Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Dünya » Cənnətdə fəlakət
23.02.10 14:54

Portuqaliyanın Madeyra adasında yerli sakinlər və turistlərin çoxu ərzaqsız və susuz qalıb

Fevralın 20-də tüğyan edən fırtınalar və torpaq sürüşmələrində ən azı 38 nəfərin həlak olduğu xəbər verilən Portuqaliyanın Madeyra adasına xüsusi xilasetmə dəstələri göndərilib. Bütün sahil boyunca daşqınlar və torpaq sürüşmələri adanın paytaxtı Funçalda güclü dağıntılara səbəb olub. Portuqaliyanın baş naziri adaya səfər edərək, bütün lazımi yardımın göstəriləcəyini bildirib.
Madeyra iyirmi ildən bəridir ki, belə dəhşətli fırtınaya məruz qalmamışdı. Yollar bağlanıb, evlər və körpülər darmadağın olub, elektrik kabelləri qırılıb. Həm yerli sakinlər, həm də turistlərin çoxu ərzaqsız və susuz qalıb.
Denis Fretas ən dağıdıcı təsirə məruz qalmış paytaxt Funçalda yaşayır. O bildirib ki, indi paytaxt “ruhlar şəhəri”ni xatırladır: “Bu qədər çox sayda yolun bağlanması səbəbindən indi bunların təmizlənməsi və hər şeyin yenidən tikilməsinə uzun müddət vaxt tələb olunacaq. Yerli sakinlərin və turistlərin gəzməyi xoşladıqları dəniz sahilindəkı bulvar tamamilə suya qərq olub”.
Adaya baş çəkən baş nazir Xose Sokrates dağıntıların miqyasından sarsıldığını deyib: “Birincisi, mən buraya Madeyra şəhəri və madeyralılarla həmrəyliyimizi nümayiş etdirmək üçün gəlmişəm. Biz bura köməyə gəlmişik, bu vəziyyəti aradan qaldırmaq üçün lazım olan hər bir yardımı göstərəcəyik”. Madeyra regional hökümətinin prezidenti Joao Xardim önəmli olan yerli xidmətlərin fəaliyyət göstərdiyini bəyan edib: “Biz bu qurumların fəaliyyətini davam etməsini təmin etməyə və hətta zərbəyə məruz qalmış küçələrdəki bazarların açıq saxlanılmasına lazım olan hər bir şeyi edirik. Biz bunun turizmə necə təsir edəcəyini bilmirik, amma vəziyyəti həddən artıq dramatikləşdirməyə heç bir ehtiyac yoxdur”.
Xardim artıq Lissabondan adaya tibbi yardımla dolu donanma gəmisinin göndərildiyini bildirib. Onun sözlərinə görə, iki helikopter və “Herkules” nəqliyyat təyyarələri də yoldadır.
Ordu dağıntıların qalıqlarını təmizləmək üçün komandalar yaradıb və itkin düşənlərin axtarışı başlayıb. Daxili İşlər Naziri Rui Pereyra deyib ki, yardım edən xilasetmə işçilərinin sayı artırılacaq: “İki komanda və itlərlə yola düşən heyət də itkin düşənlərin izlərini axtarmağa başlayacaq. Biz 2 komandadan ibarət olan yanğınsöndürənləri dənizdə olan meyitləri çıxarmağa yollayacağıq. Və ekspertiza institutundan olan həkimləri onların təcili autopsiyasını keçirməyə səfərbər edəcəyik ki, onların dəfn mərasimləri mümkün qədər tez keçirilisin".
Bu təbii fəlakətdən sağ qalanları qarşıda hələ də çətin və ağrılı günlər gözləyir. Yüzlərlə evsiz-eşiksiz qalan insan hərbi düşərgələr və ya müvəqqəti sığınacaq yerlərində gecələyir. Xilasetmə əməliyyatları isə pis hava şəraitinə görə ləngiyir. Adanın rəsmiləri insanlara küləklər bir qədər səngiyənədək evdə qalmağı məsləhət görüblər.
URL / WWW
http://www.kaspi.az/news/a-2968.html