Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Köşə
» Bakıda maşının yoxdursa
06.11.09 05:08
Bakıda yarım milyon nəqliyyat vasitəsi var. Bakıda həm də 2 milyon 246 min əhali var. İnsanları maşınlardan sonra qoymağım təsadüfi deyil. Çünki bu şəhərdə maşınların dəyəri insanlarınkından çoxdur. Buna günbəgün daha çox inanmağa başlamışam. Şəhərdə əhalinin sayı maşınlardan 4 dəfədən çox olsa da, texnikayla insanın toqquşduğu yerlərdə infrastruktur bütövlüklə maşınlara uyğun qurulur. Məsələn, hansısa təzə binanın altındakı yeraltı qarayda maşınınızı saxlamaq üçün ora enin. İçəriyə maşınla rahat düşəcəksiniz, amma geri piyada qayıtmaq üçün bəlkə də alpinist kəndirinə ehtiyacınız olacaq. Şəhərdə bir neçə mərkəzi yeraltı qaray istisnadır. Qalanlarında isə binanın altına aparan enişləri elə kəskin tikirlər ki, maşınsız bu dikdiri qalxınca nəfəsin kəsilir. Maşından düşəndə fənər götürmək də karınıza gələr. Çünki maşınınızın faraları söndükdən sonra içəri zülmət qaranlığa bürünəcək. Adamlar üçün sadə işıqlandırma sistemi belə nəzərdə tutulmadığından qaranlıq zindanda vahiməyə düşə bilərsiniz. Keçək yollara. "Xalqlar Dostluğu" metrosu stansiyasının yanında yenicə təhvil verilən ən təzə körpüylə paralel uzanan səkilərlə yol gedək. Lap elə yaxınlıqdakı poliklinikaya tərəf. Amma getməsək yaxşıdır. Çünki təxminən 3 kilometr uzanan bu körpünün tikintisinə 4 il, yüz milyonlarla vəsait xərcləsələr də, piyadaları "yaddan çıxarıblar". Səkilər, xüsusən də tikintini qəbul edənlərdən uzaq düşmüş hissələr tamamilə yararsız vəziyyətdə qalıb. Kənd yolunu xatırladan bu səkinin kələ-kötürlərini enib-qalxarkən Marçello Mastroyanin "Çörək və şokolad" filmindəki qəhrəmanına oxşadıram özümüzü. Filmdə kasıb qəhrəman və dostları üfunətli toyuq hinindən tennis oynayan varlı zədagan uşaqlarını həsrətlə seyr edirlər. Səkidə piyada gedənlər, ələlxüsus də uşaq arabasıyla hərəkət edənlər də yuxarıdakı təzə döşənmiş asfaltların üstündə şütüyən tək-tük maşınlara həmin gözlə baxırlar. Elə bina sakinləri də. Körpüyə "baxan" 9 mərtəbəli binaların sakinləri tikintidən onların həyətlərinə də pay düşəcəyinə ümid edirdilər. Amma məhəllələrin yola çıxış hissələrinə belə, yalandan da olsa əl gəzdirilmədi. Buralar tam bərbad vəziyyətdə qalıb, yeni salınmış işıltılı maşın zolaqlarıyla kəskin təzad təşkil edirlər.
Maşınların sayı artdıqca insanlar bütün səkilərdən sıxışdırılır. Səhərlər yolu Babək prospektindən düşənlər çox güman ki, burada o baş bu başa qaçaraq idman edən kişini görüblər. Təqribən 60 yaşlı kişi hər sabah əsl qəhrəmanlıq edir. O, normal səkilər olmadığından sürətlə hərəkət edən maşınların yolunda qaçmaq məcburiyyətindədir. Babək prospektində də maşın yolu təzə təmir olunanlardandır. Amma prospekt boyu səkilər ya epizodik xarakter daşıyır, ya da hərəkət üçün yararsız haldadırlar. Səki üçün öncədən nəzərdə tutulan yol qıraqları bütövlüklə buradakı çoxsaylı avtomobil və mebel şirkətləri tərəfindən zəbt edilib, maşın dayanacağına və ya mebel sərgi salonuna çevrilib. Bəzi yerlərdə isə nəhəng ağacların bitdiyi hissələr səki kimi nəzərdə tutulub. Yəqin layihə sahibləri əmindirlər ki, bizim camaat İo-Kio Baba kimi transformasiya qabiliyyətinə malikdir. Lazım gəlsə "filfilo" edib ağacın içindən də keçərlər.
Oxşar hallar yeni aeroport yolunda və digər trasda da müşahidə olunur. Bu yolların layihəsi elə cızılıb ki, guya piyada qəfildən düz yerüstü keçidin yanında peyda olub, yolun o birisi tərəfinə keçəcək. Yol kənarı yaşayış massivlərindən ibarət olsa da, insanların maşınsız, yəni piyada getməsi nəzərdə tutulmayıb. Bu vəziyyət körpülərin üstündə də davam edir. Əgər kimsə məcburən körpünün üstü ilə getməli olarsa (məsələn, kiminsə maşını körpünün üstündə xarab olub və ya kiminsə ünvanına yetişməsi üçün körpü ilə hərəkət daha rahatdır), onun körpünün o biri başına hansı vəziyyətdə çıxacağını (və ya çıxarılacağını) proqnozlaşdırmağa heç Umayra xanımın da gücü çatmaz. Təzə yolları müşayiət edən nəhəng "bardyurları" və yolları bölən hündür dəmir çəpərləri keçmək üçün haça-paça qalan cavan və qocalarsa həmin an maşınları olmadığına görə güman ki, heyifsilənirlər.
Maşınlar artıq yolun adamların payına düşən hissəsini hər yerdə zəbt ediblər. Bütün küçələrdə, əsasən də avtodayanacaqların qıt olduğu mərkəzin dar küçələrində səkilər avtodayanacaqlara çevrilib. "Burnunu" divara dirəyən maşınlar insanları tamamilə sıxışdırıblar.
Piyadalara qarşı saymazlıq avtomobillərə çox sərf edir. Onlar da yolların heç bir hissəsində, hətta piyada zolaqlarında belə insanlara yol vermirlər. Hətta uşaq arabasıyla və ya qucağında körpə uşaq olan qadınlar belə zolaqlarda maşınlara yol verməli olurlar. Çünki maşınlar əmindirlər ki, Bakının yolları onlarındı...
Ülfət
URL / WWW
http://www.kaspi.az/news/a-583.html