Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Mədəniyyat » Sənubər İsgəndərli reyissorluq edəcək
27.10.09 05:21

Onu bu peşəyə Ülviyyə Könül meyilləndirib

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli reyissorluq edəcək. Bu barədə danışan aktrisa bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Vəkil hekayələri" adlı film çəkilir. Filmə əsas reyissorluğu klipmeyker Ülviyyə Könül edəcək: "Əvvəlcə qeyd edim ki, Ülviyyə xanım ilk dəfə mənim "Məhəbbət olmayanda" klipimi çəkməklə reyissorluq işinə başlayıb. Bu klip ona reyissor kimi uğur gətirdiyindən mənə həmişə deyir ki, "sən mənim talismanımsan". Ona görə də sözügedən filmin ikinci reyissoru kimi məni həmin filmdə görmək istədi və mən məmnuniyyətlə razılığımı bildirdim".Qeyd edək ki, sözügedən film komediya yanrındadır və Ramiz Fətəliyevin ssenarisi əsasında hazırlanır. Sənubər xanım filmdəki ilk reyissorluq peşəsinin öhdəsindən layiqli gələcəyini bildirdi. Aktrisa eyni zamanda düşünür ki, onun reyissorluğu kimlərisə qıcıqlandıracaq: "Bir peşə sahibinin müxtəlif fəaliyyət növü ilə məşğul olmasına insanlar birmənalı yanaşmırlar. Bu gün aktrisalar arasında müğənnilik, teleaparıcılıqla məşğul olanlar az deyil. Mən bu seçimə pis yanaşmıram. Lakin o məqamda danışıram ki, həmin insanın təqdimatı uğurlu alınmasın. Əgər mənim peşəm aktyorluqdursa, mən mahnı da oxuya bilərəm, qiraət ustadı kimi də yetişə bilərəm. Çünki bunlar mənim sənətimin bir qoludur. Amma bunu ağılla etməliyəm. Əgər həmin istedadı özümdə görmədən meydana atılıramsa, tənqidə də hazır olmalıyam. Reyissorluq işinə gəlincə, qeyd edim ki, sənətdə olduğum uzun illər ərzində mən kino və ya teatr reyisorları ilə çalışmışam. Reyissorlar bizim işimizi, biz isə reyissorların işinə yaxından bələdik. Bəzən hansısa məşq zamanı aktyor reyissora hansısa məqamda kömək olur. Bu səbəbdən özümü bu peşədə görmək istədim".
Sənubər xanım deyir ki, əgər onun ilk işi uğurlu nəticə verərsə, gələcəkdə bu istiqamətdə çalışmağı qarşısına məqsəd qoyur: "Demirəm ki, aktyorluq peşəsini atacam. Əksinə, səhnədə oynamaqla yanaşı, hansısa xırda bir əsərin kino həllini tapmasında öz imkanlarımı səfərbər edəcəm".
Söhbət zamanı aktrisa teatr reyissoru kimi çalışmaq istəmədiyini sözünə əlavə etdi. Söylədi ki, uzun illərdir teatr reyissorları ilə eyni teatrda çalışmasına baxmayaraq, özünü bu sahədə sınamayıb: "Ülviyyə xanımın bu təklifi mənə bir stimul verdi. Bilirəm ki, gələcəkdə hansısa bir filmin ekranlaşdırılmasına başlasam, bunun öhdəsindən gələ biləcəyəm. Lakin teatr reyissoru olmaq barədə heç vaxt düşünməmişəm. Filmə gəlincə, mən böyük ekran əsərləri ekranlaşdırmaqdan danışmıram. Kino sahəsində 40-50 dəqiqəlik filmlər var ki, özümü bu sahədə sınamaq istəyirəm".

S.İBRAHİMOVA
URL / WWW
http://www.kaspi.az/news/a-298.html