Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Müsahibə
» «Evsiz jurnalistlərimiz kifayət qədərdir»
13.07.10 06:28
Qabil Abbasoğlu: «Maddi imkansızlıq, evsizlik, şəraitsizlik halında yaşayan jurnalistdən sona qədər peyğəmbər dürüstlüyü gözləmək də bir az insafsızlıqdır»
«Həmkar» rubrikamızda müasir jurnalistikanın problemləri və jurnalistlərin sosial məsələləri ilə bağlı «Lent.az» portalının baş redaktoru Qabil Abbasoğlu ilə söhbətləşdik.
Məncə istər yazılı, istər elektron və istər internet mediasında jurnalist peşəkarlığı üçün bu bölümlərin heç bir fərqi yoxdur. Jurnalist peşəkarlığına qoyulan tələblər bu media sahələrinin hər birində eynidir. Qərəzsizlik, heç kimdən qorxmamaq, heç kəsi hədələməmək, ədalətli yanaşmaq, obyektiv olmaq, baş verən hadisəni heç kimin tərəfini tutmadan oxucuya çatdırmaq. Bu hər bir jurnalistin qarşısında qoyulan tələbdir
- «Lent.az» portalının iki yaşı tamam oldu. Deyə bilərsinizmi bu müddətdə nəyə nail olmusunuz?
- «Lent.az»ın yaranması Azərbaycanda internet mediasının təşəkkül tapması dövrü ilə eyni vaxta təsadüf elədi. Onda ölkəmizdə internet mediası haqqında anlayışlar dəqiqləşməyə başlamışdı. Bu sahənin özəlliklərini həm özümüz öyrənir, həm də oxuculara yeni vərdişlər aşılamağa çalışırdıq. O baxımdan «Lent.az»ın tarixi Azərbaycanda internet mediasının tarixi ilə üst-üstə düşür. Hesab edirəm ki, «Lent.az» üçün görülmüş işləri ölkəmizdə internet mediası üçün görülmüş siyahıda ön yerlərdən birinə yazmaq olar. Nəyə nail olmağımıza gəlincə, bu müddət ərzində oxuculara daha geniş spektrdə, daha rəngarəng palitrada materiallar təqdim etməyə çalışdıq. Oxucularımızın sayta bağlılığı, materiallarımıza reaksiyaları, kollektivin ayrı-ayrı üzvləri haqqında ürək sözləri, poçtumuza yazdıqları yazılar barədə dəyərləndirmələr, hətta, hər hansı texniki və digər səhvlərlə bağlı qeydlər göstərir ki, saytın ətrafında bəlli və sadiq bir oxucu kütləsi var. «Lent.az»ın oxucuları intellektual baxımdan kifayət qədər səviyyəsi olan oxuculardır. Bu o deməkdir ki, onlar şou-biznesdən tutmuş ən ciddi siyasi materiallara, hətta beynəlxalq siyasətə aid materiallara qədər məlumatlı şəkildə reaksiya verirlər. Bunlar diletant reaksiyalar deyil. Bu iki il müddətində oxucuların bizə göstərdiyi diqqətə, qayğıya və hətta tənqidə görə minnətdarlığımı bildirirəm!
- Prioritet istiqamətləri necə müəyyənləşdirirsiniz? Məqsədiniz bundan sonra nələrə nail olmaqdır?
- Qarşıda çox çətin bir mərhələ dayanır. Çətinlik ondan ibarətdir ki, oxuculara yeni materiallar təqdim etməliyik. Bu yenilik kifayət qədər intellektual, texnoloji və texniki baxımdan əsaslandırılmış səviyyədə olmalıdır. Həm də onu etməliyik ki, Azərbaycan oxucusu internet mediasını mənimsəyə bilsin. Yeni layihələrimiz var ki, sırf televiziya formatıdır. Amma biz bunları portalda həyata keçiririk. Onu canlı vermək üçün jurnalistdən də, redaksiya rəhbərindən də daha çox istedad, bilik, bacarıq və vərdiş tələb olunur. Biz özümüz də onları mənimsəməliyik. Bu baxımdan kollektiv öz üzərində işləyir. Gələcəkdə oxucuya daha yaxın, daha canlı, hətta, oxucunun özünün də iştirak etdiyi interaktiv xarakterli materiallar vermək planımız var. Zənnimcə, həyatın bütün sahələrini, oxucunun həyatına toxunan bütün hadisələri və prosesləri ona olduğu kimi çatdırılsa, cəmiyyətə və dünyada baş verən hadisələrə şəffaf və təmiz ayna tutulsa oxucu həmin media vasitəsini özününkü hesab edər və ona sadiqliyini saxlayar.
- Belə fikirlər səslənir ki, qəzetlərin oxucusunun azalması internet medianın genişlənməsi ilə əlaqədardır. Necə bilirsiniz, nə vaxtsa bu inkişaf qəzet mediasının məhvi üzərində daha da arta bilərmi?
- Mən elə hesab eləmirəm ki, internet mediasının inkişafı yazılı medianın məhvi üzərində qurulacaq. Mən bunu tarixi proses olaraq da qəbul eləmirəm. Zənnimcə, çap mətbuatı ömrünü hələ davam etdirir. Ümumiyyətlə, çap mətbuatı heç vaxt sıradan çıxmayacaq. Ən azı yaxın zamanlarda biz onu görməyəcəyik. Amma necə ki, qəzet kitabı, televiziya radionu, internet isə bunların hamısını məhv edə bilmədi, o cür də bundan sonra gələn texnoloji yeniliklər belə bir ərsəyə çata bilməyəcəklər. Amma internet mediasının yazılı mətbuata təsir edən bəzi özəllikləri var. İnternet mediasının oxucuları bir az tələskən oxucudur. Fəal oxucunun informasiya almaq üçün daha bir gün də gözləməyə səbri çatmır. O, məlumatı dərhal almaq istəyir və saytdan bunu əldə edə bilir. Bu istəyi ödənəndə əlbəttə ki, yazılı mətbuata həvəs, maraq azalır və vaxt itirmək istəmirlər. Amma yazılı mətbuatın bir özəlliyi var ki, əlinin altında kompyuter, telefon olmayanda istənilən vaxt açıb oxuya bilirsən. Qəzetin ən mühüm özəlliyindən biri odur ki, orada yazılan heç vaxt pozulmur.
Jurnalistikanın səviyyəsi
- Bəs jurnalistlərin peşəkarlıq səviyyəsindən nə deyərsiniz? İstər yazılı mətbuatda olsun, istər internet mətbuatında?
- Azərbaycanda mətbuatın problemləri ilə bağlı söhbətlər gedəndə mən həmişə belə hesab eləmişəm ki, mətbuatın işinə mane olan problemlərlə yanaşı, həm də mətbuatın öz içində yaşadığı, özündən asılı olan müəyyən problemlər də var. Bunların başında isə peşəkarlıq məsələsi dayanır. Məncə istər yazılı, istər elektron və istər internet mediasında jurnalist peşəkarlığı üçün bu bölümlərin heç bir fərqi yoxdur. Jurnalist peşəkarlığına qoyulan tələblər bu media sahələrinin hər birində eynidir. Qərəzsizlik, heç kimdən qorxmamaq, heç kəsi hədələməmək, ədalətli yanaşmaq, obyektiv olmaq, baş verən hadisəni heç kimin tərəfini tutmadan oxucuya çatdırmaq. Bu hər bir jurnalistin qarşısında qoyulan tələbdir. Fərq ondadır ki, onlayn mediada jurnalistdən daha çox çeviklik, daha çox operativlik tələb olunur. Qəzetlərdə xəbər liderliyi günlə hesablanırsa, burada xəbər liderliyi saniyələrlə hesablanır. Bu operativliyin içərisində obyektivliyi də qorumağa çalışmaq internet mediasında jurnalistlər üçün qoyulan daha artıq tələbdir. Oxucular da bunu diqqətdən qaçırmır və dəyərləndirirlər.
- Mətbuat cəmiyyətin güzgüsü, oxucu gözü də tərəzidir. Bəs ümumi vəziyyət necədir, sizin dediyiniz tələblərə KİV-də əməl olunurmu?
- Məşhur fiziklərdən biri “Mən əvvəl elə bilirdim ki, hər şeyi bilirəm, amma fizikanı oxuyandan sonra başa düşdüm ki, heç nə bilmirəm” - deyib. Təcrübə artdıqca jurnalistika ilə daha yaxından tanış olmağa başladıqca görürsən ki, hələ görülməli xeyli problemlər var. Ümumi şəkildə bunu deyə bilərəm ki, bu məsələləri həll etmək üçün xeyli çalışmağımız lazımdır. Amma birinci növbədə hər bir jurnalistin öz qarşısında qoyduğu tələblər var: vicdan, ədalət hissi, heç bir ideologiyadan, cərəyandan asılı olmadan, oxucu marağını təmin etmək. Məncə bundan başlasaq özümüzdən asılı olan problemləri həll edə bilərik. Sonra isə cəmiyyətin digər üzvlərindən asılı olan problemlərin həllini tələb etmək olar.
- Bu yaxınlarda müsahibə aldığım həmkarlarımızdan biri belə bir fikir səsləndirdi ki, bugünkü jurnalistlər və hətta müəllimlərin özü çağdaş jurnalistikanın tələblərinə cavab verə bilmirlər. Bu problemin həlli ilə bağlı təklifləriniz nə olardı?
- Mən bu cür müqayisəni aparmaq istəməzdim. Biz Azərbaycan cəmiyyəti ilə birgə böyüyüb inkişaf edirik. Azərbaycan cəmiyyəti nə qədər oxuyubsa, biz də o qədər oxumuşuq. Cəmiyyət nəyi bilmirsə biz də onu bilmirik və yaxud əksinə. Bütövlükdə cəmiyyətin maariflənmə səviyyəsi nə qədərdirsə, həkimlərin, müəllimlərin, siyasətçilərin, idmançıların, jurnalistlərin də səviyyəsi odur. Cəmiyyətdən heç vaxt ayrı deyilik. Əlbəttə, dünya üzrə qəbul olunmuş qaydalar var ki, jurnalizm onları tələb edir. O qaydaların yerinə yetirilməsinə isə biz artıq başlamışıq. Hətta müəyyən hissəsi də Azərbaycan mətbuatı tərəfindən mənimsənilib. Bunu birdən-birə jurnalistlərdən tələb etmək də doğru deyil ki, siz də Qərbdəki jurnalistlər kimi çalışın. Onda onun üçün Qərbdəki kimi şərait də yaradılmalıdır. Onda Qərbdəki kimi də vətənpərvər, savadlı, tələbkar, vicdanlı oxucu olmalıdır. Onda Qərbdəki kimi də alıcılıq qabiliyyəti olan, Qərbdəki kimi reklam bazarı olmalıdır və s. Ancaq bütün bunlar yeni-yeni bizdə təşəkkül tapır. Ümid edirəm ki, Azərbaycan Qərb ölkələrinin bir neçə onilliyə keçdiyi prosesi bir neçə ilə keçəcək. Yaxın zamanlarda Azərbaycan jurnalistikasının səviyyəsi dünya jurnalistikasının səviyyəsi ilə qovuşacaq.
Ürək ağrıdan məsələ
- Jurnalistlərin peşəkarlığını bir kənara qoyaq. Bəs jurnalistikamızın problemlərindən danışanda daha nələri nəzərdə tutursunuz?
- Azərbaycan jurnalistinin ən azı ona imkanı olmalıdır ki, redaksiyanın tapşırığı olmadan ölkənin hər hansı bir bölgəsində baş verən qəfil hadisənin araşdırılmasına başlasın. Hesab eləmirəm ki, Azərbaycanda belə bir media vasitəsi var ki, bu əməkdaşların da bu işləri görə biləcək səviyyədə maddi baxımdan təmin edə bilsin. Jurnalistlərin maddi imkan səviyyəsi birinci cərgədə gəlir. İkinci cərgədə Azərbaycan jurnalistləri ilə bağlı neçə illərdir bu söhbət var: jurnalistlərin evlə təminatı məsələsidir. Evsiz jurnalistlərimiz kifayət qədərdir. Maddi imkansızlıq, evsizlik, şəraitsizlik halında yaşayan jurnalistdən sona qədər peyğəmbər dürüstlüyü gözləmək də bir az insafsızlıqdır. Bunun səbəbi jurnalistin vicdanındakı qüsurlar deyil, yaşadığı maddi sıxıntılardır. Bu sıxıntıları da zaman-zaman həll etməyə çalışmalıyıq. İnanıram ki, bu məsələ ilə bağlı konkret addımlar atılacaq.
- Ötən həftə iştirak etdiyim bir dəyirmi masada deputatlardan biri dedi ki, özünə hörmət edən jurnalist səhifəsi 10 manat qonorar hesablanan qəzetdə işləməz, daha çox pul tələb edə bilər. Sizcə doğurdanmı jurnalist özünə hörmətsizlik edir? Onun üçün nativ variant nə ola bilər?
- Əgər bir qəzetin səhifəsinə 10 manatdan artıq qonorar vermək imkanı yoxdursa, onda jurnalistin tələb etmək haqqı yoxdur. Mən bir portalın baş redaktoruyam. İndi tələb edim ki, mənim təyyarəm olmalıdır? Hamı daha yaxşı yaşamaq, daha yaxşı şəraitdə işləmək istəyər. Ancaq bu məsələ arzu ilə həll olunmur. Azərbaycanda bayaq qeyd etdim ki, mətbuatın vəziyyəti elədir ki, mətbuat öz imkanlarından çıxış edir. Mən əlbəttə vicdanlı mətbuatı nəzərdə tuturam. Təəssüf ki, «reket» fəaliyyəti ilə, cinayət xarakterli əməllərlə məşğul olan mətbuat vasitələri və jurnalistlərimiz də var. Əgər vicdanlı mətbuatın nümayəndələrinin hardasa daha artıq təminatı görmək imkanları və fərqli seçimləri yoxdursa, jurnalist də məcbur olub çalışır. Özünə hörmət edən jurnalist bəlkə də səhifəsi 10 manat qonorara işləməz. Amma özünə hörmət edən jurnalist ac da qala bilməz. Bu, ürək ağrıdan məsələdir, ancaq nə edək ki, hələ vəziyyət belədir.
- Jurnalistlərin ev məsələsinə gəlincə, bu yaxınlarda mətbuatda belə bir fikir də səslənib ki, “əgər jurnalist dövlətdən ev istəyirsə, o, heç vaxt müstəqil jurnalist ola bilməz”.
- Jurnalist yadplanetli deyil. Jurnalist səyyah, laməkan bir adam deyil. Jurnalistin vətəni var. Jurnalistin də qurulmasında iştirak elədiyi, imkanlarından yararlandığı bir dövləti var. Jurnalist bu dövlətin vətəndaşıdır. Əgər maddi baxımdan problemlər varsa və dövlət bu sahədəki maddi problemlərin həllinə dəstək vermək istəyirsə, mənə elə gəlir ki, leqal və aşkar şəkildə verilmiş dəstəyi mətbuat qəbul etməlidir. Çünki bu, dövlətin imkanları hesabına, dövlət rəhbərinin qərarı ilə həll olunan məsələdir. Mən burda jurnalistləri aşağılayacaq bir şey görmürəm.
Yubiley əhval-ruhiyyəsi
- Sizə elə gəlmirmi, mühüm, ağır bir yükü çiyinlərində daşıyan bu sosial təbəqəni daha çox mühakimə edir, ona az diqqət yetirirlər, onu hər şeydə günahkar bilir, heç nədə minnətdar olmurlar.
- Fikrinizlə razıyam. Sizin dediklərinizi və öz düşündüklərimi qısa şəkildə belə ifadə edərdim: “Bizə daha az verib bizdən daha çox tələb edirlər”. Bu baxımdan insafsızlıq var.
- Hər halda 135 illiyə hansı əhval-ruhiyyə ilə gedirik?
- Mənə elə gəlir ki, nə baş verməsindən asılı olmayaraq hara gediriksə, yaxşı ümidlərlə getməliyik. Əgər irəliyə gediriksə, irəliyə doğru gedən hər bir addım əladır. Geridə qalan addımdan daha yaxşı bir şey var: bu bir addım qabağa atılıb, ondan irəlidədir. Zənnimcə, qarşıdakı yubileyə də xoş ümidlərlə getməyə dəyər. Əlbəttə, adamı bir yubileydə bir qərarla xoşbəxt etmək olmaz. Nəinki minlərlə Azərbaycan jurnalistini. Ancaq daha yaxşı proseslərin başlanacağına ümid edirəm və hamını da belə ümidli olmağa çağırıram.
Təranə MƏHƏRRƏMOVA
URL / WWW
http://www.kaspi.az/news/a-5081.html