• şənbə, 02 Avqust, 12:29
  • Baku Bakı 36°C

Arif Babayev son mənzilə yola salındı 

02.08.25 00:42 116
Arif Babayev son mənzilə yola salındı 

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, hər kəsin sevdiyi əsl Xalq artisti idi.

Xalq artisti Arif Babayev vəfat edib. O, iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.

“O, hər kəsin sevdiyi əsl Xalq artisti idi”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

“Arif Babayev məktəbi yaşayacaq”

Mərhumla vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

Mədəniyyət naziri Adil Kərimov Arif Babayevlə vida mərasimində deyib ki, Azərbaycan böyük oğlunu, böyük bir sənətkarını itirib. “Azərbaycan muğam sənəti yaşadıqca Arif Babayev sənəti də, məktəbi də yaşayacaq”, - nazir bildirib. O, çıxışında Arif Babayevlə xəstəxanadakı görüşünü və təəssüratlarını da xatırlayıb: “Biz fəxr edirik ki, belə sənətkarlarımız var”.

Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev vida mərasiminə gələnlərə təşəkkürünü bildirib: “Atam bu dünyadan xoşbəxt getdi... Son günlərdə ona göstərilən sevgi, diqqət və qayğı onun üçün çox böyük mənəvi dayaq idi. O, xalqının sevgisini hiss edərək, əhatəsində doğmalarını, dostlarını, tələbələrini görərək bu dünyaya vida etdi”.

Mərasimdə ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

Yüzlərlə istedadlı xanəndə yetişdirib

Xalq artisti Mənsum İbrahimov Arif Babayev kimi sənətkarların yüz ildən bir gəldiyini bildirib. O, A.Babayevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki adlandırıb: “Onun Azərbaycan musiqisinə xidməti əvəzsizdir. Yüzlərlə istedadlı xanəndə yetişdirib. Həmişə gənclərə dəstək olub. Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq”.
Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Arif Babayev muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənib və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının "Qızıl fond"una daxil olub.
1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və uzun müddət Milli Konservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.
"Şöhrət", "Şərəf", "İstiqlal" ordenli Xalq artisti 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunub.

Mərhum I Fəxri Xiyabanda dəfn edilib. 

Allah rəhmət eləsin.

banner

Oxşar Xəbərlər