Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Təfsilat
» Reklamsız qalan qəzetlərimiz
13.07.10 06:21
Mətbuatın iqtisadi dayanıqlılığının təmin edilməsi üçün reklam potensialından da istifadə edilməlidir
Azərbaycan mətbuatının problemlərindən söz düşəndə həmişə yada düşən əsas məsələ iqtisadi dayanıqlılığın yetərincə olmaması olur. Bu isə mətbuatın gəlir əldə etmə imkanlarının məhdud olması ilə əlaqələndirilir. Buna da əsas səbəb kimi, reklam bazarının çox məhdud olması göstərilir. Bunun həm qəzetçilər, həm də dövlət rəsmiləri etiraf edirlər. Bu gün ölkənin əksər ciddi qəzetləri reklam tapmaqda çətinlik səkirlər. Çox təsadüfü hallarda şirkətlər özləri qəzetlərə reklam sifariş edirlər. Əksər hallarda isə qəzetlərin reklam agentləri reklamı şirkətlərdən «qoparmağa» çalışırlar. Bütün bunların nəticələridir ki, qəzetlərdə reklam qiymətləri də çox ucuzdur. Bəs əslində necə olmalıdır? Təbii ki, qəzetlərin əsas gəlirləri məhz reklamlardan gəlməlidir. Açıq iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirləridir. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85%-i reklamlardan, 15%-i isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycan mətbuatının isə bu gün ciddi reklam problemi var. Məlum olduğu kimi, bütün dünyada, o cümlədən Azərbaycanda mətbuat əsasən iki yerə bölünür: ciddi və sarı mətbuat. Adətən ciddi qəzetlərin tirajı az olur. Bu cür qəzetlər özlərinin maliyyə ehtiyaclarını əsasən reklam hesabına ödəyirlər. Azərbaycanda təəssüf ki, qəzetlərdə nə ciddi qəzetlərdə olduğu kimi reklam və analizlər yoxdur, nə də sarı mətbuat kimi tiraj. Azərbaycanda adambaşına təqribən 3,5 reklam dolları düşür. Baltikyanı ölkələrdə bu rəqəm adambaşına 42 dollar, ABŞ-da isə 950 dollar təşkil edir. Qeyd edək ki, müstəqilliyin ilk illərdə Azərbaycanın reklam bazarında qəzetlərin də xüsusi yeri olub. Ciddi qəzetlərdə əksər şirkətlərin yeni kampaniyaları barədə geniş həcmli reklamlar gedib. Bir neçə il bundan əvvəl isə bank sektorunun güclü inkişafda olduğu dövrlərdə qəzetlər heç olmasa, müəyyən həə reklam əldə edə bilirdilər. Amma son vaxtlar bütün bunlar da itirilib. İndi qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər. Amma bunun özü də davamlı deyil. Problem ondadır ki, qəzetlər reklam bazarındakı yerlərini çoxdan itiriblər. Əslində hesablamalar son illər Azərbaycanın reklam bazarının böyüməkdə olduğunu göstərir. Məsələn, əvvəllər mətbuatın reklam bazarının ümumi həcmi 25 milyon dollar idisə, artıq təkcə televiziya və radio kanallarının reklam həcmi 80 milyona çatıb. İqtisadi inkişaf dövrünü yaşayan ölkədə bu, təbii qarşılanmalıdır. Amma bu böyümədən yazılı mətbuata pay düşmür. Belə ki, televiziya və radio kanallarının reklam həcmi artsa da, mətbuat reklamlarının həcmini artıra bilmir, əksinə itirir. Təbii ki, reklam bazarının zəif olmasının səbəbləri araşdırılmalıdır. İndiyədək bu istiqamətdə bəzi cəhdlər edilib. Bəziləri qeyd edilən çətinliklərin siyasi səbəblərinin olduğunu vurğulamağa çalışırlar. Amma bunun əsaslı səbəb olduğunu iddia etmək çətindir. Məsələ bursındadır ki, dövlət Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə qəzetlərə maddi yardımlar edir. Özü də bu yardımlar siyasi mövqeyindən asılı olmayaraq bütün ciddi qəzetlərə edilir. Belə olan halda dövlətin qəzetlərə reklam verilməsini qadağın etməsini düşünmək nə dərəcədə doğru olardı. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da dəfələrlə bu iddianı rədd edib. «Azərbaycan hakimiyyəti heç bir KİV-ə hansısa şirkətin reklam verməsini qadağan etməyib. Belə bir prosedura olmayıb və yoxdur. Şirkətlər prezidentin yardım göstərdiyi qəzetlərə reklam verməkdən çəkinməməlidir. Sadəcə, Azərbaycanda reklam bazarı qeyri-normaldır. Mətbuat bu qeyri-normal vəziyyəti qeyd etməli və onun üzərinə getməlidir. Mətbuat bunu müzakirə etməlidir ki, nəyə görə Azərbaycan kimi iqtisadi cəhətdən dinamik inkişaf edən bir ölkədə reklam bazarı, xüsusən də çap mediasının reklam bazarı bu qədər kasaddır? Bunun səbəblərini araşdırıb ortaya qoymaq lazımdır. Dövlət bu sahədə bir iş görə bilərsə, biz bunu mətbuatla müzakirə etməyə hazırıq» - deyə Əli Həsənov son müsahibələrinin birində vurğulayıb. Qəzetlərdə reklamların az olmasının əsas səbəblərindən biri kimi qəzetlərin oxucu bazasının yetərincə olmaması göstərilə bilər. Heç kimə sirr deyil ki, indi Azərbaycanın ən populyar qəzetləri belə gündəlik 10 min nüsxədən artıq tiraja malik deyillər. Təbii ki, bu faktor reklamların cəlbində öz təsirini göstərir. Ciddi şirkətlər qəzetlərdə gedən reklamların işin gedişinə o qədər də təsir etmədiyini əsas kimi gətirib, reklam verməkdən yayınırlar. Təbii ki, sahibkar reklama pulu daha çox qazanmaq üçün qoyur. Hesablamalara görə, normal şərtlərdə reklama qoyulan 1 manat 2 manat qazanc gətirməlidir. Amma cüzi tiraja malik, satış faizi çox az olan qəzetə reklam verib, bu effekti almaq çox çətindir. Mətbuata reklam cəlb etməyin çətin olmasının başqa bir amili kimi qanunvericilikdəki problemləri göstərmək olar. Mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmurlar. Bu məsələ qəzet redaktorları tərəfindən bir neçə dəfə qaldırılıb. Əgər reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar. Müstəqil mətbuat üçün problem yaradan digər amil ölkədə dövlət strukturlarının hər birinin ayrıca mətbu orqanının fəaliyyət göstərməsidir. Belə olan halda dövlət orqanlarının reklam və elanları məhz həmin qəzetlərdə yer alır. Nəticədə qəzetlər bu sahədəki böyük gəlirlərdən məhrum olurlar. Bu problemin aradan qaldırılması üçün mətbuat Şurası təxminən 2 ilə yaxındır rəsmi elan və reklamların qəzetlər arasında bölüşdürülməsi ilə bağlı qaydalar hazırlamağa çalışsa da, nəticə əldə edə bilmir. Nəticədə qəzetlər reklam bazarının bu böyük seqmentindən gəlir əldə bilmirlər. Başqa bir səbəb kimi, qəzetlərdə peşəkar reklamçıların olmamasını göstərmək olar. Amma bunu səbəb kimi göstərməyə adamın əli gəlmir. Məsələ burasındadır ki, hazırda əksər qəzetlərin reklamdan əldə etdiyi gəlir heç bir işçini saxlayacaq dərəcədə deyildir ki, redaksiyalar reklam şöbəsi üçün peşəkar məziyyətlərə malik işçilər cəlb edə bilsinlər. İstənilən halda, nə dövlət, nə də özəl sektor mətbuatın maliyyələşməsinə, reklamsız qalmasına biganə qalmamalıdır. Sahibkarlar bilməlidirlər ki, onların bizneslərinin inkişafı, normal rəqabət mühitinin formalaşdırılması üçün müstəqil mətbuatın varlığı mühüm əhəmiyyətə malikdir. Dövlət də mətbuatın müstəqilliyini təmin etmək, qəzetlərin ayrı-ayrı siyasi dairələrin əlində oyuncağa çevrilməməyi üçün çalışmalıdır. Reklam sahəsində təcrübəsi olan şəxslər iddia edirlər ki, lazımi dəstək olsa, reklam bazarındakı problemləri həll etmək, bu sahədən böyük miqdarda gəlir əldə etmək mümkündür. Təxmini hesablamalara görə, bəzi subyektiv maneələr aradan qaldırılarsa, Azərbaycanın yazılı mətbuatına illik ən azı 30 milyon manat reklam cəlb etmək olar. Bu isə mətbuatın bir sıra problemlərinin həllinə kömək edə bilər. Milli Mətbuatımızın 135 illik yubileyi ərəfəsində inanmaq istərdik ki, qəzetlərin reklam cəlb etməsindəki çətinliklər qısa müddət ərzində aradan qaldırılacaq.
İlham QULİYEV
URL / WWW
http://www.kaspi.az/news/a-5071.html