AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Abidələrin də erməniləşdirilməsinə cəhd

Abidələrin də erməniləşdirilməsinə cəhd

Mədəniyyət
20 Mart 2021, 12:30 622
İşğaldan azad edilmiş ərazilərdə aparılan araşdırmalar bununla bağlı çoxsaylı faktlar aşkarlayıb
 
Torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin viran qoyduğu ərazilərimizdə maddi-mədəni dəyərlərimizə vurduqları ziyan ölçüyəgəlməzdir. Dağıdılan, yerlə-yeksan edilən, daşınan, satılan maddi-mədəni nümunələr arasında   əzəli görkəmindən məhrum edilən memarlıq abidələri də çoxdur. Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov erməni vandalizminə uğrayan belə abidələrin sayının kifayət qədər olduğunu bildirir. İB sədri araşdırmalarında həmin abidələri üzə çıxarıb. Belə ki, Xocalı rayonunun ərazi vahidinə aid Dagyurd kəndində bir neçə belə abidə var. Kəndin toponimi "Dağda salınmış yurd yeri” mənasını verir. F.İsmayılov bildirir ki, Azərbaycanın qədim ərazilərindən olan bu kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olub. Belə ki, XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlandırıblar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmiş erməni ailələrindən ibarətdir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altına düşüb. "Kəndin içərisində yerləşən abidənin XIX  əsrə aid olduğu güman edilir. Abidənin ümumi görünüşü və tikinti quruluşu onun özünəməxsusluğunu göstərir. Abidədən Sovet İmperiyası dövrü anbar kimi istifadə edilib”. Dağyurd kəndinin yaxınlığında inşa edilən Qafqaz Albaniyası dövrünə aid olan abidə isə XII - XIII  əsrə aid edilir. Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən mişen kimi istifadə edilib, ağır artilleriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılıb: "Ermənilər öz cinayətlərini gizlətmək üçün abidəni təmir etmək qərarına gəldilər. Abidəni təmir etmək bəhanəsi ilə onu 2014-cü ildə əzəli görünüşündən məhrum etdilər. Təmir zamanı abidənin sol tərəfininə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırıldı. Binanın tavanı 50 sm-dən çox hündürləşdirildi. Beləliklə, abidə əzəli görkəmindən məhrum edildi”.

Sovmələr

F.İsmayılov Xocavənd rayonunda əzəli görkəmi dəyişdirilən abidələr içərisində "sovmə”lərin daha çox olduğunu bildirir. Belə ki rayonunun Ziyarət dağının zirvəsində inşa edilən Qafqaz Albaniyası dövrünə aid sovmənin XVII əsrə aid olduğu iddia edilir. Ərazi Ermənistan tərəfindən 2 oktyabr 1992-ci il tarixində işğal edilib: "Sovmələrin tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Abidənin memarlıq quruluşu onun dini ibadətgah olmadığını təsdiqləyir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını o cümlədən ziyarət dağında inşa edilən bu abidəni erməni kilsəsi kimi təqdim edirlər. Halbuki yaşayış mərkəzlərindən uzaq uca bir dağ zirvəsində kilsənin mövcud olması sadəcə, mümkün deyil. Ermənilər işğal dövrü abidənin görkəmini dəyişdirdilər”. F.İsmayılov bildirir ki, Xocavənd rayonunun Tuğ kəndində 20-dən çox memarlıq abidəsi mövcuddur. İşğal dövrü bu abidələr ermənilər tərəfindən ya tamamilə dağıdılıb, ya sökülərək formaları dəyişdirilib. Məsələn, ərazidəki, Qarabağ Məlikliyinin inzibati yaşayış kompleksinin bir hissəsi salamat qalıb: "İşğala qədər abidə kompleksinin bu hissəsi ikimərtəbəli olub, üst mərtəbə uçurdulub, birinci mərtəbə isə orijinal görkəmindən məhrum edilib. İşğal dövrü abidədən muzey kimi istifadə edilirdi”.
 
Əsgəran qalası

Laçın rayonunu  ən qədim yaşayış mərkəzlərindən olan Hoçaz kəndindəki abidələr də erməni işğalına məruz qalıb. F.İsmayılovun bildirdiyinə görə, kənd tarixi baxımdan tam öyrənilmədiyindən bu ərazinin tarixi barədə hələ tam və qəti fikir söyləmək mümkün deyildir. Amma 1992-ci il işğalından sonra ermənilər Hoçaz kəndinin adını dəyişdirərək "Hunçak”, bəzən "Hoçany”, bəzən də "Xoçes” adlandırırlar: "2016-cı ildə isə ermənilər Hoçaz kəndinin mərkəzində yerləşən tarixi əhəmiyyətli məbədin formasını dəyişdiriblər. Hoçaz kəndinin ərazisində antik dövrlərə aid olan qala tikintisi, Qafqaz Albaniyası dövrünə aid birnefli "sovmə” və eləcə də sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daş sənətinin unikal nümunələri mövcuddur. Kəndin mərkəzində yerləşən, tikintisi XII-XIII əsrə aid edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli məbədin ümumi ölçüsü 13,40x8,15 metr, divarlarının qalınlığı 105-110 sm-dir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən dəyişdirilib. Abidənin tikintisində pud daşlardan və əhəngdən istifadə olunub”.

Eləcə də rayonun Mirik kəndində işğala məruz qalan abidələrə rast gəlinir. F.İsmayılov bildirir ki, yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxan kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. İşğaldan sonra ermənilər abidəni öz əzəli görkəmindən məhrum ediblər. "Ermənilər Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası” adı ilə tanınan, XVIII əsrdə (1783-1784) Pənahəli xanın öz xanlığının şərq sərhədində tikdirdiyi səddin bir hissəsinin formasını da dəyişiblər. Həmçinin, Qubadlı rayonunun Başarat kənd ərazisində ermənilər Qafqaz Albaniyası memarlığına aid abidənin əzəli görünüşünü 2019-cu ilin yay aylarında dəyişiblər”.
 
Şahbulaq qalası

Ağdam rayonunda yerləşən Şahbulaq qalası 1993-cü il iyul ayının 23-dən 2020-ci ilə qədər Ermənistanın işğalı altında olub. Qala Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib: "Saray kompleksinin tikintisində yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından istifadə olunmuşdu. Şahbulaq qıfılı xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi cəmi iki ilə, yəni 1750-1752-ci illərdə başa çatıb. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Qıfılının şimal qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi”. Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu, Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir.  "1992-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Şahbulaq saray kompleksini təmir etdirmiş, eyni zamanda kompleksin memarlıq quruluşunda və interyerində də dəyişikliklər etmiş, divar yazılarını korlamış, xeyli sayda Azərbaycanın mədəni dəyərlərini əks etdirən bədii üslubda işlənmiş ornament və bədii daş yazılarını tamamilə silmiş, bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Kompleksin 10 hektarlarla ətraf əraziləri qazılaraq  torpaqlar yararsız hala salınmış, 15-dən çox kurqan (torpaq qəbirləri) dağıdılaraq əldə edilmiş maddi sübutlar Ermənistana aparılmışdır.    F.İsmayılov bildirir ki, qazıntı işlərinə maliyə dəstəyi Ermənistanın "Erkir” ictimai təşkilatlar birliyi reablitasiya mərkəzi verib: ”Şahbulaq saray kompleksinin adı Ermənistanın müvafiq qurumları tərəfindən dəyişdirilərək Surenavan, ətraf əraziləri isə Tiqranakert adlandırılır. Şahbulaq saray kompleksi ermənilər tərəfindən təmir edilərək, kompleksin daxilində "Tiqrankert” adli tarix muzeyi yaradılmışdır”. Şahbulaq saray kompleksi ətrafında ermənilər qanunsuz olaraq (2005-2019-cu illər) arxeoloji qazıntılar apararaq 10 hektarlarla torpaq sahəsini korlayıblar. 15-dən çox Xocalı mədəniyyətinə aid kurqanlar (torpaq qəbirlər) dağıdılaraq əldə edilmiş maddi sübutlar Ermənistana daşınıb.   

İB sədri bildirir ki, beynəlxalq hüquq Ermənistanın Azərbaycanın mədəni irsinə vurduğu zərərin tam həcmdə ödənilməsi zərurətini yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

Təranə Məhərrəmova