Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəm
» İranda azərbaycanlıların tək istəyi...
24.02.10 05:41
İran əhalisinin dördə birini təşkil edən azərbaycanlıların ana dilində bir dənə də məktəbi yoxdu. Bu ölkədə hələ şah dövründən soydaşlarımızı təhsildən və mədəniyyətindən kənar saxlamaq ənənəsi var
Prezident seçkilərindən sonra etiraz mitiqnqlərinin ara vermədiyi İranda vəziyyət gərgin olaraq qalır. Fasilələrlə davam edən etiraz aksiyaları demək olar ki, ölkənin bütün yerlərini əhatə edir. Özü də yalnız paytaxt Tehranda deyil, həm də ölkənin şimalında, azərbaycanlıların məskunlaşdığı Təbrizdə də belə aksiyalar ara vermir.
Soydaşlarımız seçkilərin nəticələrinə etirazla yanaşı, fars rejimi tərəfindən pozulan hüquqları məsələsini də aksiyalarda qaldırırlar. İran əhalisinin böyük bir qismini əhatə edən azərbaycanlılar illər boyu haqlarının tapdanmasından, xüsusilə də ana dillərinin və ədəbiyyatının orta məktəblərdə tədris edilməsinə yasaqlardan şikayətli olublar. Soydaşlarımız deyirlər ki, rəsmilər azərbaycanlıların etiraz dalğasının qalxmasından ehtiyatlanırlar. BBC-nin əməkdaşı Tom Esslemont da azərbaycanlıların pozulan hüquqları ilə bağlı sərhəddən reportaj hazırlayıb. İranda milli mənsubiyyətinə görə təqib olunan və buna görə Azərbaycana gələn Məhəmməd Rəza Ləvali İranı sentyabr ayında tərk edib. Uzun müddərdir ki, İran hökümətinin tənqidçisi kimi tanınan bu şəxs indi geriyə qayıtmayacağını deyir: "Mən azərbaycan dilində yazırdım və məqalələrimi qəzetlərdə çap etdirirdim. Mən höküməti şiddətli tənqid edirdim. Tezliklə rəsmilər məni həbs etdilər. Mən bir neçə dəfə həbs olundum və həbsdə mənim bədənimə elektrik cərəyanı keçirdilər. İranda insan haqları deyilən məfhum yoxdur. Mən oranı tərk etməli oldum".
İran əhalisinin dördə birini təşkil edən azərbaycanlılar tez-tez onların mədəniyyəti və dilinin İranda məhdudlaşdırılmasından şikayətlənirlər. «Transitions Online» mərkəzinin Qafqaz üzrə layihə meneceri Emin Hüseynzadə deyir ki, azərbaycanlılar və İran rəsmiləri arasında münasibətlər həmişə narahat olub: "Bu hələ şahın dövründən başlayıb. Və azərbaycanlıları təhsildən və mədəniyyətindən kənar saxlamaq bir ənənədir. Onlar öz oğul ya qızlarına azərbaycanlı adı qoya bilməyiblər. İrandakı mədəniyyət azərbaycanlıları farsa çevirməyə məcbur edir. Əslində əsas problem budur". Azərbaycan dilində olan televiziya proqramları İranın Səhər TV kanalı vasitəsilə yayımlanır. Bu kanal isə yalnız İran hökümətinin bayağı təbliğatını aparmaqla məşğuldur.
İranda azərbaycanlıların problemlərindən ən əsası ana dili ilə bağlıdır. Bununla bağlı «Amerikanın səsi»nə müsahibə verən Fərhad Qabusi İranda Ana dili problemi məsələsini qabardıb. Fizik və dil üzrə tədqiqatçısı olan bu şəxs “Azəri Dili” adlı məqalənin müəllifidir. Almaniyanın Konstans şəhərinin Politeknik Universitetində dərs deyən Qabusinin fikrinə görə, dil insanları biri-birinə yaxınlaşdıran bir amildir. O, ana dilinin və ana dilində təhsilin önəmini xüsusi ilə vurğulayır və deyir ki, tələbə elmi ən yaxşı öz ana dilində öyrənə bilər. Qabusi əlavə edir ki, insanın ana dilində təhsil almaması, həm onun həm də ölkədə elmin inkişafının qarşısını alır. Buna görə də İran fəsəfə və riyaziyyat sahəsində lazımi qədər inkişaf edə bilməyib. Çünki, ki İranda yaşayanların çoxu öz ana dillərində təhsil ala bilmirlər. Alimin fikrinə görə, dünyanın bir çox ölkələrində etnik qrupların dilləri azaddır və bu mövzu problemə səbəb olmur. Amma İrandakı vəziyyət ölkənin və əhalinin inkişafının qarşısını alır. Qabusiyə görə, İran hökuməti İranın inkişafını istəyirsə, fars dilindən ayrı dilləri təhlükə kimi görməməlidir.
İranda azərbaycanlıların tək istəyi türk dilində yazmaq və oxumaqdır. Məsələn, Əsgər Əkbərzadə İranda siyasi fəaliyyətinə görə həbs olunan onlarla azərbaycanlıdan biridir. Azərbaycan türkcəsində təhsil hüququ uğrunda hərəkatın fəalı kimi tanınan Əkbərzadəyə 2008-ci ildə İslam İnqılabı Məhkəməsi 5 il həbs cəzası verib. O, Azərbaycan Milli Hərəkatı adlı qrupun təşkilində iştirakda, «pantürkist» bəyanatlar, elanlar yaymaqda, «qanunsuz» yığıncaqlara qatılmaqda günahlandırılır. Azərbaycanlı fəal həm də dövlətçiliyə qarşı antitəbliğat aparmaqda və İranda etnik qarşıdurma yaratmağa cəhddə ittiham olunur. Məhbusun anası isə deyir ki, oğlunun həbsinin yalnız bir səbəbi var - ana dilində təhsil istəyi.
Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının mətbuat katibiü Vahid Qarabağlı deyir ki, indi İranda əsas tələbi ana dili olan azərbaycanlılardan ibarət hərəkatın həbsdə olan üzvü təkcə Əsgər Əkbərzadə deyil: «Hazırda İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir. Elə məhz bu tələblərinə görə insanlar həbs olunur, işğəncələrə məruz qalırlar. Bu cür fəalların dəqiq sayını belə demək mümkün deyil. Amma aralarında hətta mollalar da var, başqa sözlə, ana dilini tələb edən dindarlar da var.
İranda ən böyük etnik qrup olan Azərbaycan türklərinə ana dilində təhsil almaq ölkə konstitusiyasına görə icazə verilsə də, bunu edən fəallar təqib olunur, həbs edilirlər. Buna baxmayaraq, sayca 20-35 milyon olduğu ehtimal olunan Azərbaycan türkləri zaman-zaman hüquqlarının bərpası tələbi ilə aksiyalar, mitinqlər və digər tədbirlər keçirirlər. Elə əksər həbslər də bu tədbirlər zamanı həyata keçirilir. Amma fəallar öz tutduqları yoldan geri çəkilmir.
Fevralın 19-da Təbrizin «Traktorsazi» futbol komandasının Kərəc şəhərində keçirdiyi oyunda hər dəfə olduğu kimi, azarkeşlər ana dilində təhsil tələbi ilə bağlı şüarlar səsləndiriblər. Fevralın 21-də isə fəallar müxtəlif şəhərlərdə milli şüarlar yazılmış bəyanatlar, qələmlər paylayıblar. Amma bu da asan başa gəlməyib: «Polis və əsgərlər şəhəri nəzarətə alıblar. Yüzlərlə əsgərin əlində silahlar da olub ki, lazım gəlsə istifadə etsinlər. Bizə gələn məlumata görə, Təbrizdə bəzi fəalları tutublar, amma hələ onların kimliyini dəqiqləşdirə bilməmişik».
Azər NURİYEV
URL / WWW
http://www.kaspi.az/news/a-2997.html