• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

2018-də 37 faiz idi, 2022-də 58 faizə çatdı 

17.09.22 05:00 2281
2018-də 37 faiz idi, 2022-də 58 faizə çatdı 

Əhalinin banklardakı əmanətlərinin strukturunda manatla olan depozitlər artır. İqtisadçılar milli valyutada yerləşdirilən əmanətlərin həcminin artmasının ölkə iqtisadiyyatı, bank sistemi üçün əhəmiyyətli olduğunu bildirirlər.

2022-ci il iyunun 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,1 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin mart ayında əmanətlərin 51,1 faizi xarici, 48,9 faizi isə milli valyutada qoyulmuşdu. 2018-ci ilin sentyabrına olan statistikaya əsasən isə əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada idi. Yəni zamanla milli valyutada olan əmanətlərin həcmi artır. Bu artım getdikcə bildirilir ki, manata inam artır, buna görə əhali əmanətlərini banklara milli valyutada yerləşdirir. Banklara yerləşdirilən əmanətlərdə manat payının artmasına şərait yaradan amillər hansılardır? Bu artım iqtisadiyyat üçün nə deməkdir?

Dövlətin iki əsas addımı

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə, banklarda manatla əmanətlərin həcminin artması ilə bağlı hazırkı statistika dövlətin atdığı addımlar nəticəsində əldə olunub: “2015-ci il devalvasiyası dönəmində əhalinin əksəriyyəti əmanətlərini banklara xarici valyutada yerləşdirirdi. Amma bu, dövlət, bank sektoru üçün heç də uyğun deyildi. Buna görə, milli valyutada əmanət cəlb edilməsi üçün dövlətin iqtisadi tənzimləmə alətlərindən istifadə olundu”.

X.Məmmədli bildirdi ki, iki əsas addım əhalini manatla əmanət yerləşdirməyə stimullaşdırdı: “Onlardan biri dövlət tərəfindən sığortalanan əmanətlərdə milli valyuta üçün daha yüksək faiz dərəcəsi tətbiq olunması idi. Milli valyutada sığortalı əmanətlər üçün faiz dərəcəsi 12, xarici valyutada 2,5 faizdir. Bu da 4 dəfədən artıq fərq deməkdir. Digər məqam isə dövlət tərəfindən milli valyutanın məzənnəsinin sabitliyinin qorunub saxlanılması oldu. Milli valyutada olan əmanətlər üçün nə qədər yüksək faiz dərəcəsi tətbiq olunsa da, milli valyutanın məzənnəsi qeyri-sabit olsaydı, əhali yenə də xarici valyutada əmanətlərə üstünlük verəcəkdi. Əhali devalvasiyadan sonra əmanətlərini bir müddət xarici valyutada saxlasa da, zaman keçdikcə gördü ki, devalvasiya baş vermir, manatın məzənnəsi sabitdir, üstəlik manatla əmanətə daha çox faiz verilir. Buna görə seçimi manatla əmanət yerləşdirmək oldu”.

Avro da təsirini göstərdi

İqtisadçı Murad Calalov digər iki amillə yanaşı, son vaxtlar avronun həddindən artıq dəyər itirməsinin də Azərbaycanda əhalinin əmanətlərini manatla yerləşdirməsinə təsiri olduğunu düşünür: “Baş verən hadisələr, maliyyə dünyasındakı çaxnaşmalar avronun, dolların dəyərinin düşdüyünü göstərdi. Pandemiyadan sonra dünyada qeyri-müəyyənlik baş verdi. İkinci ən böyük zərbələrdən biri də Rusiya-Ukrayna münaqişəsidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra nəzərə çarpmayacaq dərəcədə inflyasiya getməyə başladı. Avro həddindən artıq dəyərdən düşür. İnsanlar daha çox avroya inanırdılar, onun da anidən ucuzlaşması, manatın isə sabit qalması yanaşmaları dəyişdi”.

M.Calalov əlavə etdi ki, banklar yaranmış situasiyadan istifadə etdilər, manatla əmanətlər üçün faiz artımına getdilər: “Faizlərin artması həm digər valyutada olan əmanətləri manata keçirməyə səbəb oldu, həm də əllərdə nağd şəkildə olan pulları da banklara qoymağa gətirib çıxardı”.

Manata etibar artır

İqtisadçı Xalid Kərimli deyir ki, 2015-ci il devalvasiyasında manata etibar azalsa da, 2016-cı ildən sonra zamanla bu etibar artmağa doğru getdi: “2016-cı ildən Azərbaycan fiksə edilmiş məzənnə rejimində fəaliyyət göstərir. Manat dollarla bir yerdə dəyişir. Dollar artdıqca manat da artır. Manat dollarla birgə digər valyutalara görə də kifayət qədər dəyərini artırıb. İnsanlarımız baxırlar ki, manat stabil qalır, banklar manatla əmanətlərə faizi daha çox verir. Niyə manatla yatırım etməsinlər? Tədricən insanların manata etibarı artır və bu manatla depozitlərin payında da hiss olunur”.

Pul-kredit siyasəti üçün önəmli məqam

X.Kərimlinin sözlərinə görə, manatla əmanətlərin artması həm ölkə iqtisadiyyatı, həm də bank sistemi üçün əhəmiyyətlidir: “İnsanlar, şirkətlər üçün manatla borc cəlb etmə imkanları artmış olur. Manat yığımları olmasa, borc götürənlər də məcburdurlar ki, borcları xarici valyutada götürsünlər. Bu da onları əlavə risklər, qeyri-müəyyənliklər qarşısında qoyur. Həm də insanlar əmanətlərini xarici valyutada saxlayanda, Mərkəzi Bank pul-kredit siyasəti həyata keçirə bilmir. Manatla əmanətlərin artması Mərkəzi Bankın pul-kredit siyasətinin effektivliyinin artmasına imkan yaradır”.

Bununla bağlı dünya təcrübəsinə nəzər salan X.Kərimli qeyd etdi: “İnkişaf etmiş ölkələrdə əhalinin əmanətlərinin 90 faizdən çoxu, 100 faizə yaxını milli valyutalarındadır. Avropa ölkələrində yığımlar əsas avro ilə, Amerikada dollarladır. İnkişaf etmiş ölkələrdə insanlar öz valyutalarına investisiya edirlər. İnkişaf etməkdə olan, valyutası riskli olan ölkələrdə isə yığımların milli valyutada olma faizi 50 faiz üzərindədir”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər