Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Siyasət
» Ermənistan yenə gərginlik içində
23.02.10 00:00
Ermənistan parlamentində Türkiyə ilə imzalanan protokollar gərginlik yaradıb
Parlament Ankara-Yerevan protokollarının öyrənilməsi məqsədilə həftənin sonunadək işçi qrup yaratmaq qərarına gəlib. «News.am» saytının yaydığı xəbərə görə, bu haqda jurnalistlərə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Rustamyan məlumat verib. Onun sözlərinə görə, işçi qrupun tərkibinə parlamentdə təmsil olunan hər partiyadan bir nəfər daxil olacaq. «Xarici əlaqələr komissiyası protokolların müzakirəsinə yalnız işçi qrupun qiymətləndirməsindən sonra başlayacaq», - deyə parlamentari bildirib. «Bundan sonra protokollara komissiya qiymət verəcək, daha sonra isə o, parlamentin müzakirəsinə çıxarılacaq. Biz heç yerə tələsmirik», - deyə A.Rustamyan qeyd edib.
Sürix protokollarının öyrənilməsinə başlayan «Daşnaksütyun»un parlament fraksiyası da öz rəyini açıqlayıb. Fraksiyanın rəhbəri Vaan Ovannisyan parlamentin dünən öz işinə başlamış toplantısında bildirib ki, onlar protokolları tam öyrəniblər və belə qənaətə gəliblər ki, sənəd natamamdır. «İrs» partiyasının deputatı Armen Martirosyan isə Sürix protokollarının nə zaman müzakirəyə çıxarılacağına dair sualla spiker Ovik Abramyana müraciət edib. Spiker bildirib ki, ötən həftə xarici məsələlər komissiyasının iclasında bu məsələyə toxunulub: «Komissiya müzakirələr üçün vaxt alıb və həmin müzakirələrin başa çatmasından sonra müvafiq açıqlama veriləcək. Odur ki, komissiyanın hansı nəticəyə gələcəyini gözləyəcəyik. Müzakirələr yalnız bundan sonra başlanacaq». Yeri gəlmişkən, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu “Hürriyət” qəzetinin köşə yazarı Ferai Tınça açıqlamasında deyib ki, Türkiyə ilə Ermənistan arasında protokollar dalana dirənsə, ABŞ-da proseslər iki istiqamətdə davam edəcək. Onun sözlərinə görə, ilk istiqamət Barak Obamanın aprelin 24-dəki açıqlamasıdır: “Bu açıqlama çox önəmlidir. Amma Türkiyə ilə münasibətləri və son dövrdəki gözləntiləri təhlükəyə atmamaq üçün Barak Obama çöx böyük ehtimalla “soyqırımı” ifadəsindən istifadə etməyəcək”. Faruk Loğoğlunun fikrincə, ikinci istiqamət ABŞ Konqresidir. O bildirib ki, qondarma soyqırımı iddialarının yer aldığı qanun layihəsini keçirmək üçün erməni lobbisi və onların siyasi tərəfdaşları Konqresə təzyiq göstərəcəklər. Diplomat hesab edir ki, bu dəfə erməni dəstəkçilərinin şansları daha yüksəkdir. Çünki “erməni açılımı” dalana dirənib: “ABŞ-dakı yəhudi lobbisi “itirildiyi” üçün bu dəfə qanun layihəsinin qarşısını alacaq bir hərkəteverici qüvvə qalmayıb. Amma bu qərar keçsə belə, ABŞ Türkiyə ilə əlaqələrinə böyük bir zərbə vurulacağını düşünmür. Bəlkə İncirlik bazasının bağlanması kimi etiraz ortaya çıxa bilər. Lakin qanun layihəsinin qəbulu silah alveri də daxil olmaqla ticarət əlaqələrinə təsir etməyəcək”. Türkiyəli diplomat hesab edir ki, ermənilər qondarma soyqırımı iddialarının ABŞ Konqresindən keçirilməsi ilə kifayətlənməyəcəklər. Çünki Ermənistanın Konstitusiyası və müstəqillik haqqında bəyannaməsində tək prinsip "soyqırımı"nın tanınması deyil: “Ondan sonra torpaq tələbi gündəmə gələcək. Bu da son deyil. Mülkiyyətlə bağlı təzminat tələbləri də Türkiyənin qarşısına çıxarılacaq”. Faruk Loğoğlu Türkiyə-Ermənistan münasibətləri ilə Dağlıq Qarabağ münaqişəsi arasındakı əlaqəyə də toxunub. Onun fikrincə, bu məsələ protokollarda öz əksini tapmayan ən vacib məqamlardan biridir: “Dağlıq Qarabağ məsələsi protokollara daxil edilməliydi. Hər halda, Türkiyə hökuməti ABŞ və Rusiyadan vədlər aldı və inandı. Bu, səhv idi. Bundan sonra əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinə verməklə Birləşmiş Ştatları problemin həllinə məcbur etmək lazımdır”. Öz növbəsində Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komissiyasının həmsədri, sabiq xarici işlər naziri Yaşar Yakış hesab edir ki, Ermənistan hökumətinin və Konstitusiya Məhkəməsinin Ankara-Yerevan protokollarına dəyişiklik etməsindən sonra Türkiyə parlamenti onları təsdiqləməyəcək. Sabiq nazir bildirib ki, Ermənistan Türkiyə ilə imzaladığı protokolların Konstitusiya Məhkəməsinin etdiyi dəyişiklikləri Ankaraya qəbul etdirməyi düşünürsə, yanılır. Ankara heç vaxt bu dəyişiklikləri qəbul etməyəcək”. Yakış hesab edir ki, Türkiyə beynəlxalq praktikada hər hansı beynəlxalq sənədi imzaladıqdan sonra onu ölkənin daxili qanunverici orqanı tərəfindən birtərəfli şəkildə dəyişdirilməsi praktikası mövcud deyil: “İmzalanan hər hansı bir beynəlxalq sənədin daxili orqanlar tərəfindən dəyişdirilməsi sonda siyasi xaosa yol açar”. Yakışın bildirib ki, Türkiyə hökuməti Ankara-Yerevan protokollarını Ermənistan Konstitusiya Məhkəməsi ilə deyil, Ermənistan hökuməti ilə imzalayıb və Konstitusiya Məhkəməsinin çıxardığı qərar Yerevanın daxili işidir: “Bunun Ankaraya heç bir aidiyyatı yoxdur”.
Sabiq nazir onu da qeyd edib ki, əgər Ermənistanın imzalanan protokollarla bağlı narazılığı vardısa, onu indi yox, protokollar müzakirə edilən zaman qeyd etməli idi. Yakışın sözlərinə görə, ölkənin baş naziri protokolların ratifikasiya məsələsini parlamentə çıxarsa belə, türk millət vəkilləri Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət irəliləyiş olmadan, protokolları təsdiq etməyəcək. “Əgər türk deputatlar “Dağlıq Qarabağ məsələsi həll edilmədən protokolları təsdiq etməyəcəyik” deyirlərsə, buna nə baş nazir, nə xarici içlər naziri, nə də ölkə prezidenti bir şey edə bilər. Türkiyə Dağlıq Qarabağ məsələsinə həssas yanaşdığını dəfələrlə bildirib və bu hamıya aydındır” - deyə sabiq nazir qeyd edib.
Azər NURİYEV
URL / WWW
http://www.kaspi.az/news/a-2981.html