AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir" – Deputat

Cəmiyyət
22 Aprel 2021, 22:15 471
"44 günlük Vətən müharibəsində Azərbaycan işğal olunmuş torpaqlarından erməni terrorçularını və faşistlərini qova bildi. Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etdi. Məğlubiyyətini qəbul edən və kapitulyasiya aktını imzalayan Ermənistan siyasi gərginlik fonunda günü-gündən daha çətin vəziyyətə düşür”.

Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
 
Millət vəkili bildirib ki, bütün siyasi qüvvələr arasında yaranmış gərginlik qarşıdakı növbədənkənar seçkilər fonunda qarşılıqlı ittihamların səsləndirilməsinə gətirib çıxarıb:

"Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan özündən əvvəlki Koçaryan-Sarkisyan hakimiyyətini ordunu düzgün təşkil etməməkdə, doğru-dürüst silahlarla təmin etməməkdə ittiham edir, ordunun vəziyyətinin yaxşı olmadığına dair faktlar səsləndirir. Bu məğlubiyyəti özündən əvvəlki sələfləri ilə paylaşmaq istəyir. Təbii ki, müxalifət baş nazir Paşinyanın bu iddialarına qarşı çıxışlar edir. Bir sıra təkliflər, fikirlər səsləndirir. Seçkiqabağı bu cür gərginliyin olması gözlənilən idi”.

Deputat parlament seçkilərinin nəticələrinin nə olmasından asılı olmayaraq, bu gərginliyin Ermənistanda bitəcəyini hesab etmir:

"Bu məğlubiyyət Ermənistanın hələ uzun illər normal həyata qayıtmasına maneə törədəcək. Bu halda Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaqdan, qonşularına qarşı ərazi iddialarından əl çəkməkdən və üçtərəfli razılaşmaya əsasən kommunikasiya əlaqələrinin bərpasından keçir. Əks halda Ermənistan öz dövlət müstəqilliyini də şübhə altına sala bilər. Bildiyimiz kimi, Ermənistan ordusunun yenidən formalaşdırılması, güclü hala gəlməsi üçün uzun illər lazımdır. Bu, həm də çox böyük vəsait tələb edir. Ermənistan nə qədər istəsə də, Azərbaycan Ordusunu yenə biləcək bir ordu qurmaq iqtidarında deyil”.

Naqif Həmzəyevin fikrincə, faktiki olaraq Ermənistanda siyasi xaos, iqtisadi böhran hökm sürür:

"Sadaladıqlarım Ermənistanda güclü ordu yaradılmasına heç cür imkan vermir. Ermənistan heç bir halda havadarlarının ismarışlarına və qisas çağırışlarına uymamalıdır. Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətini qoruyub saxlamaq haqqında düşünməlidirlər. Ermənistan inkişafa nail olmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmalıdır. Unutmamalıyıq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan bütün beynəlxalq hüquq və qaydalara əməl edərək yalnız əli silah tutan erməni terrorçularına qarşı vuruşdu. Heç bir hərbi qaydanı pozmadı. Hərbi cinayət işləmədi. Ancaq təəssüflər olsun ki, düşmən tərəfdən biz bunu görmədik”.

Millət vəkilinin sözlərinə görə, onlar özləri də etiraf edirlər ki, dinc əhaliyə qarşı uzaqmənzilli raketlərdən istifadə ilə yanaşı, Şuşaya "İsgəndər-M” raketləri atıblar:

"Bununla bağlı bizim əlimizdə yetərincə faktlar və sübutlar var. Bütün bunlar onu göstərir ki, Ermənistan öz xəstə təxəyyülündən və ideologiyasından əl çəkməlidir. Əks təqdirdə Ermənistan regionda təhdid və problem olaraq qalmaqdadır. Əgər Ermənistan hansısa yanlış addım atacaqsa, düşünürəm ki, region dövlətləri buna qətiyyən imkan verməyəcək ki, İrəvan bölgəni yenidən alovlandıra bilsin. Bölgədə münaqişənin yenidən alovlanacağını və böyüyəcəyini düşünmürəm. Bu baxımdan Ermənistanın siyasi xaos fonunda inkişafı, irəliləməsi, tərəqqisi mümkün deyil. İrəvanın yeganə nicat yolu Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırmaqdır”. (Publika.az)