20 qəpiyi tullayıb getmək dövrü bitib - Fotolar - Video
Bakıda "Memar Əcəmi” metrostansiyasının
yaxınlığındakı dayanacaqda 135 saylı, "10 TG 034” nömrə nişanlı avtobusun
sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində
xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə
(Semaşko) aparılıb, onun qaşına tikiş qoyulub.
Təəssüf ki, son vaxtlar belə xəbərlərlə o qədər
rastlaşırıq ki, daha təəccüblənmirik. Hər dəfə qaydaları pozan sürücü və sərnişinlərin
cəzalandırılmasına, kamera görüntülərinin yayılmasına baxmayaraq, bənzər hadisələri
demək olar ki, tez-tez eşidirik. Bəs bunun səbəbi nədir və hansı tədbirlər
görülməlidir?
"Sürücü haqlıdır!”
Bakı Nəqliyyat
Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən
insidentdə günah sərnişində olub: "Döyülən sürücü Qüdrət Kərimov sərnişindən tələbində
tamamilə haqlıdır. Nəqliyyat vasitələrindən istifadə edən hər kəsin əməl etməli
olduğu qaydalar var. Kart sisteminə keçirilən avtobuslarda sərnişinlər ön
qapıdan minməli, arxa qapıdan isə düşməlidirlər. Baş verən hadisədə avtobus
sürücüsünün tələbi tamamilə haqlıdır. Sərnişin qaydaları pozur və üstəlik özünü
haqlı hesab edir. Görüntülərdə sürücünü təhqir də edir. Həmin sərnişinin oğlu
sürücüyə fiziki təzyiq göstərərək, üzünə zərbələr endirib. Bu kimi hallarda
hadisəyə aydınlıq gətirilməsi üçün müşahidə kameralarının olması vacibdir. Məhz
müşahidə kameraları vasitəsilə hadisənin təfərrüatları operativ şəkildə məlum
olur”.
Belə hadisələrin qarşısının alınması ilə bağlı BNA
tərəfindən görülən tədbirlərə gəldikdə isə, həmsöhbətimiz deyir ki, sərnişinlərin
və sürücülərin maarifləndirilməsi istiqamətində kompleks tədbirlər həyata
keçirilir: "İctimai nəqliyyat vasitələrində etik davranış qaydaları ilə bağlı
xüsusi kitabçalar çap etdirib, paytaxtın bir sıra məktəblərində uşaqlara təmənnasız
olaraq paylanılıb. Eyni zamanda, sosial şəbəkələrdə müxtəlif posterlər, maariflənidirici
yazılar paylaşılır. Əsas hədəfimiz sərnişinlərin maarifləndirilməsidir.
Dayanacaqlarda müxtəlif maarifləndirici lövhələr, sloqanlar, şüarlar yazılır.
Eyni zamanda, sürücülərin peşəkarlığının artırılması istiqamətində də agentlik
tərəfindən kompleks tədbirlər görülür və buna misal olaraq ən önəmli tədbirimiz
Sürücü Təlim Mərkəzinin yaradılmasıdır. Təlim mərkəzi Bakı Nəqliyyat
Agentliyinin nəzdində fəaliyyətə başlayıb və bir aya yaxındır ki, ictimai nəqliyyatda
çalışan sürücülər həm nəzəri, həm də praktiki təlimlərə cəlb edilir. Bu təlimlər
mütəmadi olaraq davam etdiriləcək. İctimai nəqliyyatda çalışan bütün sürücülər
həmin təlimlərdə iştirak etmək məcburiyyətindədirlər. Təlimlərin sonunda
sürücülər xüsusi təcrübədən keçirilir və sertifikat ala bilməyənlərin ictimai nəqliyyatda
fəaliyyətinə imkan verilməyəcək”.
"Sərnişinləri
günahlandıra bilmərik”
BNA sözçüsü deyir ki, problemlər təkcə sərnişinlərdə
yox, sürücülərdə də olur: "Kart sistemi ilə işləyən avtobuslarda demək olar ki,
əsas problem sərnişinlərdə olur. Kart sisteminə keçməyən avtobuslarda isə
problemlər məhz sürücülərin kobud rəftarından qaynaqlanır. Biz yalnız sərnişinləri
günahlandıra bilmərik. Kart sisteminə keçən avtobuslarda sürücü konkret məvacibə
işləyir. Nə avtobusu sürətli sürür, nə də dayanacaqdan kənar saxlayır. Sərnişin-sürücü münasibətləri
burada minimuma enir və insident baş vermir”.
İctimai qınağın dəstəyi
M.Ağayevin sözlərinə görə, videogörüntülərin cəmiyyətə
təqdim olunması, belə hadisələrin qarşısının alınmasında mühüm rol oynayır:
"Sosial şəbəkələrdə məsələnin ictimailəşməsi çox yaxşıdır. İctimai qınağın əhəmiyyətini
öz fəaliyyətimizdə hiss edirik. İctimai nəqliyyatda olan problemlərin həlli
yalnız dövlət qurumundan asılı olan məsələ deyil. Burada ictimaiyyət də müvafiq
dövlət qurumuna dəstək olmalıdır. alo 141.az saytımız istifadəyə verilib. Sərnişinlərimiz
orada şikayətlər bölməsində öz şikayətlərini, müraciətlərini və təkliflərini
yaza bilərlər və onlara da dərhal reaksiya verilir. Hazırda 141 çağrı mərkəzinin
təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilir. Bütün bunlar ictimai
qınağa verdiyimiz önəmdən irəli gəlir”.
"Əxlaqi dəyərlərə
üstünlük vermirik”
Millət vəkili, Çingiz
Qənizadə "Kaspi”yə
açıqlamasında bildirdi ki, belə vəziyyətlər qanunlardan qorxmamağımızdan irəli
gəlir: "Sürücünü təhqir etmək, sürücüyə əl qaldırmaq, xəsarət yetirmək,
qanunsuz olaraq "saxla”, "qapını aç” kimi göstərişlər verib və bunun nəticəsi
olaraq, rədd cavabı aldıqda qanuna zidd hərəkət etmək təbii kim yolverilməzdir
və məsuliyyət yaradan hallardır. Mən də bu xalqın nümayəndəsiyəm. Görünür,
bizim bu məsələlərə belə yanaşmağımızın səbəbi əxlaqi dəyərlərə üstünlük verməməyimizdən,
qanunlardan qorxmamağımızdan irəli gəlir. Kimliyindən asılı olmayaraq, hamı
qanun qarşısında cavabdehdir. Sürücüyə silah çəkən var, sürücünü təhqir edib
qapını açdırmaq istəyən, nalayiq ifadələr işlədənlər var. Çox yaxşıdır ki,
bunların böyük əksəriyyətinin videogörüntüləri var və dərhal bu adamları tapıb
məsuliyyətə cəlb edirlər. Bu adamlara hansı cəzalar verildiyini də cəmiyyətə təqdim
etmək lazımdır ki, görk olsun və başqaları da bundan ibrət götürsün. Qanunlara
hörmət etmək hər kəsin borcudur”.
"Müvafiq tədbirlər
görülüb”
Daxili İşlər
Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bizimlə söhbətində bildirdi ki, sürücünü döyən şəxslə
bağlı artıq müvafiq tədbirlər görülüb: "Ümumiyyətlə vətəndaşlarımız hər hansı
bir qanuna zidd hərəkətlərlə üzləşdikdə, özlərinə qarşı hansısa qanunsuz hərəkətlər
hiss etdikdə dərhal müraciət etməlidirlər. Müraciət edən vətəndaşlarımızın
şikayətləri araşdırılır və lazımı tədbirlər görülür. 135 saylı marşrut xəttində
sürücü Qüdrət Kərimovu döyən şəxslə bağlı da artıq tədbir görülüb”.
"Sərnişin barmağını
hansı istiqamətə uzatsa...”
Nəqliyyat məsələləri
üzrə ekspert Ərşad Hüseynov deyir
ki, cəmiyyətimizdə sosial dəyərlərə, qayda-qanunlara, ictimai davranış
qaydalarına anormal yanaşma var: "İndiyə qədər sürücü ilə sərnişin arasında
münasibət belə formalaşmışdı ki, sərnişin barmağını harada uzatsa, sürücü
avtobusu saxlamalı və ya harada istəsələr avtobusu saxlatdırıb minməli idilər.
Avtobusun bütün qapıları açılırdı hər tərəfdən minirdin, düşəndə 20 qəpiyi
tullayıb gedirdin. Hələ sovet dövründən Azərbaycanda qüvvədə olan sərnişindaşıma
qaydaları var. O qaydalarda çox dəqiq yazılıb ki, marşrut avtobusu yalnız
dayanacaqlarda dayanmalı və yalnız dayanacaqda sərnişinləri mindirib, düşürməlidir.
Minmə-düşmə qaydaları indi də belədir. Sərnişin qabaq qapıdan minməli, arxa
qapıdan düşməlidir. Sərnişinlər bunu öyrənmək istəmir, sürücü də tələb edəndə
deyirlər "xeyr ola, məndən bunu tələb edirsən”. Sərnişin bunu özünə təhqir kimi
qəbul edir və zor tətbiq edir. Düşüncələrimizi, əhval-ruhiyyəmizi dəyişməli,
aqressivliyi kənara atıb, qaydalar çərçivəsində yaşamalıyıq”.
Aygün ƏZİZ