• çərşənbə axşamı, 23 iyul, 18:18
  • Baku Bakı 31°C

Almaniya Fransanın “bazar”ına girir

02.12.23 04:18 2022
Almaniya Fransanın “bazar”ına girir

Afrikada Fransanın yerini tutmaq uğrunda mübarizəyə Almaniya da qoşulur. Almanlar Afrika ilə iqtisadi əməkdaşlığın güclənməsi üçün danışıqları sürətləndiriblər. Mərakeş, Ruanda, Seneqal və Tunis ilə investisiya əməkdaşlığı ilə bağlı razılaşmalar əldə edilib. 

Fövqəldövlətlərin Afrika uğrunda mübarizəsi qızışır. “Qara qitə”dən qovulan Fransanın yerini tutmaq uğrunda iri dövlətlərin rəqabəti artır. Rusiya, ABŞ, Türkiyə və Çinin rəqabət apardığı bölgə uğrunda mübarizəyə Almaniya da qoşulub. Hamı kimi Berlini də bölgənin karbohidrogen ehtiyatları maraqlandırır. Almaniya Afrika ilə iqtisadi iş birliyinin güclənməsi üçün danışıqları sürətləndirib. Mərakeş, Ruanda, Seneqal və Tunis ilə investisiya əməkdaşlığı barədə razılaşmalar əldə edilib. Berlin eyni zamanda, təbii qaz ehtiyatlarına görə Afrikanın lideri olan Nigeriyadan təbii qaz tədarükünə ümid edir. Kansler Olaf Şolts bəyan edib ki, müqavilələrin konkret həcmi, məbləği Almaniya və Nigeriya şirkətləri arasında aparılan danışıqlar zamanı müəyyən edilməlidir. Berlin eyni zamanda tək iqtisadi deyil, siyasi cəhətdən də bölgədə möhkəmlənməyə çalışır. 

Əbədi və əzəli rəqiblər

2017-ci ildə Almaniya “G20” sammiti çərçivəsində “Afrika ilə Pakt” təşəbbüsünə imza atıb. Pakt “G20”nin o zamankı sədri Almaniyanın təşəbbüsü ilə imzalanıb. Berlin loyallıq müqabilində “Pakt”a üzv olan ölkələrə maliyyə və hərtərəfli yardım təklif edib. Hazırda 13 dövlət də bu təşəbbüsə qoşulub. Artıq Berlində Afrika dövlətlərinin liderləri ilə sayca beşinci görüş baş tutub. İlk belə görüşü altı il əvvəl keçmiş kansler Angela Merkel keçirmişdi. Sonra o, “qara qitədə” alman sərmayəsi üçün şərait yaratmağı və onun sakinlərinin rifahının yaxşılaşdırılmasına kömək etməyi qarşısına məqsəd qoydu. Məhz o zaman almanlar Afrika üçün oradan “Köhnə Dünya”ya miqrasiya axınının azalması üçün “Marşall planı” haqqında danışmağa başladılar. 

Bəs reallıqda Almaniyanın Afrikaya nüfuz etməsi mümkündürmü? Çoxları hesab edir ki, bu, realdır və yaxın gələcəkdə baş verəcək. Almaniya sadəcə Fransa kimi nüfuz etdiyi əraziləri istismar etmir. İnvestisiya yatırıb, əməkdaşlıq istəyir.

“Siz Almaniyaya tərəfdaş kimi arxalana bilərsiniz”

Kansler Olaf Şoltsun sözlərinə görə, “Pakt” çərçivəsində aparılan islahatlar təşəbbüsdə iştirak edən ölkələrdə iqtisadi artımı təmin edib. "Pakt bir siqnal göndərmək məqsədi daşıyır - siz Almaniyaya tərəfdaş kimi arxalana bilərsiniz", - deyə Almaniya hökumətinin başçısı vurğulayıb.
 Alman Ticarət və Sənaye Palataları Assosiasiyasının Afrika üzrə mütəxəssisi Heiko Sviderovski bildirib ki, “Pakt”a maraq durmadan artır. O, bundan əvvəl 800 nümayəndənin iştirakı ilə keçirilən investisiya konfransının Almaniya ərazisində indiyədək keçirilən ən böyük biznes forum olduğunu vurğulayıb. “Bavariya Radio” portalının qeyd etdiyi kimi, Berlin görüşü daha çox investor görüşü xarakteri daşıyıb və burada əsas mövzular Afrikadan Avropaya enerji resurslarının və xammalın tədarükü və “qara qitə” üçün mütəxəssislərin hazırlanması olub. Status-kvoya nəzər salsaq, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya Afrikaya sərmayə qoyuluşu baxımından geri qalır. 2016-2020-ci illər arasında Almaniya Afrikaya 9,7 milyard avro birbaşa investisiya yatırıb. Bu, digər Avropa ölkələri ilə müqayisədə cüzidir: “Almaniya qitəyə Fransanın yarısı və Böyük Britaniyanın beşdə üçü qədər sərmayə qoyur. Alman şirkətlərinin 2022-ci ildə xaricə yatırdığı 163,7 milyard avronun yalnız 1%-i Afrikaya gedib. Üstəlik, bu birbaşa investisiyaların yarıdan çoxu 400-ə yaxın alman şirkətinin fəaliyyət göstərdiyi Cənubi Afrika Respublikasına yönəldilib. Bunun əksinə olaraq, Afrikanın ən böyük iqtisadiyyatı olan Nigeriyada cəmi 30 alman şirkəti fəaliyyət göstərir”. 

“Yaşıl enerji” layihələrinə dörd milyard avro yönəldiləcək

Almaniya 2030-cu ilə qədər qitədəki “yaşıl enerji” layihələrinə dörd milyard avro yönəldəcəyini vəd edib. Bu pul xüsusilə günəş elektrik stansiyaları şəbəkəsinin genişləndirilməsinə sərf olunacaq. Almaniya ehtiyac duyduğu yaşıl hidrogenin "çox hissəsini" Afrikadan idxal etmək niyyətində olduğunu bəyan edib. İlkin mərhələdə hidrogen istehsalı əhəmiyyətli investisiya tələb edir, ona görə də uzunmüddətli və sabit əməkdaşlıq üçün aydın siqnallar lazımdır. Öz növbəsində nazir Habek qeyd edib ki, Afrikada bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı ümumi həcmin cəmi bir faizini təşkil edir. Bununla əlaqədar olaraq o, afrikalı tərəfdaşlarına “yaşıl” elektrik enerjisi istehsalı üçün qabaqcıl alman texnologiyasını paylaşmağa söz verib.

Artıq Almaniya bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu müqabilində Nigeriya ilə əlavə qaz tədarükü barədə razılığa gəlib. Nigeriyanın Riverside LNG şirkəti ilə Almaniyanın “Johannes Schuetze Energy Import” şirkəti arasında bağlanmış anlaşma memorandumuna uyğun olaraq, bu ölkə Almaniyaya hər il 850 min ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edəcək. Almaniyanın ümumi LNG idxalının 2 faizini təşkil edəcək Nigeriyadan ilk daşınmaların 2026-cı ildə başlanması gözlənilir. Gələcəkdə Nigeriyadan LNG-nin tədarük həcminin 1,2 milyon tona çatdırılması planlaşdırılır.  

Berlin Pekinə, Moskvaya rəqib ola biləcəkmi?

Alman siyasətçiləri və rəsmiləri Afrikaya sərmayə qoyuluşundan danışsalar da, Çin artıq oraya milyardlarla dollar sərmayə qoyub. Afrikadakı Rusiya isə sovet dövründən və müstəmləkəçilik əleyhinə mübarizədən yadda qalıb. Avropa və ABŞ dünyanın ikinci ən sıx məskunlaşdığı qitədə geosiyasi təsir, mineral ehtiyatlar, yeni iqtisadi imkanlar uğrunda Rusiya və Çinlə mübarizə aparır.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər