ADU-da şair Vahid Əzizlə görüş keçirilib
Azərbaycan Dillər
Universitetinin (ADU) Təhsil fakültəsinin tələbələri Auditoriya + proqramı çərçivəsində
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Vahid Əzizlə görüşüb.
Universitetin Azərbaycan ədəbiyyatı
kafedrasının baş müəllimi İlahə Kazımova şairi salamlayaraq onu universitetdə
görməkdən məmnun olduğunu bildirib. Şairin Azərbaycan poeziyasında xüsusi yer
tutduğunu qeyd edən İ.Kazımova görüşün baş tutmasında tələbələrin daha çox maraqlı olduğunu sözlərinə əlavə
edib. O, dəvəti qəbul edərək tələbələrlə görüşə gələn şairə təşəkkürünü
ünvanlayıb.
Öz növbəsində V.Əziz Dillər
Universitetində olmaqdan məmnunluğunu bildirib və söyləyib ki, tələbələrlə
görüşmək və ünsiyyət qurmaq insana stimul verir. Gənc nəsli cəmiyyəti gələcəyə
daşıyan qüvvə kimi xarakterizə edən şair ADU tələbələrinin dil bilgiləri
hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə
öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Daha sonra şair dünya və Azərbaycan
ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli
xüsusiyyətlərindən bəhs edib, şair yaradıcılığı və onun baxış bucağı haqqında
fikirlərini tələbələrlə bölüşüb. O, bildirib ki, əsərdə nə qədər personaj
varsa, müəllif bütün obrazların həyatını, dünyasını yaşayır.
Öz yaradıcılığı və kitabları barədə
söz açan V.Əziz seçilmiş əsərlərindən ibarət 10 cildliyin çapa hazırlandığını
qeyd edib. O, həmçinin yeni qələmə aldığı "Qoca” adlı şeirini tələbələrə təqdim
edib.
Görüş tələbələrin şairin şeirlərini
səsləndirməsi və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.