• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

20 Yanvar faciəsi - Qərbi Azərbaycanda törədilən soyqırımı cinayətlərinin davamı

20.01.23 20:20 1035
20 Yanvar faciəsi - Qərbi Azərbaycanda törədilən soyqırımı cinayətlərinin davamı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinin məzmununa əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma soyqırımı hesab edilir.

Həm beynəlxalq, həm dövlətdaxili hüquq müstəvisində baxdıqda, eyni zamanda əməlin subyektiv cəhətini, motiv və məqsədini təhlil etdikdə, 20 Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayət və soyqırımıdır. Tarixi zəmində diqqət yetirərək daha da dəqiqləşdirsək, 20 Yanvar Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən soyqırımı cinayətləri ilə üzvi formada bağlı olan, daha mütəşəkkil cinayətlərin davamıdır. Bu proseslərdə də sovet hakimiyyətinin yalnız bir məqsədi olub - ovaxtkı Moskva Azərbaycan xalqının iradəsini qıraraq, əzəli torpaqları Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək niyyəti güdürdü.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, vəhşicəsinə qətllər, çoxsaylı yaralılar Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə, 20 Yanvar qırğınından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, bizi dövlət müstəqilliyinin bərpasına daha da yaxınlaşdırdı. Tariximizin bütün taleyüklü dövrlərində olduğu kimi, 20 Yanvar hadisələrində də - xalqın əzminin qırılmaması, milli ruhun sınmamasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynadı. O zaman Moskvada yaşayan dahi lider faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata və partiya rəhbərliyinə kəskin etirazını bildirdi. Məhz bu hadisədən dərhal sonra Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştiraka qatıldı. Ozamankı hakimiyyətin qorxaq və satqın mövqeyindən fərqli olaraq dahi lider Azərbaycana, Naxçıvana döndükdən sonra, 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsinə hüquqi qiymət verərək baş verənləri Azərbaycan xalqının suveren hüquqlarına qəsd elan etdi. Ümummilli Lider Prezident seçildikdən cəmi 5 ay sonra isə 1994-cü il mart ayının 29-da Parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etməklə, nəhayət ölkə səviyyəsində bu qətliamlara hüquqi mövqe sərgiləndi.

“Diqqət etsək, Ermənistan hakimiyyəti Qərbi azərbaycanlılara qarşı sonuncu deportasiya dalğasını 1987-ci ildə, məhz Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən azad olunduqdan sonra başlamış və sonrakı dövrdə də istər Ermənistan ərazisində, istər Azərbaycan ərazisində yaşayan soydaşlarımız məhz başsız, lidersiz qaldıqları üçün rahatlıqla hədəfə alına bilirdi. Ən azı elə bu fakt bir daha Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının tarixində hansı rola malik olduğunu əyani olaraq göstərir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Ermənistan artıq o zaman Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sonuncu partiyasını da soyqırımı təhdidi altında deportasiyaya məruz qoyaraq məqsədinə nail olsa da, çirkin niyyətlərinə "dur" deməyərək, Qarabağ və Şərqi Zəngəzura da göz tikdi və yenə də Bakıda hakimiyyəti zəbt etmiş səbatsız dəstənin ucbatından məqsədinə nail oldu. Dahi Liderin yenidən hakimiyyətə qayıtması işğal amilinin daha geniş areala yayılmasının qarşısını aldı. Lakin təəssüf ki, o zaman artıq mövcud olan işğal status-kvosu Qərbi Azərbaycandan 20 Yanvara qədər uzanan vahid bir proses olan cinayətlərin araşdırılması, soydaşlarımızın təməl hüquqlarının bərpası ikinci plana keçdi. Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə də ifadə etdiyi kimi, “Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi".

“Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki Zəfərimizlə işğala, təcavüzə son qoyaraq ən azı 120 ildir mütəşəkkil formada davam edən qırğınların qisası alınmaqla bərabər həm də Qərbi Azərbaycana dönüş, 20 Yanvar hadisələrinin səbəbkarlarının isə hüquq müstəvisində cəzalandırılmasına imkan yaratdı.

Bu gün artıq regionda diktə edən dövlət kimi Qərbi Azərbaycana qayıdış qarşımızdakı əsas milli amallardan, prioritetlərdən biridir və həyata keçirilən köklü, beynəlxalq hüquqa uyğun məqsədyönlü siyasi gedişlər böyük dönüşün uzaqda olmadığına əminlik yaradır”, - deyən Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər