Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Köşə
» Keşikçi itləri
17.02.10 08:11
İngilis dilində maraqlı bir söz, daha doğrusu, dəbə düşmüş ifadə var – “watchdogs”, onun dilimizdə qarşılığı “keşikçi itləri” anlamına gəlir. Söhbət küçə, ov, ya da ki, çoban itlərindən getmir. Sadəcə olaraq, dünyada hüquq müdafiə qrupları, ictimai rəyi öyrənən media təşkilatları belə adlandırır. Bu təsnifatda hansısa təşkilatın yer alması onun missiyasından xəbər verir və heç biri “watchdog” adlandırılmasını özü üçün təhqir hesab etmir, əksinə...
Öz hesabatlarında Azərbaycana da gen-bol yer ayıran bu «keşikçi itləri» hansılardır? “Human rights Watch”, “Freedom House”, “Article 19”, CPJ (Committee Protect Journalists), “Amnesty International” və s. Bu təşkilatlar o qədər “sayıqdırlar” ki, məsələn, ölkədə hansısa jurnalistlə bağlı xırda bir insident baş verər-verməz rəsmi açıqlamadan əvvəl onların bəyanatları eşidilir. Nəzərə alaq ki, onların əksəriyyətinin mənzil qərargahı Birləşmiş Ştatlarda yerləşir və bunun üzərinə ölkələrimiz arasındakı 12 saatlıq zaman fərqini gəlsək belə, «sayıqlığa» heyrətlənməmək olmur. Bu bəyanatlar da elə bil standart qəlpdən çıxıb, hələ rəsmi versiya olmadan hakimiyyət strukturları, ölkənin məhkəmə sistemi qərəzçilikdə, azad sözə və mətbuata təsir göstərməkdə ittiham olunur. Sonradan sular durulduqda məsələnin adi xuliqanlıq halı, ya da ki məişət zəminində hansısa adi bir detal olduğu aydınlaşır, amma “keşikçi itlər” susmurlar, əksinə, xırda məsələ böyüyür, bəyanatlardan hesabatlara keçir, beləliklə, beynəlxalq ağlaşma kampaniyası start götürür.
Bu təşkilatların çağırışları eyni olsa da, həm rəngarənglik, həm də özlərinin əhəmiyyətini qabartmaq baxımından hədəflərinə müxtəlif aspektlərdən yanaşırlar. Məsələn, elə son günlər əgər “Human rights Watch” Rusiyanı hüquq müdafiəçilərinin fəaliyyətinə şərait yaratmağa çağırırsa, bunun ardınca “Article 19” rəsmi Moskvanın mediaya münasibətindən gileylənir. Az keçməmiş “Amnesty International” “vicdan məhbusu” axtarışına çıxır, elə bil bu təşkilatların qarşısına plan qoyulub – biri mətbuatın vəziyyətindən narahat olursa, o biri mütləq orada “siyasi” və ya “vicdan” məhbusu tapmalıdır, CPJ isə mütləq həmin ölkənin səfirliyi qarşısında 3-5 nəfərdən ibarət aksiya keçirməlidir, əks təqdirdə sinxronlaşma pozula bilər.
Azərbaycana gələndə “keşikçi itlər” içərisində ən çox fəallıq göstərəni “Freedom House”dur. Onun ölkəmizə münasibəti o qədər “çevikdir” ki, elə bil kimsə Bakıda oturub mənzil qərargahı Vaşinqtonda yerləşən bu təşkilatın adından bəyanatlar yazır. “Freedom House”un son hesabatı isə tək öz qərəzliliyi ilə deyil, həm də Azərbaycan xalqına və dövlətinə düşmən münasibəti ilə yadda qaldı. Təşkilatın rəsmi saytında yerləşdirilən “Map of Freedom” (“Azadlıq xəritəsi”) adlı xəritədə Dağlıq Qarabağ mübahisəli ərazi kimi göstərilib. Sual yaranır: Qarabağ nə vaxtdan ölkə olub?
“Freedom House” Qarabağla yanaşı, Gürcüstanın separatçı regionları Cənubi Osetiyanı və Abxaziyanı da ölkə kimi təqdim edir.
Təəssüf doğuran məqamlardan biri də odur ki, bir sıra müxalifət qurumları və QHT-lər “Freedom House”un hazırladığı hesabatlara istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirməyə çalışırlar.
Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyən bir təşkilat ölkəmizlə bağlı qərəzli hesabat hazırlayırsa, bu hesabata istinad edərək Azərbaycan reallıqlarını dəyərləndirmək nə dərəcədə doğrudur?
Prezident İlham Əliyev bu qəbildən olan rəyləri Azərbaycana təsir göstərmə cəhdi kimi qiymətləndirir: “Bəzi dırnaqarası insan haqları qrupları bizim qonşuluqda vətəndaş hüquqları və demokratiya ilə bağlı baş verən böyük pozuntuları görmür, ancaq Azərbaycanda kiçik bir hadisə şişirdilir və biz dərhal tənqid olunuruq. Biz bunu ölkəmizə təsir göstərmək siyasəti kimi qəbul edirik. Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır”.
“Freedom House” digər «keşikçi itlər»dən fərqləndirən yeganə cəhəti bu təşkilatın hər il dünya üzrə ölkələrin azadlıq dərəcəsini müəyyənləşdirməsidir. Hələ bu vaxta kimi bu dərəcənin hansı metodika əsasında müəyyənləşdirilməsi barədə açıqlama verilməməsi meyarların subyektiv olduğunu və nüfuzlu dairələr tərəfindən ciddi qəbul edilmədiyini təsdiqləyir. Məsələn, təşkilatın son hesabatında Gürcüstan 4.4 balla “qismən azad ölkə”lərin siyahısında yer alıb. Maraqlıdır ki, bu ölkənin separatçı əraziləri olan Abxaziya “qismən azad”, Cənubi Osetiyanı isə «qeyri-azad» ərazi hesab edilir. Prezident seçkiləri dövründə müxalifət fəallarının qətlə yetirilməsinə, kütləvi həbslərə baxmayaraq, Ermənistan da “qismən azad” ölkələr cərgəsindədir. Belə olan təqdirdə “Freedom House” “ekspertləri”nin Azərbaycanı “qeyri-azad” ölkə hesab etməyə haqqı çatırmı?
Qərəzçilikdə və Azərbaycana düşmən münasibətdə təkcə “keşikçi itləri” qınamaq, yumşaq desək, insafsızlıq olar, axı itlər sahibsiz olmur...
Ölkənin beynəlxalq imicini ləkələməyə cəhd göstərən bu qruplara ən tutarlı cavabı və layiq olduqları qiyməti elə Azərbaycanın prezidenti verir: “Əgər biz müstəqil siyasətimizi müstəqilliyimizin ağır illərində qoruya bildiksə, bu gün istənilən tərəfin dırnaqarası demokratiya amilindən istifadə edərək, Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı olmayacağımız məsələlərə razı salmaq məqsədi daşıyan cəhdlərinə müqavimət göstərmək bizim üçün daha asandır”.
URL / WWW
http://www.kaspi.az/news/a-2934.html