Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Təfsilat » Beynəlxalq Böhran Qrupunun hesabatı reallığı əks etdirmir
09.09.10 06:34

Hesabatın Azərbaycandakı qərəzli QHT-lər və siyasi partiyaların sifarişi ilə hazırladığı ehtimal edilir

Bir neçə gündür müxalifət mətbuatı Beynəlxalq Böhran Qrupu adlanan bir təşkilatın Azərbaycanla bağlı yaydığı «hesabat»ı geniş təbliğ etməkdədir. Amma diqqət yetirəndə açıq-aşkar hiss olunur ki,  təşkilatın “hesabatı” yalan və böhtandan ibarət, heç bir fakta söykənməyən və əsası olmayan subyektiv mülahizələrdir.  “Hesabat” bəzi müxalifət partiyalarının, onların nəzarətində olan qəzetlərin dezinformasiya, “qara piar” kampaniyasının elementlərinə əsaslanır. “Hesabat”da irəli sürülən iddiaların böyük əksəriyyəti “sarı mətbuat”ın, “bulvar” qəzetlərinin stilini xatırladır. Göründüyü kimi, ölkə mətbuatında yer alan qərəzli fikirlər Azərbaycanın bədxahlarının diqqətindən yayınmır. Dərhal bu cür qərəzli məlumatlardan Azərbaycanın imicinin korlanması məqsədilə istifadə edilir. Əslində bu məlumatlar həmin qəzetlərdə məhz bu məqsədlər üçün işıqlandırılır. Bəzi dairələr məhz bu məqsədlər üçün radikal yönümlü qəzetlərə dəstək verirlər. Təbii ki, Beynəlxalq Böhran Qrupu hesabat adı verdiyi bu cızmaqaranı hazırlayarkən heç bir ciddi mənbəyə əsaslanmayıb. Adamda sual yaranır: Görəsən bu hesabatı hazırlayan şəxslər hansı faktlara əsaslanaraq bu cür iddialarla çıxış edirlər? Onlar Azərbaycanda hər hansı araşdırma aparıblarmı? Təbii ki, yox. Bu araşdırmaların aparılması üçün böyük bir peşəkarlar qrupu çalışmalıdır. Beynəlxalq Böhran Qrupunun belə bir peşəkarlar ordusu varmı? Görünür, Azərbaycanda xalqın prezident İlham Əliyevin siyasətini dəstəkləməsi, ölkəmizdə siyasi sabitliyin, vətəndaş həmrəyliyinin möhkəmlənməsi, sürətli və davamlı iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq nüfuzunun artması bəzi xarici dairələri və onların təsiri altında olan Beynəlxalq Böhran Qrupu kimi təşkilatları narahat edir.
Azərbaycan ictimaiyyətinin nümayəndələri də hesabatda yer alan fikirlərin həqiqəti əks etdirmədiyi qənaətindədirlər.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da Beynəlxalq Böhran Qrupunun hesabatını qərəzli hesab etdi: «Bu qrup Azərbaycanın əleyhinə çox qərəzli və böhtan dolu hesabat yayıb. Bu, çox böyük təəssüf hissi doğurur. Mən tamamilə əminəm ki, Beynəlxalq Böhran Qrupu bu hesabatı Azərbaycanı istəməyən, ölkəmizdə baş verən proseslərə qərəzli yanaşan, və problemlərimizi tünd boyalarla təqdim etməyə çalışan ayrı-ayrı QHT-lərin və siyasi partiyaların tövsiyəsi əsasında hazırlayıb. Niyyət isə Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaqdır. Hesabatda qoyulan məsələlərin heç birinin əsası yoxdur. Orada arqumentləşdirilmiş bazaya malik fikirlər tapmaq mümkün deyil. Məsələn, hesabatda bir məscidin ətrafındakı proseslərlə bağlı məqamlar yer alıb. Bu məsələ xeyli şişirdilib. Yaxşı olardı ki, Beynəlxalq Böhran Qrupu ABŞ-da, Avropa ölkələrində islam dininə qarşı başladılan səlib yürüşündən danışaydı. Sirr deyil ki, bəzi Avropa dövlətləri hətta, hicab geyinməyi də qadağan edirlər. Bütün bunlardan fərqli olaraq Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın bu sahədəki nümunəvi rolu dünyanın aparıcı ölkələrinin tanınmış siyasətçiləri tərəfindən də etiraf olunub. Azərbaycanda bütün dinlərə çox dözümlü münasibət göstərilir. O cümlədən, islam dininə sitayiş edənlərin hüquqlarının qorunması da dövlətin diqqət mərkəzindədir. Yalnız radikal mövqedən çıxış edən, dindən siyasi məqsədlərlə yararlanmağa çalışanlara qarşı dövlət tərəfindən qanunlara müvafiq olaraq addımlar atılır. Bu, dünyanın hər bir ölkəsində belədir. Hesabatda Azərbaycanın neft siyasəti də tənqid olunur. Halbuki Azərbaycanın neft strategiyası dünyanın aparıcı maliyyə institutları tərəfindən nümunə kimi göstərilir. Azərbaycanın neftdən gələn gəlirləri xərcləməsi də təqdir olunur. Azərbaycan neftdən əldə etdiyi gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməkdədir. Bununla bağlı müxtəlif dövlət proqramları var və onlar müvəffəqiyyətlə icra olunmaqdadırlar. Bunun nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən qlobal maliyyə böhranından çox az itki ilə çıxa bildi. Bu, danılmaz bir faktdır. Çox təəssüf edirəm ki, Beynəlxalq Böhran Qrupu bu kimi faktları nəzərə almaqdan yan keçərək özünün korporativ maraqlarını düşünüb. Qrup bununla da mən deyərdim ki, Azərbaycana qarşı düşmənçilik mövqeyini bir daha nümayiş etdirib. Hesabatda qeyd olunub ki, guya Azərbaycandakı sabitlik kövrəkdir. Həm bu, həm də Azərbaycanda söz və fikir azadlığı, QHT-lərin fəaliyyəti ilə bağlı yer alan fikirlərin də heç bir əsası yoxdur. Bütün bunlarla bağlı mövcud olan faktlar Beynəlxalq Böhran Qrupunun hesabatında yer alan fikirləri təkzib edir».
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da hesab edir ki, Beynəlxalq Böhran Qrupunun hesabatındakı hər bir cümlə şər və böhtan xarakterlidir. Onun fikrincə, bu hesabat qurumun hansısa təcrübəli ekspertlərinin əməyinin məhsulu deyil. Hesabat Azərbaycanda fəaliyyət göstərən qərəzli QHT-lərin və siyasi partiyaların məlumatları əsasında hazırlanıb: «Adamı dəhşət bürüyür ki, insanlar öz ölkələri haqqında bu qədər yanlış məqamları necə kənara ötürə bilirlər. Mən deyərdim ki, bu hesabat hazırlanarkən müxalifət partiyalarının təmsilçiləri və tabeliklərindəki qəzetlər Beynəlxalq Böhran Qrupunun Azərbaycandakı nümayəndələri rolunda çıxış ediblər. Amma gərək Beynəlxalq Böhran Qrupu Azərbaycan haqqında bu qədər məsuliyyətsizlik etməyəydi. Bu cür hesabatları hazırlayan hər bir qurumun mükəmməl və müstəqil ekspertləri olmalıdır. Onlar hesabatda bəhs edilən ölkədə olub onun reallıqlarını öyrənməlidirlər. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ölkədə demokratiyanın, söz azadlığının inkişafı istiqamətində addımlar atılır. Amma görünür, hesabatı hazırlayanlar bütün bunları görmək istəməyiblər. Bəziləri bu cür hesabatları hazırlamaqla guya Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərər vuracaqlarını düşünüblər. Amma əsla belə deyil. Bu və bu tipli qərəzli hesabatlar Azərbaycanın imicinə heç bir zərər gətirmir. Onsuz da bütün dünya kimin kim olduğunu bilir. Bu niyyətdə olan qüvvələr bilməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir və öz siyasətini müstəqil müəyyənləşdirir. Heç bir təzyiq bizim dövlətimizi yolundan döndərə bilməz. Bizim dövlətin əsas məqsədi öz vətəndaşlarının xoşbəxtliyinə nail olmaqdır. Azərbaycan vətəndaşları dövlətimizin bu istiqamətdəki səylərini qiymətləndirirlər. Ölkə əhalisinin böyük əksəriyyəti prezident İlham Əliyevə sonsuz etimad göstərir. Bu da bəzi dairələri narahat edir. Amma bu artıq bizim deyil, onların faciəsidir».
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov da həmkarları ilə həmrəydir. Onun sözlərinə görə, bu kimi hesabatlara ciddi yanaşmağın da mənası yoxdur. Çünki adətən, dünyanın müxtəlif qeyri hökumət təşkilatları dövlətlərə münasibətdə öz standartlarından çıxış edirlər. İndiki halda Beynəlxalq Böhran Qrupunun Azərbaycanla bağlı standartları daha çox qərəz, qeyri-obyektivlik və əldə olunan uğurları görməməkistəyi ilə bağlıdır: «Beynəlxalq Böhran Qrupunun hesabatı Azərbaycandakı reallıqların tamamilə əksinədir. Amma bu təşkilatın bu cür qeyri-obyektiv hesabatlar yayması ilk dəfə deyil. Həm Beynəlxalq Böhran Qrupu, həm də bu tipli digər təşkilatlar bu il ərzində bir neçə dəfə Azərbaycanda mətbuat azadlığı, insan hüquqları sahəsindəki vəziyyəti tənqid edirlər. Həmin hesabatlarda Azərbaycan qəsdən dünyanın geridə qalmış dövlətlərinin sırasına aid edilir. Təbii ki, burada qərəz var. Çünki əslində Azərbaycan MDB məkanında bu sahədə ən böyük uğur qazanan və digərlərinə örnək göstərilən dövlətdir.


F.Abasoğlu
URL / WWW
http://www.kaspi.az/news/a-5947.html