kələ-kötür adanın cəmi 4 daimi sakini vardır. Buna baxmayaraq, pozulmamış landşaftları və gizli buxtaları axtaran yerliləri və turistləri ilə bura çox sevimlidir. Maltaya səyahət, ölkənin baş fırladan gölməçələrindən biri olan Comino Mavi Laqununun gözəl, mavi sularını təcrübə eləmədən tamamlanmır. İnsan yaşayışının və mədəniyyətinin Maltaya təsirinin erkən əlamətləri Misir piramidaları və Böyük Çin Səddindən də qədimə, 7000 il əvvələ gedir. Şübhə yoxdur ki, adanı koloritli açıq hava muzeyi kimi hiss etdirən tarixi küçələrdir. Zəngin, rəngarəng tarixə batmış sütunlu şəhər Mdina, insanı 4000 il əvvələ aparır. Paytaxt Valetta o qədər gözəldir ki, bütün şəhər UNESCO-un Dünya Mədəni İrs siyahısına salınıb. Yerli əhalisi isə çox qonaqpərvərdir.

- Bu günə qədər getdiyiniz yerlər içində sizə ən çox təsir edən və unuda bilmədiyiniz ölkə haradır və nə üçün?

- Mənə ən çox təsir edən ölkə İtaliyadır. Tarixlərini o qədər gözəl qoruyub saxlayırlar ki... Şəhər tarix qoxur. Əgər siz "facebook” və "instagram” turistsinizsə, İtalyanın istənilən şəhərində şəkil çəkdirmək üçün o qədər yer tapacaqsınız ki...İtalyanın hər tərəfi gözəldir. İtalyanların mətbəxinə vurğunam, musiqiləri isə başqa aləmdir.

- Bəs "bura heç vax getməyin” deyəcəyiniz yer varmı?

- Afrika ölkələrinin əksəriyyəti və bir neçə Asiya ölkələri. Bu ölkələrdə xəstəliklər çox olur və bəzilərində təhlükəsizlik şəraitinə riayət olunmur. Bundan əlavə, "International SOS” və "Control Risks” şirkətlərinin analitikləri hər il turistlərin təhlükəsizliyi baxımından dünya ölkələrinin xəritəsini hazırlayırlar. 2017-ci il üçün hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İraq, Yəmən, Liviya, Nigeriya, Şimali Koreya, Suriya, Somali, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.
- Çox gəzən çox bilir, yoxsa çox oxuyan?

- Çox gəzən öz kitabını yaza bilər.
- Qadınlarla kişilər arasında səyahət edən zaman bərabərsizliklərlə rastlaşıbsınızmı? Ümumiyyətlə, səyahət zamanı qadın olmağın üstünlüyü nədir?

- Avropada bərabərsizliklə rastlaşmamışam. Hansı ölkədə qadına hörmət yoxdursa, o ölkəyə getmərəm. Səyahət zamanı qadın olmağın üstünlüyü odur ki, yerli sakinlərdən haranısa soruşanda və ya problem olanda daha tez kömək edirlər. Çatışmazlıq isə fiziki işləri görə bilməməyimizdir. Başqa problem yoxdur. Qadın olmaq təkbaşına səyahət etməyə maneə deyil.

- Səyahət zamanı hansısa strategiyanız varmı? Tutaq ki hansısa xoşagəlməz hadisə ilə rastlaşdınız. Nə edərsiniz?

- Ən əsas strategiya odur ki, insan təşvişə düşməsin. Həmin vaxt sakit başla düşünüb, vəziyyəti düzgün analiz etmək lazımdır. Ağlamaq, qışqırmaq və ya təşvişə düşmək hələ heç kimə kömək etməyib.

- Səyahət arzusunda olan gənclərə nə demək istərdiniz?

- Tarixdə heç vaxt səyahət etmək müasir dövrümüzdəki kimi asan olmayıb. Bəlkə bizim nənələrimiz, babalarımız üçün səyahət ancaq xarici kitablarda vardı. Amma bizim zamanımızda pasportlarımız var, təyyarələr hər tərəfə uçur, çox ölkələrin sərhədləri açıqdır. Ümumiyyətlə, müasir dövr səyahət üçün ən yaxşı dövrdür. Bu şansı əldən buraxmayın. İntizamlı olub, pul yığın və gələcək planlarınızı kağızda qeyd edin. Planlarınız arasında mütləq dünyanı gəzmək də olsun.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər