• çərşənbə, 16 Oktyabr, 02:01
  • Baku Bakı 16°C

Аnalitik düşüncə, səbr, bir az da aqressiya - Uğur hekayəsi

10.02.14 13:43 8303
Аnalitik düşüncə, səbr, bir az da aqressiya - Uğur hekayəsi
Müsahibimiz özünü daha çox texniki düşüncə tərzli insanlar sırasına aid edir. 26 yaşında Mərkəzi Bankda yeni yaradılan şöbəyə müdir vəzifəsinə irəli çəkilən Çingiz Şirinovla karyera pilləsində irəliləməsinin sirləri, gələcək planları barədə danışdıq. Qeyd edək ki, Çingiz hazırda Mərkəzi Bankın elektron imza üzrə sertifikatlaşdırma şöbəsinin müdiridir.
Doğum tarixi: 08.07.1984.
Bitirdiyi orta məktəb: Bakı şəhəri, Nizami rayonu, 145 saylı orta məktəb.
Təhsil aldığı ali məktəb və ixtisas: Azərbaycan Dövlət Neft Akademiyası, avotmatlaşdırılmış sistemlər və hesablama texnikası üzrə proqramçı mühəndis ixtisası (bakalavr).
Azərbaycan Texniki Universiteti, avotmatlaşdırılmış sistemlər və kompyuter texnikası üzrə proqramçı mühəndis ixtisası (magistratura).
2004-cü il: “GBS İnfosistem” şirkəti, infosistemdə proqramçı və analitik.
2005-2008-ci il: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə layihəsi olan “Milli e-İdarəçilik Təşəbbüsü Layihəsi”nin “Dilmanc” maşın tərcüməsi alt layihəsində tədqiqatçı proqramçı.
2008-ci il: Mərkəzi Bankda İnformasiya Texnologiyaları departamenti tərkibində İT inkişafı şöbəsinin böyük mütəxəssisi.
2010-cu ildən bu günədək: Mərkəzi Bank, e-İmza üzrə sertifikatlaşdırma şöbəsinin müdiri.
Ailə vəziyyəti: Ailəlidir, 2 övladı var.

- Çingiz, necə oldu ki, kompyuter texnologiyaları üzrə təhsil almağa qərar verdiniz? İxtisas seçiminizdə ailənizin rolu oldu?

- İxtisasımı özüm seçmişəm. Bircə onu bilirdim ki, anam həkim olduğu üçün həkim olmağıma etiraz edəcək. 9-10-cu sinifdə sinif yoldaşlarımın əksəriyyəti kimi hüquqşünas olmağı düşünürdüm. Sonradan bir az fikirləşdim və anladım ki, bu, mənim düşüncə tərzimə uyğun gəlmir. Çünki özümü daha çox texniki düşüncə tərzli insanlar sırasına aid edirdim. 2000-ci ilin əvvəllərində kompyuter ixtisası ən dəbli ixtisaslar olduğundan seçimim də elə bu sahə oldu. Fikrimcə, seçimimdə yanılmamışam.
- Karyeranızın başlanğıcını harada qoydunuz?

- Karyeramın başlanğıcı kimi 2004-cü ilin yanvarında “GBS İnfosistem” şirkətində başladığım iş təcrübəmi göstərərdim. Demək olar ki, sistemli düşüncə tərzimin əsasını, yəni işi analiz edib iş gedişini planlaşdırmağı bu şirkətdə çalışdığım dövr ərzində formalaşdırdım. 2005-ci ilin aprelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə layihəsi olan “Milli e-İdarəçilik Təşəbbüsü Layihəsi”nin “Dilmanc” maşın tərcüməsi alt layihəsində tədqiqatçı proqramçı vəzifəsində çalışmağa başladım.
- Necə oldu ki, Mərkəzi Bankda işlədiniz?

- 2008-ci ildə Milli Bankda (indiki adı Mərkəzi Bank- L.M.) vakant yerlərlə bağlı müsabiqə elan edildiyi barədə tanışlarımdan təsadüfən məlumat aldım. Düşündüm ki, özümü yeni sahə, yeni təşkilat, yeni vəzifədə sınayım. O zaman Milli Bank işə qəbul prosesini 3-4 mərhələdə həyata keçirirdi və ilk mərhələ mərkəzləşdirilmiş şəkildə test imtahanı idi. Bütün mərhələləri müvəffəqiyyətlə keçdim və İnformasiya Texnologiyaları (İT) departamenti tərkibində İT inkişafı şöbəsinin böyük mütəxəssisi kimi işə başladım. 2009-cu ilin sonunda İT departament tərkibində kifayət qədər böyük struktur dəyişiklikləri baş verdi və bir neçə yeni şöbə formalaşdı. Yenidən sınaq, yenidən imtahan və nəticədə yenicə yaradılmış elektron imza (e-imza) üzrə sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsinə təyin edildim və bu günə qədər bu vəzifədə çalışıram.
- 26 yaşınızda Mərkəzi Bankda yeni yaradılan şöbənin müdiri vəzifəsinə irəli çəkilmisiniz. Çətin olmadı ki?

- Ümumiyyətlə, e-imza infrastrukturu sahəsi yalnız bizim bank üçün yox, bütün ölkəmiz və ümumiyyətlə, dünya səviyyəsində nisbətən yeni tətbiq olunan texnoloji sahələrdəndir. İşimin ən çətin hissəsi heç də texnoloji proseslərlə əlaqəli deyildi. Nə qədər təəccüblü olsa da, ən böyük çətinlik texnoloji proseslərin hüquqi əsaslandırılması idi. Bu proses doğurdan çox ağır və çətin həyata keçirdi. İndi demək olar ki, ən çətin mərhələ geridə qalıb, artıq kəmiyyət baxımından inkişaf müstəvisinə nizamlanmışıq.
- Çingiz, sizcə, karyera qurmaq, karyera pilləsində irəliləmək üçün əsas nə lazımdır?

- Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, karyera qurmaq istəyən gəncdə işinə qarşı böyük istək və maraq olmalıdır. İnsan mütləq işinin peşəkarı olmalı və çoxtərəfli biliklərə, analitik düşüncə tərzinə, işi sistemləşdirmə qabiliyyətinə, fikrini ifadə etmə bacarığına, yüksək gərginlik altında çalışma qabiliyyətinə sahib olmalıdır. Səbr və hövsələ də əsas amillərdəndir, buraya insanın xarakterində bir balaca aqressiyanın olmasını da əlavə edə bilərəm. Bundan başqa, karyerasında irəliləmək istəyən adam yerində durmadan daim özünü inkişaf etdirməlidir.
- Dünyada, yaxud Azərbaycanda karyera quran məşhurlar arasında pərəstişkarın varmı?

- Xeyr, elə bir pərəstişkarım olmayıb. Ancaq işə başladığım ilk gündən böyük korporasiya və texnologiya nəhənglərinin iş prinsipləri və həyat qaydalarıyla maraqlanmışam. Ayrıca olaraq hər zaman marketinq və idarəetmənin əsaslarıyla ilgilənmişəm, hətta layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırma proqramları üzrə hazırlıq da keçmişəm.
- Çingiz, idarə etmək çətindir, ya idarə olunmaq?

- Səni əhatə edən kadrlar, mütəxəssislər həqiqətən də öz peşəsini bilən, işini sevən insanlardısa, onda idarə etmək də, idarə olunmaq da çox zövqlüdür. Əks halda, nə idarə etmək, nə də idarə olunmaq heç bir zövq vermir və çox bezdirici bir prosesə çevrilir.
- Milli Elmlə Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunmusuz. Amma deyəsən, elm arxasınca getmək fikrindən daşınmısınız...

- “Dilmanc” layihəsində çalışarkən işimin böyük hissəsi tədqiqatların aparılması idi. Əldə edilmiş nəticələri hansısa bir formada sistemləşdirib paylaşmaq üçün elmi fəaliyyət, yeni elmi dərəcə qazanmaq fikrinə düşdüm, dostlarımın da bu fikrə düşməyimdə təsiri oldu. 2007-ci ildə AMEA Kibernetika İnstitutunun aspirantura pilləsinə qəbul oldum. “Maşın tərcüməsi sistemlərində Azərbaycan söz və söz formalarının sintezi” mövzusu üzərində işləməyə başladım. Ancaq sonradan işimin çoxluğu, ailə vəziyyətimlə əlaqədar bu istiqamətdə işlərimi davam etdirə bilmədim. Həm də işimə elmi dərəcəmin əhəmiyyətinin olacağını düşünmədiyimə görə sonadək getmədim.
- 10 ildən sonra özünüzü harada və hansı vəzifədə görürsünüz?

- İlk dəfə 17 yaşımda özüm üçün həyat planı qurmuşdum. Əslində o zaman fikirləşdiklərimlə, planlaşdırdıqlarımla indi nail olduqlarım arasında böyük fərq yoxdur. Sadəcə vaxt baxımından bir neçə sürüşmələr var. Mənim planıma görə, 36-37 yaşımda özüm idarə etdiyim bir texnoloji şirkətim olmalıdır. Şəxsən öz şirkətim olmasa da, şirkətin idarəçiliyində tam müstəqilliyə sahib olmalıyam. Ancaq bəzi qlobal və lokal prosesləri nəzərə alsaq, bu planım deyəsən, elə 40 yaşıma yaxın reallaşacaq.
Lalə MUSAQIZIUğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">

banner

Oxşar Xəbərlər