• cümə axşamı, 18 aprel, 13:55
  • Baku Bakı 22°C

Sonuncu xəbərdarlıq - FOTOLAR

30.04.21 15:30 1827
Sonuncu xəbərdarlıq - FOTOLAR
Əgər ermənilər bir daha Azərbaycan-Ermənistan sərhədində təxribat törətməyə cəhd göstərsələr, yerindəcə məhv ediləcəklər
Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edərək işğal altındakı torpaqlarımızı azad edib. Bununla da 30 ilə yaxındır həlli mümkün olmayan bir münaqişə tarixin arxivinə atılıb, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Döyüş meydanında məğlub olan Ermənistan təslimçi müqaviləyə imza atıb, üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərdən irəli gələrək erməni silahlı birləşmələri Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan tərk ediblər. Növbəti mərhələlərdə Qarabağdakı separatçı qüvvələrin, silahlı daşnakların ərazini tərk etməsi, kommunikasiyaların qurulması, o cümlədən Naxçıvan-Zəngəzur dəhlizinin açılması kimi şərtlər yerinə yetirilməlidir. Bu tələb Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatda yer alıb. Lakin beli qırılan Ermənistan, hələlik bu şərtləri yerinə yetirməyib. Başlarına zərblə enən "Dəmir yumruq”dan nəticə çıxarmayan bəzi erməni siyasətçiləri Üçtərəfli Bəyanatın şərtlərini tam yerinə yetirmək əvəzinə pafosa, populizmə üstünlük verir, Azərbaycan ərazilərini yenidən işğal etmək barədə cəfəng bəyanatlar səsləndirirlər. Ermənistanın eks-prezidentləri, revanşist qüvvələrin timsalında belə sərsəmləmələr daha çox diqqət çəkir. Məhz onların təhriki və təsiri ilə hətta Azərbaycana qarşı təxribatlara da əl atılır. Sonuncu dəfə bir neçə gün bundan öncə Azərbaycan-Ermənistan dövlət sərhədində "içkili” ermənilərin azərbaycanlı sərhədçilər istiqamətində havaya atəş açmaları qeyd olunanlara daha bir misaldır. Buna qarşılıq olaraq Azərbaycan sərhdçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Komandanlıq tərəfindən əmr verilib ki, əgər ermənilər növbəti belə bir təxribata əl atarsa, onlara cavab ən sərt şəkildə verilsin.

Düşmən yerindəcə məhv ediləcək
Prezident İlham Əliyev aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında çıxış edərkən bu məsələyə xüsusi diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, bu gün Silahlı Qüvvələrimiz qarşıda duran bütün vəzifələri icra edir, eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini qoruyur. Prezident bu sərhədin bərpa edildiyini, sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparıldığını, texnikaların səfərbər edildiyini vurğulayıb. Deyib ki, düşmən sərhədi pozmağa cəhd edərsə, yerindəcə məhv ediləcək: "Azərbaycan-Ermənistan sərhədinin uzunluğu 500 kilometrə yaxındır. Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən Müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən, artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. "Dəmir yumruq” düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”.

Ermənilər təxribatlara son qoymalıdırlar
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşərək deyib ki, erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi, ermənisayaq revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər. Millət vəkilinin sözlərinə görə, Azərbaycan revanşistlərin başını "Dəmir yumruq”la əzməyə həmişə hazır olmalıdır və hazırdır: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev daima öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir. Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri var. Əgər belə olmasaydı, qəhrəman Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülənermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər. Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunun təzahürüdür. Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə məhz Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi. Əslində bu cavabdan daha çox, son və qəti xəbərdarlıq idi. Bu xəbərdarlıq ermənilərlə bərabər, onların havadarlarına da edilən xəbərdarlıqdır. Prezident İlham Əliyev şəxsi heyət qarşısında çıxış edən Ali Baş Komandan kimi dedi ki, bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Düşmənin yerindəcə necə məhv edildiyini isə ermənilər çox yaxşı bilirlər. Çünki 44 günlük müharibədə bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər yeni bir tarixi dərs daha almaq istəmirlərsə, bənzər təxribatlara son qoymalıdırlar”.

Düşməni cəzalandırmağın yolunu bilirik
Milli Məclisin deputatı Naqif Həmzəyev də təəssüflə qeyd edib ki, hələ də Ermənistanda faşist ideologiyasına xidmət edən və gerçəklikləri dərk etməyən siyasətçilər qalıb. Millət vəkilinin qənaətincə, onları bu məsələlərdə qızışdıran və daimi sülhə nail olmaq üçün maneələr törədən revanşist qüvvələr də mövcuddur: "Bütün bunlara baxmayaraq, Azərbaycan Qafqazda yeni gerçəkliyi formalaşdıra bildi və ərazi bütövlüyünü bərpa etdi. Hal-hazırda Azərbaycan Ermənistanla sərhəd boyu öz sərhəd qoşunlarını yerləşdirir və sərhəd qoşunlarına məxsus hərbi hissələr yenidən qurulur. Azərbaycan Ordusunun gücü bütün dünyaya bəllidir. Cənab Prezident bütün çıxışlarında Ermənistandakı revanşist qüvvələrə reallığı dərk etməyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. Sərhədçilər qarşısındakı çıxışında da Prezident buna işarə vurdu. O, düşmənə bir daha xatırlatdı ki, revanşist fikirlərdən əl çəkməyəcəyiniz təqdirdə, biz sizi cəzalandırmağın yolunu bilirik”.

Azərbaycan regionda diqtə edən tərəfdir
Deputat N.Həmzəyev bildirib ki, Azərbaycan regionda daim sülhün bərqərar olmasını istəyir və iqtisadi inkişafın tərəfdarıdır: "Azərbaycan öz üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir. Azərbaycan regionda kommunikasiya xətlərinin bərpa olunacağını və Ermənistanın da bu məsələdə öz töhfəsini verməyə məcbur olduğunu bildirib. Biz tezliklə Zəngilandan Naxçıvana gedən Zəngəzur dəhlizi boyu Şərqi Zəngəzurla Qərbi Zəngəzuru birləşdirən dəmir yolu və avtomobil yollarının açılışını gözləyirik. Hərçənd ki, düşmən işğal altında olan ərazilərin kommunikasiya xətlərini və xüsusilə dəmir yolu xətlərini məhv edib. Ancaq Azərbaycanın iqtisadi gücü imkan verir ki, tezliklə bu dəmir yolu xətlərini bərpa edək və Bakıdan birbaşa Naxçıvana, oradan da Türkiyəyə dəmir yolu və avtomobil yolu ilə səyahətlərimizi edə bilək. İstənilən halda, Azərbaycan regionun ən güclü dövlətidir. Azərbaycan regionda diqtə edən tərəfdir. Azərbaycan Ermənistanı məcbur edəcək ki, öz üzərinə düşən öhdəliyi yerinə yetirsin. Əks təqdirdə "Dəmir yumruq” öz işini görməyə hazırdır”.

Ermənistan xilas olmaq istəyirsə...
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev də hesab edir ki, Azərbaycan Prezidentinin Cəbrayıl və Zəngilandan Ermənistana ünvanladığı fikirlər oradakı revanşist qüvvələrə son və ciddi xəbərdarlıqdır: "Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılması Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət etməsinin göstəricisidir. Dövlətimizin başçısı hərbi hissənin açılışında çox önəmli mesajlar verdi və Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan etibarlı əllərdədir. Prezident İlham Əliyev məhz öz əzmi və cəsarəti ilə bizə bu günləri bəxş edib. Daha dəqiq desək, Azərbaycanın Zəfəri Prezidentimizin yürütdüyü məqsədyönlü, müdrik siyasət nəticəsində mümkün olub. Dövlətimizin başçısı hər zaman deyirdi ki, biz doğma Qarabağa qayıdacağıq. Prezident hər zaman olduğu kimi, bu dəfə də verdiyi sözün üstündə durdu. Müzəffər Ali Baş Komandan bizi Zəngilan, Cəbrayıl, Şuşalı və bütövlükdə, Qarabağlı günlərə qaytardı. Ərazi bütövlüyümüzü bərpa etdi və bu gün böyük xilaskarın özü artıq mesajlarını Qarabağdan ünvanlayır, dəyərli fikirlərini əzəli torpaqlarımızda söyləyir, gələcəklə bağlı planlarını, tövsiyələrini doğma Qarabağımızdan elan edir. Əgər Ermənistan xilas olmaq istəyirsə, revanşist xülyaya qapılmalı deyil. Ermənistan öz nicatı üçün Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpası ilə bağlı təşəbbüslərinə qoşulmalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər