Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəm » Konstitusiyaya uyğun olaraq bir sıra qanunvericilik aktları dəyişdirildi
13.02.10 16:54

Milli Məclis "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "İnformasiya əldə etmək haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklər etdi

Fevralın 12-də Milli Məclis ölkə Konstitusiyasına ötən ilin 18 mart referendumunda edilən əlavə və dəyişikliklərlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklikləri müzakirəyə çıxardı. Bu barədə məlumat verən Milli Məclisin İnsan haqları Komitəsinin sədri Rəbiyyət Aslanova təqdim olunan sənəddə "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "İnformasiya əldə etmək haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklərin təklif olunduğunu bildirdi.
O qeyd etdi ki, "KİV haqqında" qanuna təklif olunan əlavədə "əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənməsi, video və foto çəkilişinin, səs yazısının aparılması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur" fikri yer alır. Komitə sədri qeyd etdi ki, müxalifəti təmsil edən millət vəkilləri müxtəlif media orqanlarına müsahibələrində təkliflərin əleyhinə çıxsalar da, komitənin iclasında layihənin Milli Məclisin plenar iclasına çıxarılmasına səs veriblər. Müzakirələrdə çıxış edən Müsavat deputat qrupunun təmsilçisi, millət vəkili Pənah Hüseyn təklif olunan dəyişikliyin birbaşa yurnalist hüquqlarının məhdudlaşdırılmasına yönəldiyini bildirdi. Onun sözlərinə görə, bu qanun qəbul olunduqdan sonra yurnalistlərə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmaq mümkün olacaq.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də P.Hüseynlə həmrəy oldu. O qeyd etdi ki, qanun təklif olunan variantda qəbul olunarsa, millət vəkili Milli Məclisin iclası zamanı etdiyi çıxışın ondan icazəsiz video yazısının aparılmasına görə yurnalisti məhkəməyə verə bilər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müxalifətçi deputatların fikirləri ilə razılaşmadı. O qeyd etdi ki, ayrı-ayrı şəxslərin ictimai fəaliyyəti ilə şəxsi həyatı bir-birinə qarışdırılmamalıdır. Konstitusiyaya xalqın razılığı ilə edilən əlavədə də vətəndaşların şəxsi həyatına müdaxilənin qarşısının alınması nəzərdə tutulub. Z.Əsgərov əlavə etdi ki, Avropa Şurasının İnsan Haqları Konvensiyasında göstərilir ki, heç kim vətəndaşın şəxsi həyatına onun icazəsi olmadan müdaxilə edə bilməz. Onun sözlərinə görə, təklif olunan əlavədə söhbət təkcə məmurlardan deyil, bütün vətəndaşlardan gedir. Yəni bu qanun müxalifətçi millət vəkillərinin hüquqlarını da qoruyacaq.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da birinci vitse-spikerlə həmrəy oldu. O qeyd etdi ki, Konstitusiyada əksini tapmış müddəalar mütləq digər qanunvericilik aktlarında da yer almalıdır: "Təklif olunan əlavə qətiyyən yurnalistlərin imkanlarının məhdudlaşdırılmasına yönəlməyib. "KİV haqqında" qanun məmurların fəaliyyətinin yurnalistlər tərəfindən izlənməsi ilə bağlı heç bir məhdudiyyət qoymur. Müxalifət təmsilçiləri guya yurnalistlərin hüquqlarını müdafiə edirmiş kimi görünməklə əslində öz korporativ maraqlarını güdürlər".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də hələ referendum ərəfəsində bu dəyişikliyin tərəfdarı kimi çıxış etdiyini bildirdi. Onun sözlərinə görə, bəzilərinin qanun layihəsi ilə bağlı etirazlarını anlamaqda çətinlik çəkir: "Bizim keçmiş həmkarımız Əliməmməd Nuriyev vaxtilə həmişə dənizə saat 6-dan sonra çimməyə getməyimizi təklif edirdi. Səbəb kimi də çimərlik paltarında heç kimin gözünə görünməmək istəyini gətirirdi. İndi görürəm ki, o da təklif olunan əlavəyə etiraz edir. Əslində bu əlavə onun ehtiyat etdiyi halların aradan qaldırılmasına yönəlib".
Milli Məclisin sədri Oqtay Əsədov da deputatların bu kimi hallarda təbii çətinliklərlə üzləşdiyini dedi və bir misal çəkdi: "Keçən çağırış millət vəkilləri öz aralarında futbol oynayırdılar. Bir gün məlumat yayıldı ki, bir yurnalist deputatların futbol oynadığı meydançaya gəlib onların futbol geyimlərində şəkillərini çəkib. Hamı narahat olmağa başladı. Deputatların arasında müxalifətçilər də var idi deyə o şəkillər mətbuatda yayılmadı".
Müzakirələrdən sonra təklif olunan əlavə və dəyişikliklər qəbul edildi.


İlham QULİYEV
URL / WWW
http://www.kaspi.az/news/a-2917.html