Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Dünya
» AKP hökuməti geri çəkildi
27.02.10 14:38
Dövlət çevrilişi ittihamı ilə əlaqədar saxlanılmış 3 general azadlığa buraxıldı
Türkiyədə dövlət çevrilişi hazırlanması işiylə bağlı saxlanılmış 3 yüksək rütbəli general azadlığa buraxılıb. Onlar 4 gün müddətində sorğu-sual olunduqdan sonra azadlığa çıxıblar. Beləliklə, Istanbul məhkəməsi keçmiş Dəniz, Hərbi Hava Qüvvələri və 1-ci Ordu komandanlarına qarşı ittiham irəli sürməkdən vaz keçib. Bundan əvvəl isə 20 digər sabiq və hazırda vəzifədə olan zabit həmin məhkəmə tərəfindən dövlət çevrilişi hazırlığında iştirakda ittiham edilmişdi.
Qeyd edək ki, istintaqın atdığı addım hökümətlə Silahlı Qüvvələr arasında gərginliyi artırıb. Istanbuldan BBC müxbiri Conathan Headin xəbər verir ki, azadlığa buraxılan 3 hərbi komandan mətbuatda çevriliş hazırlığına rəhbərlik edən fiqurlar kimi təqdim edilirdi. İddia edilirdi ki, hərbinin müdaxiləsinə haqq qazandırmaq üçün güya çevriliş planında məsçidlərin partladılması, Yunanıstan hərbi hava qüvvələriylə münaqişə törədilməsi kimi təxribatlar nəzərdə tutulmuşdu.
Silahlı Qüvvələrin hazırkı komandanı irəli sürülmüş iddiaları qeyri-mümkün bir hərəkət kimi rədd edib. Onun qənaətincə, çevrilişlər dövrü artıq keçmişdə qalıb.
Hökümətlə Silahlı Qüvvələr arasındakı münasibətlərdə gərginlik çoxdan mövcuddur. Hakim partiyanın islama yaxınlığı Türkiyə hərbisindəki bəzi zabitlər tərəfindən ölkənin dünyəvi quruluşuna təhlükə kimi qəbul edilir.
Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsində son günlər yaşanan olaylarla bağlı açıqlama verib. Sədri olduğu Ədalət və İnkişaf Partiyasının vilayət başqanlarının genişləndirilmiş toplantısında çıxış edən Ərdoğan hər kəsi ağla-qaranı üzə çıxaracaq istintaq orqanlarına yardımçı olmağa çağırıb. Baş nazir ana müxalifət partiyasının AKP iqtidarını repressiyalarda suçlamasına sərt sözlərlə cavab verib. O, Cümhuriyyət Xalq Partiyasının keçmiş lideri İsmət İnönünün prezidentliyi dövründə ölkədə yaşananları xatırladıb: “Məsuliyyətsiz şəkildə ortalığı qarışdırmağa çalışanlar bu dövlətin faydasına bir iş görmürlər. Malta sürgünlərini xatırladırlar. Bunun bizimlə nə əlaqəsi var? Bunu xatırladanlar 1938-ə dönsünlər. Hörmətli İnönünün prezidentliyi dövründəki Tunceli sürgünlərinə baxsınlar. Daha da irəli gedərlərsə, bunların vəsiqəsini də açıqlayaram. Çünki bu dostlar silkələndikcə ətəklərindən bir şeylər tökülməyə başlayır. Daha töküləcək çox şey var. Mənim millətim bunlara iqtidar vermirsə, bu səbəbdən vermir. Bunları bildiyi, gördüyü üçün vermir”.
Ərdoğan partiyasının Türkiyəyə sabitlik gətirdiyini söyləyib: “Mənim məqsədim nədir? 30-40 il sonra insanlar desinlər ki, bir AKP iqtidarı, bir baş nazir gəlib-keçdi və bütün ürəyini ortaya qoydu, xalqa xidməti haqqa xidmət olaraq gördü, türk millətinin üzünü ağ elədi, iqtidarını yüksəltdi. Siyasətin mərkəzinə insana xidmət etmə anlayışını yerləşdirdi. Diklənmədi, amma dimdik durdu. Əyilmədi, bükülmədi, güzəştə getmədi, demokratiya, hüquq, millət dedi. Dediyinin arxasında durdu. Türkiyəyə bir üfüq cızdı. Allah onlardan razı olsun. Mən bunu istəyirəm. Bunu desinlər, bizə yetər”.
Baş nazir ölkədə istintaq-mühakimə orqanlarının çalışdığını, əksi isbat edilənə qədər kimsənin cinayətkar elan edilməsinin mümkünsüz olduğunu, amma kimsənin də hesab sorulmaz adam olmadığını bildirib. Ərdoğan erkən seçki tələbini səsləndirənlərə də bir daha seçkinin zamanında – 2011-ci ilin ortalarında keçiriləcəyi mesajını verib. O, indidən seçki barədə danışmağın faydasız olduğunu söyləyib: “Davamlı erkən seçkilərin yaşandığı o günlər geridə qalıb. Bu gün içəridən və bayırdan Türkiyəyə baxanlar buranı sabit ölkə olaraq görməyə başlayıblar. Bu ölkədə artıq axşamdan sabaha siyasət dəyişmir. Ürəyi istəyənin seçki elan etdiyi dönəmlər artıq çox arxada qalıb”.
URL / WWW
http://www.kaspi.az/news/a-3050.html